İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbəqədər yaşında olan uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısı genişləndirilir 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məktəbəqədər təhsil haqqında” Qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihə barədə Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edərək dəyişikliklərin mütərəqqi tərəflərindən danışıb.

Bildirilib ki, layihəyə sasən, məktəbəqədər yaşında olan uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısı genişləndirilir. Belə ki, qanun layihəsində məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilməsi təklif olunur. Həmçinin, təklif edilən dəyişikliklə məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Eyni zamanda “Təhsil haqqında” Qanunda təklif edilən dəyişikliyə əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.

Qanun layihəsində o da bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və sair) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilməkdədir..

Qanun layihəsi səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR