İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə artan neqativlər - müəllimlər niyə nüfuzdan salınır?

Son vaxtlar orta və ali məktəblərdə neqativ hallar artıb. Məktəb rəhbərlərinin rüşvətxorluğu, pul yığımları haqda tez-tez xəbərlər, faktlar, videolar yayılır. Bir maraqlı və təəssüf doğuran hal da ondan ibarətdir ki, son dönəmlər Elm və Təhsil Nazirliyinin müəllimlərə qarşı sərt davranışları müşahidə olunur. Müəllimlər haqlı-haqsız cəzalandırılır, hətta şagirddən üzr istədilir. Bir neçə gün öncə İmişlidə məktəblərdən birində tualet olmamasını ictimailəşdirən müəllimə töhmət verilməsi isə cəmiyyət tərəfindən mənfi qarşılandı.

Cəmiyyətşünaslar müəllimlərin nüfuzdan salınması ilə müşayiət olunan bu prosesə etiraz edir. Məsələn, millət vəkili Razi Nurulllayev ayaqyolu olmamasına etiraz edən və töhmət alan Leyla müəllimlə telefon əlaqəsi saxlayaraq, ona dəstək nümayiş etdirmişdi.

“Yeni Müsavat”a danışan millət vəkili Razi Nurullayev müəllimə töhmət verilməsini tənqid edib, bu qərarın ləğv edilməsini istəyib:

“Məktəblərdə, yaxud konkret bir məktəbdə problem aylarla, illərlə davam edirsə, bununla bağlı aidiyyəti  orqanlara məlumat verilir və tədbir görülmürsə, istər həmin məktəbdə oxuyan şagirdlər, istərsə də müəllimlərin etiraz etməyə haqqı var. İmişlinin Aranlı kənd orta məktəbinin müəlliməsi Leyla Nəcəfquliyeva da bu hüququndan istifadə edib. O, məktəbdə tualetin olmamasına, şagirdlərin məktəbdə antisanitariya şəraitində dərs keçməsinə, məktəbin uçuq-sökük olmasına etiraz edib. Doğrudan da həmin məktəb ağır vəziyyətdədir.  Hələ 2020-ci illərdə İmişli rayonunda deputat seçkilərində iştirak edən zaman bu məktəbin ağrılı bir vəziyyətdə olduğu nəzərimə çatdırılmışdı və mən bununla bağlı aidiyyəti qurumlara müraciət etmişdim.

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan  xalqından üzr istəsinlər”

Razi Nurullayev: “Etiraz səsini ucaltdığına görə bir müəllimə töhmət verilməsi, onun susdurulması digər pedaqoqların qorxudulması anlamına gəlir”

Bu məktəb artıq  dövlət proqramına salınıb və yəqin ki, bu il tikintisinə başlanılacaq. Lakin bu o demək deyil ki, məktəbin ən xırda problemləri  həll olunmamış qalsın və bununla bağlı kapital, vəsait  gözlənilsin. Hesab edirəm ki, xırda məsələləri həll etmək üçün hər zaman resurs tapılar və bu, Elm və Təhsil Nazirliyinin məsuliyyətidir. Yəqin ki, indi nazirlik bununla bağlı açıqlama verəcək ki, həmin məktəblərdə, ümumiyyətlə, xırda təmirlərin aparılması, bu cür xırda problemlərin aradan qaldırılması üçün vəsait ayrılır. Bu çox vacib məsələdir.

Ümumilikdə isə bir müəllimin etiraz səsini ucaltdığına görə ona töhmət verilməsi, onun susdurulması digər müəllimlərin qorxudulması anlamına gəlir. Sanki digər məktəblərdə digər müəllimlərə “gözdağı” verilir. Bu, yolverilməzdir. Həmin müəlliməyə verilən  töhmət də mütləq şəkildə aradan qaldırılmalı, ləğv edilməlidir".

Millət vəkili Ceyhun Məmmədov mövzuya bu cür şərh bildirdi:

“Bu məsələdə bir neçə məqam var. Yəni müəllim özü də deyir ki, mövcud problemi direktora, eləcə də regional təhsil idarəsinə çatdırıb, lakin adekvat reaksiya verilməyib. Hətta deyilib ki "siz hara istəyirsiniz, gedin müraciət edin". Müəllim də əsəbləşərək, çıxış yolunu belə bir  addımın atılmasında görüb.

Əlbəttə, müəllim burada bu məsələnin həllinə nail olmağa çalışıb, öz mövqeyini ortaya qoyub və bu məsələni ictimailəşdirib. Təbii ki, bu məsələ həllini tapmalıdır. Lakin eyni zamanda müəllimin şagirdlərə dərsə gəlməməklə bağlı çağırış etməsi düzgün  deyil. Yəni müəllim özü də etiraf etdi ki, hissə, emosiyalara qapılaraq, belə bir addım atıb.

Amma ümumilikdə məsələyə gəldikdə, mən onu bir neçə dəfə qeyd etmişəm, hətta Milli Məclisin komitə iclasında da bu məsələni qaldırmışam ki, Azərbaycanda 960 məktəb təhlükəli vəziyyətdədir. Son illər ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub, bu gün də bu işlər uğurla davam etdirilir. Ölkə rəhbərliyinin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Yeni açılan STEAM və uşaq-yaradıcılıq mərkəzləri bu fikri bir daha təsdiq edir. Lakin qeyd etdiyim məktəblərin ən qısa zamanda təmir və bərpasına ehtiyac var. Yəni burada söhbət 1000-ə yaxın məktəbdən gedir. Əgər biz bunu 10 ilə planlayırıqsa, bu, təhsilimizə ciddi problem yaradacaq. Bu baxımdan, bu məsələnin daha sürətlə həyata keçirilməsinə ehtiyac var. Eyni zamanda hesab edirəm ki, bu məsələnin davamı olaraq regional təhsil idarələri bütün bölgələrdə olan məktəbləri araşdırmalı, vəziyyəti yaxşı olmayan məktəblərlə bağlı arayış hazırlanaraq, problemlərin aradan qaldırılması istiqamətində addımlar atmalıdır.

Həmçinin hesab edirəm ki, burada biz direktor-müəllim, rəhbər-müəllim məsələsinə də baxmalıyıq. Bəzən kommunikasiya, münasibət düzgün qurulmur. Bir çox hallarda direktorlar müəllimlərlə düzgün davranmırlar. Hesab edirəm ki, həmin Leyla müəllimlə düzgün kommunikasiya qurulsa idi, ona düzgün cavab verilsəydi, o, bu formada ictimailəşdirməzdi. Yəni ona düzgün reaksiya verilmədiyinə görə məsələ bu formaya gəlib çıxdı. 

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Azərbaycanda 960 məktəb təhlükəli vəziyyətdədir”

Regional təhsil idarəsi müəllimə töhmət verilməsini onunla əlaqələndirdi ki, müəllim dərsə gəlməyib. Bütün hallarda isə cəmiyyətin yanaşması ondan ibarət oldu ki, bu töhmət müəllim məsələni ictimailəşdirdiyinə görə verilib. Ona görə hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu kimi məsələlərdə çox həssas, diqqətli olmalıdır".

Millət vəkili məktəblərə direktorların təyin olunması məsələsinə də toxunub:

“Direktor təyinatları çox ciddi düşünülərək həyata keçirilməlidir. Yəni bu gün  kadrlarla bağlı müəyyən çətinliklər var, amma direktor  məsələsində də biz tanışlıq, dostluq və yaxud başqa amilləri kənara qoymalı, sırf peşəkar, eyni zamanda savadı, biliyi, dünyagörüşü, keçmişi  təmiz olan insanlara üstünlük verməliyik ki, gələcəkdə belə hallarla tez-tez rastlaşmayaq”.

Ceyhun Məmmədov son illər müəllimlərin nüfuzdan salınması məsələsinə bu cür mövqe bildirdi:

“Bütün hallarda belə məlumatların yayılması, müzakirələrin getməsi  Elm və Təhsil Nazirliyinin nüfuzuna, imicinə mənfi təsir göstərir. Eləcə də ölkədə müəllimin nüfuzuna mənfi təsir göstərir.  Hesab edirəm ki, biz elə etməliyik ki, bu cür  neqativ hallar olmasın.

Kamran Əsədov: 4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub

Kamran Əsədov: “Son 2 ildir ki, müəllimlərimiz gözdən salınır, onların  nüfuzdan salınması istiqamətində tez-tez müəyyən sərt ifadələr işlədilir”

Bir aydan bir-bir hansısa müəllimin və yaxud direktorun səs yazısı ictimailəşir. Bu, çox ciddi məsələdir. Belə hallara qarşı ciddi mübarizə getməlidir. Əgər direktor və ya müəllim rüşvət alırsa, o, mütləq  şəkildə cəzalandırılmalı, hüquqi məsuliyyət daşımalıdır ki, növbəti dəfə bu cür addımlar atmasın. Bu addımları atmaq istəyən təhsil işçisi də görəndə ki, çox sərt reaksiya verildi, cəzalandırma həyata keçirildi, növbəti dəfə belə addımların atılmasında diqqətli olacaq".

Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi:

“Son 2 ildir ki, müəllimlərimiz gözdən salınır, onların  nüfuzdan salınması istiqamətində tez-tez müəyyən sərt ifadələr işlədilir.

Burada məsələni bir neçə istiqamətə bölməliyik. İlk növbədə müvafiq qurumun, yəni elm və təhsil nazirliyinin rəhbərliyi tərəfindən müəllimlərin nüfuzdan salınması istiqamətində  ifadələrin işlədilməsi əlbəttə ki, xoş hal deyil. Təhsili idarə edən bir qurumun öz tabeliyindəki  işçilərlə bağlı məsələn, “müəllimlər düzgün yaza bilmir”, “müəllimlər savadsız” və sairə bu cür ifadələri işlətməsi,  müəllimləri nüfuzdan salır.

İkinci bir məsələ, hər bir ailədən gələn fərdi uşağın dərsin bu  və digər formada pozulmasını videoya alması, çəkməsi və bunun fonunda müəllimlərin cəzalandırılması ciddi şəkildə müəllimlərin  nüfuzdan düşməsinə gətirib çıxarır".

Təhsil eksperti qeyd etdi ki, hazırkı vəziyyətdə müəllimlər demək olar ki, tam hüquqsuz vəziyyətdədir:

“Müvafiq qanunvericiliyə görə çox təəssüf ki, bizim müəllimlərin hər hansı bir hüququ, səlahiyyəti yoxdur.  2014-cü ildə ”Müəllimlərin etik davranışları" qaydalarına əsasən müəllimlərimiz demək olar ki, tamamilə hüquqsuz vəziyyətdə qalıblar. Biz onlara yalnız vəzifə, öhdəlik vermişik. Səlahiyyət verməmişik ki, tədrisin təşkili  zamanı dərsin normal gedişatını pozan şagirdlərə qarşı hər hansı formada cəza verilsin. Təbii ki, cəza dedikdə fiziki cəza nəzərdə tutulmur".

Kamran Əsədov bildirdi ki, müəllimin  nüfuzdan salınması tədrisin keyfiyyətinə birbaşa təsir göstərir:

“Məsələn, İmişlidə baş verən hadisəyə diqqət edəndə görürük ki, şagirdi üçün çalışan müəllim töhmət alır. Həmçinin dəfələrlə görmüşük ki, bir şagirdin birbaşa iştirakı ilə hər hansı pozuntu baş verdikdə yenə də günahkar müəllim olur. Əlbəttə ki, müəllim  dərsin idarəçisi, onun söz sahibidir. Amma bu o demək deyil ki,  biz müəllimin bütün hallarda cəzalandırılmasına çalışmalıyıq.

Hesab edirəm ki, təhsillə bağlı qanunvericilikdə müəllimlər haqqında çox ciddi bir məsələ nəzərdə tutulmalıdır. Yəni şagirdlərin də cəzalandırılmasını  özündə əks etdirən müəyyən qaydalar formalaşmalıdır.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR