İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhum akademikin oğlu hakim qarşısında - həbsdə qaldı  

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov və onunla birlikdə ittiham olunan şəxslərin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə Mir Heydər İsmayılovun vəkili onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün vəsatətlə çıxış edib. Vəsatət təmin olunmayıb. Hakim Mir Heydər İsmayılovun barəsindəki qətimkan tədbirini dəyişdirmədən işin baxışa verildiyini elan edib.
İş üzrə Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb. 

İttihama görə, Mir Heydər İsmayılov onlara Bakıda asan yolla torpaq almağa kömək edəcəyi ilə bağlı yalan vəd verib. Zərərçəkmişlər vədin yerinə yetirilməsinin uzandığını gördükdə pullarını geri tələb ediblər. Pulu ala bilmədikdə isə polisə şikayət ediblər.

Mir Heydər İsmayılov iş üzrə zərərçəkmiş şəxslərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Tofiq İsmayılov 1991-ci il noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR