Onlayn ictimai-siyasi qəzet
Tədris ocaqları təhsil məkanı funksiyasını niyə itirir
Bu gün ölkəmizdə təhsildən yayınan uşaqların sayı çoxluq təşkil edir. Məktəblilərin bəhanəsi bitib-tükənmək bilmir. Aşağı siniflərdə oxuyanlar qış fəslində havanın soyuq olduğunu əsas gətirərək, sinif otaqlarında oturmağın mümkünsüzlüyünü əsas gətirirlər. 9-cu sinifdən etibarənsə uşaqlar daha çox hazırlıq kurslarına, özəl məşğələlərə getdikləri üçün məktəbi ikinci plana atırlar.
Xüsusən yuxarı siniflərdə valideynlərlə məktəb rəhbərliyi arasında “anlaşma”nın olması da heç kimə sirr deyil. Bəlli məbləğ ödənilir və şagird ancaq yoxlamadan-yoxlamaya, summativ testlər keçirilən zaman məktəbə gəlir. Ona görə də adi günlərdə məktəb siniflərinə gedib, yuxarı sinif şagirdlərinin dərs keçdiyi otaqların monitorinqini aparmaq lazımdır. Ümumiyyətlə, bəzi məktəblilər dərsə niyə getmirlər? Bununla bağlı məktəbin və valideynlərin məsuliyyəti nə qədərdir?
Məktəbə bir müddət göndərilməyən uşaqlar evdə qalmaqdan, qısa müddətdən sonra şikayətlərindən qurtulmaqdan, sağlamlıqlarına qovuşmaqdan, növbəti dərs gününə qədər evdə rahat oturmaqdan xoşbəxt olurlar. Evdə qalmasına icazə verilməyən və davamlı olaraq məktəbə göndərilən uşaqların bəzilərində şikayətlər məktəbə çatmamış aradan qalxır. Uşaq evinin qapısından uzaqlaşıb anasını görməzdən gələndən az sonra şənlənir, gülür, rahatlıq tapır. Zorla məktəbə göndərilən uşaqların bəzilərində bu acınacaqlı hal yol boyu davam etsə də, uşaq məktəbə daxil olub sinif otağına yerləşdikdən sonra rahatlaşır.
Məktəbə ağlaya-ağlaya gələn uşaq sinfə çatanda şikayətlərini unudur, məktəbdə gününü yaxşı keçirir, günün sonunda evə gülümsəyərək qayıdır, sanki səhər evdən ağlaya-ağlaya çıxan uşaq bu deyilmiş. Ancaq uşağın bu şən əhval-ruhiyyəsi yatana kimi davam edir. Axşam yatmazdan əvvəl “sabah dərsə getməyəcəyəm” deyərək yuxuya gedir, səhəri gün dərsə getmək istəmədiyini deyərək oyanır. Bəzi hallarda bu vəziyyətin bir neçə gün davam etdiyi və ailənin məsələyə müsbət yanaşması və qətiyyətli münasibəti sayəsində aradan qalxdığı müşahidə edilir.
Bəzi hallarda isə məktəb fobiyası günlərlə, hətta aylarla davam edə bilər. Bu uşaqlar məktəbə göndəriləcəklərini hiss edən kimi özünü döyür, yerə atır və ya harasa təpik, yumruq vururlar. Bu şiddətli reaksiyalardan qorxan valideynlər uşağın ertəsi gün məktəbə gedəcəyini deyirlər. Məktəbəqədər dövrdə həftənin yarısını evdə, yarısını isə məktəbdə keçirərək dərs ilini başa vuran bağça uşaqlarının da sayı az deyil. Uşağın məktəbə getmək istəməməsinin bir çox səbəbi var.
Qanunun sərt üzü var, amma işləmir?
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 32-ci bəndinə əsasən, valideynlər təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsilin formasını və təlimin dilini seçməkdə azad hüquqlara malikdirlər. Qanunvericiliyə görə, təhsil müəssisələrini seçməklə bağlı valideynlərə seçim azadlığı verir, buna görə də Elm və Təhsil Nazirliyi və ona tabe olan qurumlar təklikdə məktəbə gəlməyən şagirdləri müəyyən edə bilmirlər. Bu qurumların bunun üçün lazımi səlahiyyətləri yoxdur.
Aydın məslədir ki, ölkədaxili miqrasiya ilə bağlı problemlər əsasən də iqtisadi səbəblərlə bağlıdır - buna görə də valideynlər işədüzəlmə ilə bağlı yaşayış yerlərini tərk edirlər. Lakin bu hallarda daha çox uşaqlar əziyyət çəkir.
Qeydiyyat ünvanı üzrə işləməyən valideynlərin çox vaxt daimi yaşayış yeri olmur, bu da həmin valideynlərin övladlarının məktəbə davamiyyətinə nəzarətdə özünü büruzə verir. Bu cür hallarda məsuliyyətin böyük hissəsi təbii olaraq valideynlərin üzərinə düşür. Bununla belə, qeyd etmək lazımdır ki, müvafiq dövlər qurumlarıda bu prosesə nəzarət etmələrinin rolu vacibdir.
Azərbaycanda dərsdən yayınanlar rəqəmlərdə
Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzi 2019-cu ilin oktyabr və noyabr aylarında Bakı küçələrində “Ümumtəhsil məktəblərində davamiyyət səviyyəsi haqqında” seçmə statistik monitorinq aparıb. Monitorinq zamanı 6-17 yaşlı 309 nəfər uşaq sorğu olunub, onların 55 faizini oğlanlar, 45 faizini qızlar təşkil edib. Orta məktəblərin önündə aparılan monitorinqlər nəticəsində ümumtəhsil məktəblərində oxuyan və repetitor yanına getmə səbəbindən məktəbdən yayınanlar əsasən 15-17 yaşlı uşaqlardır. Repetitor yanına getmə səbəbindən həmin yaşda məktəbdən yayınan uşaqlar 77,7 faiz təşkil edib və onların əksəriyyəti, 80,5 faizi qızlardır. Məktəbdən yayınma halları əsasən yuxarı yaşlı uşaqlar arasında qeydə alınıb və onların 55,3 faizi 15-17 yaşda, 24,6 faizi 12-14 yaşda olanlardır. Apardığımız monitorinq nəticəsində ortaya çıxdı ki, ümumtəhsil məktəblərində oxuyan uşaqların 49,8 faizi 1 ayadək, 10,4 faizi 1 aydan 3 ayadək, 11 faizi 3 aydan 6 ayadək, 14,7 faizi 6 aydan 1 ilədək, 14,1 faizi isə 1 il və yuxarı müddətdə məktəbə getməyib.
Dərsə gəlməyən şagirdləri necə cəzalandırmalı?
Bir çox ölkələrdə cəza sistemi tamamilə fərqlidir. Məsələn, qonşu Türkiyədə bu cəza sistemi çoxdan tətbiq olunur. Şanlıurfada hər hansı səbəb olmadığı halda məktəbə gəlmədiyi müəyyənləşən, böyük əksəriyyəti qız olan məktəblilərin valideynlərinə 2 milyon 462 min 790 TL pul cəzası verilib. Məktəbə gəlinməyən hər gün üçün 15 lira (7 AZN) məbləğində pul cəzası müəyyənləşdiyi üçün toplam cəza məbləği bu qədər yüksək olub. Sözügedən şəhərdə uşaqların məktəbə göndərilməməsi halları çox geniş yayılıb və bu səbəbdən də valideynləri bu formada cəzalandırma mexanizmi tapılıb. Orada 3 min 541 şagirdin heç bir səbəb olmadan 1 ilə 3 ay arasında dərslərə girmədiyi müəyyənləşib.
İngiltərədə isə vəziyyət nisbətən fərqlidir. İngilis qanunlarına görə, şagirdlər ailələrinin icazəsi ilə məktəbə ən çoxu 2 həftə ərzində getməyə bilər. Amma vacib dərsləri və imtahanları olduğu zamanı dərsdən yayınma yolverilməzdir. Xüsusən də GCSE imtahanını ötürmək kimi bir səhvə əsla düşmək olmaz. GCSE imtahanın ödənişi daha öncədən edildiyi üçün imtahana girməyən şagirdin ödədiyi məbləğ də avtomatik olaraq yanır. Və növbəti il GCSE imtahanına girə bilmək üçün də yenidən müvafiq məbləğ ödənməlidir. GCSE imtahanı may ayının sonu-iyunun əvvəlində baş tutur.
Fransa liseylərində icazəsiz 10 gün dərsə getməyən şagirdin qiyməti neçə olursa-olsun, uğur qazanmamış sayılır. 1 və ya 2 gün müddətində dərsə gəlməyən şagirdin valideyni tərəfindən yazılan ərizə vacib sənəddir. Amma bu müddət 1 həftə və ondan artıqdırsa, bu zaman həkim arayışı tələb olunur.
2012-ci ildən Almaniyada da dərsə gəlməyən şagirdin valideyninin cəzalandırılması qüvvəyə minib. Cəzanı kifayət qədər sərt adlandırmaq olar. Belə ki, 20 dəfə ardıcıl əsassız səbəbdən dərs buraxan şagirdin valideyni daha uşağının təhsilinə müdaxilə və ya nəzarət edə bilməz. Yeni qanun onları sadəcə bu hüquqdan məhrum edir. Qanunun işləməsinə birbaşa yeniyetmələrlə iş üzrə məhkəmənin hakimləri nəzarət edir. Əgər şagird 20 gün dalbadal dərs buraxırsa, hakim dərhal həmin uşağın valideynlərini uşağın təhsili ilə bağlı bütün hüquqlardan məhrum edir. Bundan sonra uşağın davamiyyəti, təhsili yalnız təhsil ocağının nəzarətində olur. Məktəb hətta səbəbsiz dərs buraxan şagirdi ilkin olaraq cəzalandırmaq məqsədilə onu məcburi əməyə cəlb edə və ya ailəni cərimə ödəməyə məcbur edə bilər. Bu yalnız xəbərdarlıq məqsədli ilk cəzadır. İkincidə isə məktəb məhkəmənin dəstəyi ilə şagird üzərində nəzarəti tam əlinə alır və valideyn avtomatik olaraq hər hansı təsir edə bilmək imkanını itirir.
Statistikaya görə, hazırda Almaniyada şagirdlərin 8 faizi təhsilini başa vurmadan məktəbi atır. 8 faiz isə rəqəmlə yarım milyondan çox yeniyetmə deməkdir. İndi dövlət yeni qanunun köməyi ilə bu rəqəmi 2015-ci ilə qədər yarıbayarı azaltmağı planlaşdırır.
SEVINC
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ