İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məşədi Dadaş” məscidinin əvvəlki imamları geri çağırılır?

“Hesab edirik ki, “Məşədi Dadaş” məscidinə, ola bilsin, bir neçə imam təyin olunsun".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, “Məşədi Dadaş” məscidinə imam təyinatı həyata keçirilərkən qanunun tələblərinə əməl edilib.

“Orada ”Məşədi Dadaş" icmasının üzvləri ilə görüş keçirmişik, eyni zamanda, rəhmətlik Hacı Şahinə köməklik edənləri də dəvət etmişik, görüşüb söhbətlər aparmışıq. “Məşədi Dadaş” məscidinə təyin olunan imam da ali təhsilli, tanınmış, eyni zamanda, yeni cameədə nüfuzu olan şəxslərdəndir. 10 ilə qədər Bakı İslam Universitetində müəllim işləmiş, həmçinin bir neçə məsciddə imamlığı yerinə yetirmiş tanınmış din xadimimizdir. Bu seçim də köçürmə yolu ilə olub. Qanuna görə, dini ayinləri icra edən imam mütləq imtahandan keçməlidir. Əli Şərbətov da həm imtahandan keçib, həm uzun müddətlik imamlıq təcrübəsi var. Əli Şərbətova qədər imamlıq vəzifəsini icra edən şəxs də imtahan verəcək və müsahibədən keçə bilsə, təyin olunacaq. Hesab edirik ki, “Məşədi Dadaş” məscidində ola bilsin bir neçə imam təyin olunsun. Qadın dini ayin icraçısı da ali təhsilidir və o da bu günlərdə fəaliyyətini davam etdirəcək", - deyə o qeyd edib.

Eyni məsciddə bir neçə imam ola bilərmi? Azərbaycanda indiyədək belə bir təcrübə olubmu? Effekti, səmərəsi nə olacaq? Bu çıxış yoludurmu? İlahiyyatçılar nə düşünür?

Məsələ ilə bağlı Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, bu bir çox ölkələrin təcrübəsində var: “Misal üçün, qardaş Türkiyədə və ərəb ölkələrində də belə bir təcrübə mövcuddur. Böyük məscidlərə, əhali kütləsi böyük olan məscidlərə bəzən bir neçə imam təyin olunur. Bunun da səbəbi odur ki, bu cür məscidlərdə işlər daha çox olur və buna görə də belə addımlar atılır. Əvvəllər bir imam və müavin olurdu. “Heydər” məscidi və digər məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərirdi. Bu gün də məscidlərdə bir neçə imamın fəaliyyət göstərməsi normaldır. Eyni zamanda, iri məscidlərə kişi din xadimi ilə yanaşı, mütləq qadın din xadiminin də təyin olunmasına ehtiyac var.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Hacı Şahin kimi din xadimlərinə ehtiyac var”

Digər məsələyə gəldikdə isə burada bir neçə məqam nəzərə alınmalıdır. Bu gün bizim cəmiyyətimizdə  kütlə arasında böyük nüfuzu, hörməti olan dini liderlərə çox böyük ehtiyac var. Bu gün kimsə böyük yol keçə bilər, məsciddə işləyə bilər, müəllim də, din xadimi də işləyə bilər. Hesab edirəm bu gün bizim üçün ən önəmli məsələlərdən biri din xadimi təyin edilən şəxslərin həm də insanlarla işləmək, dil tapmaq bacarığıdır. Kütləni ətrafına yığmaq qabiliyyətidir. Bu gün qarşımızda duran ən mühüm vəzifələrdən biri din xadimlərinin insanlarla işləməyi bacarması və onları öz ətrafına toplamasıdır. Bu məsələ nəzərə alınmalıdır. Hacı Şahin bunu edə bilirdi. Ona görə də ətrafına kifayət qədər insan toplaya bilmişdi. Fikrimcə, bu məqamları da nəzərə almalıyıq".

resul mirhesim.jpg (174 KB)

Rəsul Mirhəşimli: “Sanki kimlərsə məsələni qəsdən manipulyasiya həddinə çatdırıb narazılıq salmağa çalışır”

İlahiyyatçı Rəsul Mirhəşimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, “Məşədi Dadaş” məscidinə imam təyinatı barədə narazılıq davam edirsə, demək, problem həll edilməyib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi bu məsələyə münasibətini açıqlayanda imam təyinatının qanuna uyğun həyata keçirildiyini bildirir. Aydındır ki, məscidlərdə imam təyinatı ”Dini etiqad azadlığı haqqında" Qanunun tələblərinə uyğun aparılır. Məsələnin qanuniliyinə kimsə etiraz etmir, problem təyinatın ədalətsiz olmasındadır. Bu təyinat ona görə ədalətsizdir ki, artıq “Məşədi Dadaş” məscidinin rəhmətlik Hacı Şahinin sağlığında bir araya gətirdiyi icma məsciddən uzaqlaşıb. Ədalətli olan nəyəsə inanclı insanlar niyə etiraz etsinlər ki?!

Başqa bir məsələ imam təyinatı ilə bağlı danışan rəsmilərin yeni imamın kimliyi və fəaliyyəti barədə informasiyaların bölüşməsində özünü göstərir. Kimsə “Məşədi Dadaş” məscidinə təyin olunan yeni imamın şəxsiyyətini və fəaliyyətini hədəf seçmir. Əgər adam bundan əvvəlki işlədiyi məsciddə normal fəaliyyət göstəribsə, yerini dəyişmək də lazım deyildi".

İlahiyyatçı əlavə edib ki, “Məşədi Dadaş” məscidinə imam təyinatını apararkən istisna hallardan birini seçib, daha həssas qaydada qərar vermək mümkün idi: “Çünki məscidin dini icması rəhmətlik Hacı Şahinin yadigarı və əmanəti idi. Sanki kimlərsə məsələni manipulyasiya həddinə çatdırıb, qəsdən narazılıq salmağa çalışır. Nəzərə almaq lazımdır ki, milli kimliyi ilə tanınan dini icmanı küskün vəziyyətə salmaq bu situasiyada yaranmış boşluğun və dövlətə, millətə inanclı kəsimin yerini radikal düşüncənin tutmasına şərait yarada bilər. Hər şeydən əvvəl bu faktoru nəzərə alıb, təyinatı gerçəkləşdirmək olardı.

O ki qaldı məscidə bir neçə imamın təyinatı ilə bağlı sualınıza, qeyd edim ki, bu məsələ bir ilk deyil. Elə Məkkədə “Məscidül-Hərəm” məscidində 15-ə yaxın imam fəaliyyət göstərir. Bir məscidə bir neçə imam təyinatı nümunəsi Azərbaycan məscidlərində də var. “Təzəpir” məscidində 4, “Əjdərbəy” məscidində 2, “Heydər” məscidində 2 imam dini icmaya rəhbərlik edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Məşədi Dadaş” məscidinə imam təyinatını həmin məsciddəki dini icma ilə razılaşdıraraq, həyata keçirəcəksə, yaranmış söz-söhbət də aradan qalxa, problem ədalətli şəkildə həll edilə bilər".

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinə yeni imam təyin edilməsi narazılıq yaradıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilməsindən sonra mərhum Hacı Şahinin tərəfdarları məscidi tərk ediblər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR