Onlayn ictimai-siyasi qəzet
Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin külli miqdarda dələduzluq etməsi məlum olub.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü yüksəkvəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və onlardan külli miqdarda pul alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, X.Abdıyev taksi kimi sürdüyü maşına müştəri qismində əyləşmiş Nuranəni (şərti) Hövsandan Yasamal rayonundakı xəstəxanaya aparıb. Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib.
Bundan sonra Abdıyev həmin qadınla ailəvi münasibət qurub. Onun həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, 2 qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, Nuranənin əri ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərini və sair vədlər verərək qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. O, təkcə üzüm bağı salmaq adı ilə qarşı tərəfdən 60 min manat pul alaraq ələ keçirib.
X.Abdıyev daha 2 nəfəri aldadaraq onları məktəbə müəllim kimi işə düzəldəcəyi və ali məktəbə qəbul olmaq üçün balını süni şəkildə artıracağına vəd verərək hər birindən 10 min manat alıb. O, həmin şəxsləri buna anasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə xalaqızı olmasını yalandan deyərək inandırıb.
Sonradan X.Abdıyevin yalan danışması, heç bir yerdə işləməməsi, M.Abbaszadə ilə hər hansı qohumluğunun olmaması üzə çıxıb.
Zərərçəkmiş şəxslər taksi sürücüsündən polisə şikayət ediblər və onun barəsində cinayət işi açılaraq həbs edilib. Onlar ifadələrində X.Abdıyevin inandırıcı danışdığını və vədlərinə inandıqlarını deyiblər. X.Abdıyevin daha əvvəl də dələduzluq əməlinə görə məhkum edilməsi üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Abdıyevə 7 il həbs cəzası verilib.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ