İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhsa Əmininin ailəsi onun ölümünün ikinci ildönümünə hazırlaşır

2022-ci ildə İranda polis saxlayandan sonra vəfat etmiş kürd əsilli Məhsa Əmininin ailəsi hakimiyyət icazə verəcəyi halda, onun ölümünün ikinci ildönümünü keçirəcəyinə ümid edir. Əmininin ölümü "Qadınlar, Həyat, Azadlıq" şüarı ilə etiraz hərəkatına səbəb olmuşdu.

Sentyabrın 12-də AzadlıqRadiosuna göndərdiyi mesajda Məhsanın atası Amjad Əmini deyir ki, qızının dəfn olunduğu qəbiristanlıqda anım tədbiri keçirməyə hazırlaşırlar, bir çox adam ziyarət istəyini dilə gətirib.

"Biz, Məhsa Cina Əmininin ailəsi, İranda kədər içində olan bütün ailələr kimi qızımızın xatirəsini onun vəfatının ildönümündə ənənəvi dini mərasimlə yad etmək hüququmuzdan yararlanmaq istəyirik", – o, audio mesajda söyləyib.

Əmini ötən il deyirdi ki, ictimai tədbir keçirə bilməyiblər, çünki hakimiyyət Məhsanın dəfn olunduğu, Kürdüstan vilayətindəki Aiçi məzarlığına girişi bağlayıb.

"Bu il belə məhdudiyyətlər qoyulmasa, sentyabrın 15-də il mərasimi keçiriləcək, əziz və şərəfli xalqımızdan çoxsaylı xahişlər almışıq", – o deyib.

Ötən il Əmini qızının il mərasimində qısa müddətə saxlanılıb, ailənin evdən çıxmasına icazə verilməyib.

İki il öncə baş verənlər

22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 16-da vəfat edib. Bu il onun vəfatının ildönümü sentyabrın 15-nə düşür.

Əmini sentyabrın 13-də guya hicabı düzgün bağlamadığına görə saxlanılıb. Bir neçə saat sonra koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Həmin il İranı bürüyən etirazlarda azı 500 etirazçı öldürülüb. Bunu Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı hesablayıb.

Etirazlarla bağlı azı 10 nəfər edam olunub, onların nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücumlarda əli olduğu iddia edilib.

Ötən il Əmininin vəfatının ildönümü ərəfəsində hakimiyyət öldürülənlərin ailə üzvlərinə təzyiqi gücləndirib. Adamlar həbs edilib, dindirilməyə çağırılıb, onlara anım tədbirləri keçirməmək üçün xəbərdarlıq olunub.

(AzadlıqRadiosu)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR