Onlayn ictimai-siyasi qəzet
Məşhur “Padişah” restoranının bağlanmasının səbəbi məlum olub. Obyektin ikinci mərtəbəsi qanunsuz tikilibmiş.
Musavat.com-un əldə etdiyi məlumata görə, “Elmlər Akademiyası” metrostansiyasının çıxışında yerləşən restoranın ikinci mərtəbəsi qanunsuz olaraq inşa edilibmiş. Buna görə də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən restoranın fəaliyyəti dayandırılıb.
Açılan cinayət işi üzrə müəyyən edilib ki, restoran bir mərtəbəli olan zaman qanunsuz olaraq dəmir konstruksiya ilə ikinci mərtəbə inşa edilib. Bu zaman FHN-dən müvafiq icazə alınmayıb.
FHN yoxlama zamanı belə qənaətə gəlib ki, aparılan yenidənqurma işləri bina tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyi üçün həmin binada işləyən, hər hansı əsaslarla xidmət göstərən və müştəri kimi gələn insanların həyat və sağlamlığı üçün real təhlükə yaradırmış.
Açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində obyektin sahibi 57 yaşlı Yusif adlı şəxs dindirilən zaman deyib ki, əlavə mərtəbənin tikintisi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılıbmış. Lakin FHN-dən icazə alınmayıb.
Obyektin sahibi Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. O, qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin icazə almadan özbaşına mövcud tikilinin konstruksiyasında dəyişiklik etməklə apardığı yenidənqurma işləri insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığı üçün məhkəmənin hökmü ilə cəzalandırılıb. Məhkəmə onun barəsində aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
İlkin Muradov
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ