İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənim çini çaydan haqda mövqeyim

Haitiyə uduzandan sonra komandamızın baş məşqçisi Fernandu Santuş-un hansı izahatı verəcəyini gözləyirdim, bunun necə gülməli olacağını təxmin edirdim, lakin bu qədərini təsəvvür eləmirdim. Buyurun, oxuyun: “Əgər bilsəydim belə uduzacağıq, başqa heyəti oyuna buraxardım” (azerisport.com).

Gözəl izahatdır. Biz də bilsəydik futbolumuzun axırı belə olacaq, 1992-ci ildə AFFA-nı düzəltməzdik. (Dəli şeytan deyir bu işlərin pis getməyində federasiyanın özülünün AXC-Müsavat dövründə atılmağı səbəbdir). O cümlədən, bir il qabaq Santuş müəllimin özünü məşqçiliyə gətirməzdik. Adam yorulmadan eksperiment aparır, heç zad çıxmır. Gündə birini milliyə çağırır. Şəxsən mən daim hazıram, butsını da qapının ağzından asmışam, birdən Santuş məni yığmaya çağırsa getməliyəm. Bəs necə, respublikamızın idman şərəfini qorumaq borcumuzdur. Elə “başqa heyət buraxardım” açıqlaması nəyə desən dəyər. Sanki bura Braziliya-zaddır, kişinin oğlunun əlinin altında da yüzlərlə ehtiyat oyunçu var, seçim edə bilirmiş. Sənin bir dənə babat, orta səviyyəli Avropa liqasında oynayan oyunçun yoxdursa, niyə “atdanıb-düşürsən”?

Santuşun açıqlaması bir az da biədəb ata sözümüzü yada salır, mümkün olduğu qədərində burda yazıram: “Xalamın filan şeyi olsaydı, dayı deyərdim”. Təəssüf ki, nə bu komandaya, nə bu məşqçiyə “dayı” deməyə hər hansı əsasımız yoxdur.

Ümumiyyətlə, hər kəs özünə uyğun işlə məşğul olmalıdır. Ədəbli misal çəksəm, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Əks halda mənasız müzakirələr yaranır. Bəzən pis nəticələr də verir.

Təzəlikcə Gəncədə bir qrup zəhmətkeşimiz yeməkdən zəhərlənmişdi. Nə yedikləri mənə əcaib gəldi: suşi. Rəhmətliyin uşağı, axı sizin Gəncədə suşi yemək haranıza yaraşırdı? Gəncədəsən, dovğa iç. Bozartma ye. Nə bilim, kabab, dolma, qutab və sairədən bas. Böyük ehtimalla zəhərlənməyəcəksən. (İndi heç nəyə yüz faiz qarantiya yoxdur, mənim adımdan başqa, ona görə ehtimalla yazdım). Kimsə Tokioda Gəncə dovğası sifariş edirmi? Etmir. Hər yerin öz yeməyi var.

Xəzər Universitetində də Novruz bayramı günlərində qəribə hadisə yaşanıbdır – sosial şəbəkədə olmadığım üçün belə ümummilli problemlər mənə bir az gec çatır, üzrlü sayın. Tələbələr ali məktəbin həyətində hansısa şəlpədodaq manısın “Çini çaydan” havasına oynaqlaşıbdır, xalq isə buna şiddətlə etiraz edibdir.

Sanki onlar orda “Bella çao” oxuyub-oynamalı imiş. Ya da nə bilim, “Qaudeamus” – Avropa tələbələrinin qədim latınca himnini: “Gaudeamus igitur, Juvenes dum sumus!” Bəh-bəh... Sonra da get “Neftçilər”in kirli perronunda basabasda qatar gözlə...

Tısbağa qınında gözəldir. Siz heç qınsız tısbağa görmüsünüz? Mən bir dəfə həyatımın səhvini eləyib hansısa iyrənc “yutub” sənədli filmində buna baxmışam. Axmağın biri Asiya ölkələrindən birinə səfər etmişdi, orda buna küçədə qınından çıxarılıb qızardılmış tısbağa verdilər. Təxminən Gəncədə suşi yeyənlərin vəziyyətində idim, o kadrlara baxandan sonra.

Hərçənd, çoxları bilmir, bayaq adını çəkdiyim italyan müqavimət nəğməsi “Bella çao”nu keçmiş SSRİ-də populyar edən elə bizim yerlimiz Müslüm Maqomayev olub.

Yaxud, təzəlikcə rus kitç-rəssamlığının fısqırıq nümayəndələrindən olan Nikas müəllimin açıqlaması rastıma çıxdı, deyir Putin Trampa mənim rəsmimi hədiyyə edibdir. Qeyri-adi xəbərdirmi? Yox. Ona qalsa Nikas müəllim Trampdan daha öncə Rafael Allahverdiyevin (Bakı ŞİH başçısı olanda) və Kamaləddin Heydərovun (FHN başçısı olanda) portretlərini çəkmişdi. Hələ Tramp özü kimin klipində “Çini çaydan”a oynayıb, heç onu yazmayım.

Sözü ona gətirirəm ki, bəlkə də Santuşun sözünü qəribçiliyə saldım, ehtiyat komandası var imiş. Bizdə bu potensial varsa, niyə olmasın?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR