İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənə nə olubsa, həmin oyunda olub” - Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu. Lakin üstünlüyü saxlaya bildik. İlk yarı qapalı oyun oldu, ikinci yarı daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Samir Abasova uğurlar arzulayıram”.

Musavat.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turunun “Sumqayıt”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- “Qəbələ” ilə oyunun təxirə salınması daha yaxşı olardı?

Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni “Braqa” ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar. Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, “Qəbələ” ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki “Braqa” ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar. Başqa qərar qəbul olunubsa, gedib “Qəbələ” ilə oynamalıyıq.

- “Neftçi” ilə oyunun təxirə salınması üçün müraciət edəcəksiz?

Həm “Neftçi”, həm də “Qəbələ” ilə oyun təsdiqlənib. İki oyununun təxirə salınmasının çətin olduğunu dedilər.

- “Bayer”in düşərgəsində olmuşduz və Xabi Alonso ilə görüşmüşdüz. Oradakı söhbətlərinizdə Alonso komandasının hansı zəif və hansı güclü tərəfləri barədə sirrləri açdı?

Daha çox nəyə üstünlük verməsi ilə bağlı söhbətimiz oldu. Bəzən oyunun gedişatında oyunun stilində dəyişiklik edir. Bunu analizlərdə görmüşdük, oyunlarına çox baxmışdıq. Almaniyadakı matçda fərqli tələbləri var idi, Bakıdakı görüşdə fərqli. Düşündüklərimiz var idi, onu özü də dedi. Futbolun dili birdir. Oyunçuların ustalıq səviyyəsi, oyun sürəti, ilboyu o tempə dözmək... Bu, daha üstün cəhətdir.

- Türkiyə mətbuatında yayılan xəbərlərə görə, “Fənərbaxça”nın skautları Juninyonu stadiondan izləyib. Bununla bağlı sizə müraciət olub?

Xeyr.

- Rəqiblərin sizə qarşı dişsiz olması, komandanıza nə qədər ziyandır? Demək olar ki, çempionatda rəqibiniz yoxdur...

Mənim üçün cavab vermək çətindir. Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamımız güclənsək, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq.

- Oyunlarda azarkeş sayının çox olmaması, sırf çempionatın səviyyəsinin aşağı olması ilə əlaqədardır?

Azarkeş stadionda olanda, oyunlar gözəl, daha yaxşı görünür, oyunlar da, futbolçular da aktiv olur. Futbolun səviyyəsini qaldırmaq üçün azarkeş amili böyük rol oynayır. Futbolçu potensialından daha da artığını etməyə çalışır. Azarkeşlər gəlsə, hamımız sevinərik. Oyunçular daha çox qol vurmaq istəyər. Daha çox faydası var. Amma əfsuslar olsun ki, vəziyyət belədir.

- Adama Diakabiyə yerli çempionatda maksimum şans verirsiz. Onun göndəriləcəyi gündəmdədir?

Bizim tərəfimizdən iddia olmayıb. Biz klub, məşqçi olaraq, ona heç nə deməmişik. Sadəcə, mətbuatda “Qarabağ” onu göndərmək istəyir deyə, yazılar çıxmışdı. Bu da məlumdur. Az oynayırdı, az şans qazanırdı, Avropa Liqasının siyahısına salmadıq deyə, belə fikirlər formalaşdı. Lakin Adama bizim futbolçumuzdur, onunla mövsümün sonuna qədər müqaviləmiz var. Ona görə gündəmdə belə bir şey yoxdur.

- Köməkçiniz Zaur Tağızadə mətbuata qapalı insandır. Bunun səbəbini özündən soruşmusuz? 

Elə ona görə də “qızıl oğlan”dır(gülür). Zaur həqiqətən də “qızıl oğlan”dır. Hamı onun xətrini çox istəyir. Futbolçu vaxtlarında da müsahibələrini nadir vaxtlarda görürdüm. Hərənin öz işi var. Sizlərə müsahibə lazımdırsa, mən verirəm, nə sualınız varsa, verin (gülür). Onlar da öz işləri ilə məşğul olsun. Bilmirəm, müraciət etmisiz? Məncə, yox deməz, problem olmaz.

- Səsiniz tutulub. Avrokuboklardakı sevinclə bağlıdır, yoxsa xəstələnmisiz?

Bilmirəm(gülür). Amma nə olubsa, o oyunda olub. Özümü yaxşı hiss edirəm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR