Onlayn ictimai-siyasi qəzet
Valideyn keyfiyyətli, davamlı məhsul almaq istəyirsə, xeyli pul xərcləməli olur - reportaj
Yeni tədris ilinin başlamasına iki həftə qalır. Artıq valideynlər məktəbli formaları, kitab, dəftər almağa başlayıb. Valideynlər bildirir ki, ötən illə müqayisədə məktəbli ləvazimatları bahalaşıb. Nəzərə alsaq ki, əvvəllər dərs ilinin başlamasına bir ay qalmış metrostansiyaların yaxınlığında məktəbli yarmarkaları fəaliyyət göstərirdi. Artıq ötən ildən yarmarkaların fəaliyyətinə qadağa qoyulduğuna görə insanlar mağazalardan, bazarlardan alış-veriş edir. Burada da qiymətlər fərqli şəkildə təqdim edilir. Bəs bir uşağın məktəbə göndərilməsi valideyn üçün neçəyə başa gəlir?
“Yeni Müsavat”ın əməkdaşı olaraq mövcud vəziyyəti öyrənmək üçün ən çox alış-veriş edilən məkanlardan birinə yollandıq. Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən mağazaya daxil olduq, qiymətlərlə maraqlandıq. Mağazaya daxil olar-olmaz insan izdihamı ilə üzləşdik. Bizimlə söhbətdə satıcı bildirdi ki, burada digər məkanlara nisbətən qiymətlər ucuzdur, ona görə alıcı sayı da çoxdur. Burada müxtəlif qiymətdə, müxtəlif çeşiddə dərs vəsaitlərini görmək olur. Malların üzərində qiymətləri də qeyd edilib, odur ki, bütün malların qiymətlərini nəzərdən keçiririk. Satıcı deyir ki, mağazada qiymətlər əsasən keyfiyyətə görə dəyişir. Misal üçün, 12 vərəqli sadə dəftərlər 15-45 qəpik arasında dəyişir: “18 vərəq dəftərlərimiz bitib, amma üstündə "tik-tok" yazılan dəftərlər qalıb, onlar da bahadır- 1 manat. 48 vərəq 80 qəpik, 60 vərəq dəftər 1 manat, 96 vərəq 1 manat 25 qəpiyədir.
Çantaların qiyməti isə hər il olduğu kimi bu il də bahadır. Mağazanın çanta bölməsinə nəzarət edən satıcıdan öyrənirik ki, ortopedik çantaların ən ucuzu 40 manat, ən bahalısı 198 manatadır. Adi çantalar isə 35 manatdan başlayır, ən bahalı məktəbli çantası 144 manatadır. Satıcı onu da əlavə edir ki, keyfiyyətli olduğuna görə “Yes”, “Qabol” çantaları daha çox alınır.
Qiymətlər bu il çox artıbmı deyə satıcıdan soruşuram. Cavabında isə bunları bildirir: “Qiymətlər malın gəlişindən asılıdır. Bizdə qiymətlər standartdır. O qədər də artım yoxdur. Həm də malın keyfiyyətinə görə də dəyişir. Mallarımız isə əsasən Rusiyadan, Ukraynadan gəlir. Elə bax bu çantaların hamısını Ukraynadan gətiriblər. Onlar hansı qiymətə satırsa, biz də cüzi olaraq qiymət qoyuruq”. Söhbətimizin bu yerində bir alıcı da bizə qoşulur. “İndi elə Əhmədlidən gəlirəm, oradakı mağazalarda 48 vərəq dəftər buradan bahadır. Qələmlər də eləcə. Fərq çoxdur. Ümumiyyətlə, bu il qiymətlər bahadır, bir uşağım üçün dünən məktəb ləvazimatları aldım, 200 manatdan çox pulum çıxdı”, - deyə alıcı bizimlə söhbətdə bildirir.
Keçirik qələmlər olan bölməyə. Burada ən ucuz qələm 10 qəpikdən başlayır, ən bahalısı 1 manat 40 qəpik- 2 manata dəyişir. “Ən ucuz qələmlərimiz də keyfiyyətlidir, narahat olmayın”, - deyə satıcı müdaxilə edir. Mağazada karandaşların da qiyməti müxtəlifdir. Ən ucuz 12 ədəd karandaş 1 manatdan başlayır. 10 manata olan karandaşlar da var. Satıcı deyir ki, “Yalonq” firmasının karandaşı 2 manat 50 qəpiyədir, ucuz olsa da keyfiyyətlidir. “Harry poter” karandaşı 4 manat 40 qəpiyə, 72 çeşidli karandaş 30 manata, 48 çeşidli isə 22 manatadır. “Faber castel” karandaşları keyfiyyətlidir, amma bahadır, 10 ədədi 6 manata, 12 ədədi isə 9 manata. “Penal”ların ən ucuzu isə 2 manat 40 qəpikdən başlayır, 30 manata qədər olan penallar da var.
Mağazada diqqətimi çəkən daha bir məqam isə məktəblilərin maraq göstərdiyi məhsullar olur, hətta bu malların qarşısında növbələr yaranıb. “Mama, bax, "A çetıre"nin dəftərləri var orada, mənə bundan al, onu istəyirəm", - deyə anasının əlindən tutub dartan uşaq diqqətimi çəkir. Satıcıdan maraqla soruşuram, ay xanım, bu “A 4" kimdir, nədir ki, uşaqlar burada növbədə durublar? "Bu, rusiyalı blogerlərdir, mağazamızda ən çox onların şəkli üzərində olan mallar satılır. Hələ “Anime kromi”nin də məhsulları çox satılır. “Harry Poter”, “A4", ”Spider man" bu personajların mallarını daha çox alırlar. Əvvəllər “Barby”ni də çox alırdılar, indi o qədər də tələbat yoxdur. O ki qaldı o məhsulların qiymətinə, tələbat olduğuna görə qiymətlər də ona uyğunlaşır. Ümumiyyətlə, ucuz olan mallar da var", - deyə satıcı cavab verir. Məktəbli üçün lazım olan digər ləvazimatların da qiymətlərini öyrənirik. Plastik su qabları 6-9 manat arasında dəyişir. İçi dəmirli su qabları isə 22 manatadır. Yemək qabları da müxtəlif qiymətə təklif edilir. Plastik kiçik ölçülü olanlar 3.60 qəpik, metal qablar isə 10-12 manatadır. Qovluqlar- sadə plastik qovluq 50 qəpiyə, parça və davamiyyətli olanlar 26 manatdan başlayır, 33-35 manat arasında dəyişir. Ən bahalı karton 2 manat 10 qəpiyə, 5 manat 50 qəpiyə satılan karton da var. Rəngli kağızların qiyməti 60 qəpikdən başlayır, 5 manata satılan rəngli karandaş da var. Pozanlar isə 35 qəpikdən başlayır, qələm formasında olan pozanlar 1.40 qəpiyədir, 3 manata satılan qələmlər də var. Albomların 12 vərəqli olanı 1 manatdan başlayır, 20 vərəqli 1 manat 20 qəpiyə,
60 vərəqli isə 4 manatadır. Xətkeşlər 40 qəpikdən başlayır. 12 santimetrlik taxta xətkeş 40 qəpiyə, 30 santimetrlik dəmir xətkeş isə 2 manatadır. 6 rəngdən ibarət plastilin 1.50, 40 ədədlik plastilinlər isə 14 manata satılır. Kleyin ən ucuzu 60 qəpikdən başlayır, 2 manat 55 qəpiyə kley almaq mümkündür. Dəftər üzləri 25 qəpikdən başlayır. 5 -11-ci siniflər üçün 30 qəpik, 1-4-cü sinif üçün dəftər üzlərinin qiyməti 40-45 qəpik arası dəyişir.
Göründüyü kimi, əgər valideyn keyfiyyətli, davamlı məhsul almaq istəyirsə, xeyli pul xərcləməli olur. Hələ sadaladıqlarım məktəbli üçün lazım olan ən vacib ləvazimatlar idi. Bunun üzərinə məktəbli geyimlərini də əlavə etsək, bir evdən iki, yaxud üç uşaq məktəbə gedərsə, bu zaman valideyn xeyli pul xərcləməli olur. Tədris ili başlayandan sonra isə dərsliklərdən əlavə, dərs vəsaitləri də məktəblərdən tələb olunur. Bu zaman da valideynlər müəyyən vəsait xərcləməli olurlar. Bir sözlə, dərs ili başladısa, əlavə xərclərdən boyun qaçırmaq mümkün deyil. Yeni dərs iliniz mübarək!
Afaq MİRAYİQ,
Fotolar müəllifindir
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ