Onlayn ictimai-siyasi qəzet
“Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz "qılıncını çəkib" düşür işçilərin üstünə: ərizəni yaz, səninlə işləyə bilməyəcəyik! Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur".
Milli Məclisin son iclasında deputat Razi Nurullayev belə deyib. O qeyd edib ki, hamıya oğru kimi baxırlar: “Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu, qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır. Bu narahatlığımızı nəzərə alaraq həmin işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün parlament komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm”.
Niyə yeni gələnlər özlərinə yaxın kadrları ətraflarına yığırlar? Əsas olmadan belə addımın atılması hüquq pozuntusudur? Belə hallara qarşı hüquqi mexanizm mövcuddur? Belə bir mexanizm necə qurula bilər?
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, qaldırılan bu məsələ çox aktualdır. Bu məsələni iki istiqamət üzrə bölməliyik. Hər bir halda burada hüquqi problemlər yaranır. Amma burada dövlət qurumları və özəl sahədən söhbət gedirsə, yanaşma iki istiqamətdə olmalıdır: “Həm dövlət qurumlarında, həm özəl sektorda yeni təyin olunan müdirin gələn kimi içiləri kənarlaşdırması halları baş verirsə, kütləvi işdən azad etmə, ixtisarlara gedilirsə, bu, həm də əmək hüquqlarının pozulmasına gətirib çıxarır. Özəl sahədə bir şəxs özəl müəssisəsində kiminlə işləyib-işləmədiyini müəyyən mənada özü müəyyən edə bilər. Baxmayaraq ki, burada işçiyə münasibət Əmək Məcəlləsinin tələblərinə uyğun olmalıdır. Amma dövlət qurumlarında yeni müdirin işçiyə "mən səni tanımıram, səninlə işləyə bilmərəm, şəxsən tanıdığın şəxslə işləmək istəyirəm" yanaşması ilə yanaşıb işçini işdən çıxarması təkcə əmək hüququnun pozulması deyil, eyni zamanda dövlətin maraqlarına zidd addımın atılmasıdır. Spesifik sahələr var və orada illərlə işləyən şəxslər peşəkar təcrübəli kadrlara çevrilirlər, onların dövlətə verdiyi faydalar daha böyük olur. İllər ərzində formalaşmış bu cür peşəkar kadrların günlərin birində qurumun rəhbərinin dəyişməsi ilə işlərindən azad edilmələri və onların yerinə sadəcə yeni müdirin adamıdır deyə naşı insanların, təcrübəsi olmayan adamların gətirilməsi təkcə işdən azad edilmiş peşəkara qarşı deyil, dövlətin maraqlarına da qarşı atılmış addım olur. Dövlətin illərlə vəsait və vaxt sərf edib yetişdirdiyi peşəkarların işdən azad edilməsi dövlətin qoyduğu sərmayənin batırılması deməkdir".
X.Bəşirovun sözlərinə görə, bəzən hətta belə hallara da rast gəlinir ki, bir qurumun yeni müdiri tabeçiliyindəki işçinin ondan daha peşəkar olduğunu özü üçün diskomfort və gələcəkdə rəqib hesab edərək həmin işçini kənarlaşdırmaq qərarı verir. Bu da nəticədə işçinin hüququnun pozulması ilə yanaşı müəssisənin də zərərinə işləyən hərəkət olur: “Nəticədə peşəkar kadr işsiz qalır, müəssisədə isə işlər axsamağa başlayır. Beləliklə, vətəndaşla yanaşı, dövlət də ziyan görür. Bəzən bir quruma yeni gələn rəhbər işdən azad etmələri və özünün komandasını işə gətirməsini ABŞ-da və ya başqa bir dövlətdə yeni hakimiyyətə gələn şəxsin köhnə komandanı təmizləyib öz komandasını gətirməsi ilə müqayisə edir. Bu, tamamilə yanlış yanaşma və müqayisədir. Dövlətdə hakimiyyət dəyişikliyi ilə, dövlətin idarəçiliyi ilə hansısa bir müəssisənin, təşkilatın, spesifik sahənin idarə edilməsi eyni şey deyil və müqayisə edilməməlidir. Yeni müdirin gəlişi peşəkarların, işinin öhdəsindən gələn işçilərin kənarlaşdırılmasını şərtləndirmir, heç bir qanunda, nizamnamədə, daxili təlimatda, Əmək Məcəlləsində belə bir şərt əksini tapmır. Bəzən isə işə qəbul etmə məsələsində də heç də düzgün olmayan yanaşmaya rast gəlirik. Müdir "filankəs xaricdə təhsil alıb, sən xaricdə təhsil almamısan, ona görə də səni işdən azad edirəm və yerinə xaricdə təhsil alanı götürürəm" deyərək işçini azad edir, qərarını isə dediyimiz yanlış “arqumentlə” əsaslandırır. Problemlərdən biri də buradan qaynaqlanır. Xaricdə təhsil almaq işə qəbul məsələsində əsas götürülməməlidir. Ucqar bir kənddə işə götürülən şəxs yerli əhali ilə dil tapmaq bacarığında deyilsə, bu işdə təcrübəsi yoxdursa, ingilis, alman və başqa xarici dilləri bilməsi kimin nəyinə lazımdır? Halbuki araşdıranda məlum olur ki, işlədiyi əhalinin dilini bilməyən şəxsi sırf xaricdə təhsil alıb ingilis dilini bildiyi üçün o işə təyin ediblər. Bu da əslində dövlətin mənafeləri baxımından heç də faydalı deyil".
Ekspert onu dedi ki, Azərbaycanda əmək hüquqlarını tənizmləyən Əmək Məcəlləsi var. Eyni zamanda əmək hüquqları pozulan vətəndaşlar məhkəmələrə müraciət etmək hüququna malikdirlər: “Əmək Məcəlləsinin pozulması və vətəndaşların kütləvi şəkildə əmək hüquqlarının pozulması onu gətirib çıxarır ki, insanlar kütləvi şəkildə məhkəmələrə müraciət etməyə gətirib çıxarır. Eyni zamanda bilinən və bilinməyən başqa problemlərə də yol açır. Ona görə də haqqında söhbət etdiyimiz problemin müzakirəsi və həllinə yönəlik addımlar atılması baxımından başqa yeni qanuni mexanizmlər tətbiq oluna bilər. Amma Milli Məclisdə bu iş üçün komissiyanın yaradılmasının problemin həllinə necə təsirinin olacağını dəqiq söyləmək çətindir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ