Onlayn ictimai-siyasi qəzet
22 yaşlı Tofiq bir neçə nəfərə qarşı dələduzluq edib. O, mobil telefon satmaq adı ilə sosial şəbəkə üzərindən müxtəlif şəxslərdən ilkin ödənişlər alıb.
Musavat.com xəbər verir ki, Tofiq bu əməlləri törədən zaman barəsindəki başqa bir cinayət işinə görə məhkəmə tərəfindən axtarılırmış.
O, bu əməllərini Naxçıvanda həyata keçirib.
Tofiq 8 nəfərdən onlara “İphone” markalı mobil telefon satacağını vəd verərək ilkin ödənişlər alıb. Lakin həmin şəxslərin hamısını aldadıb.
Tofiq ifadəsində əməllərini etiraf edib. Bildirib ki, məhkəmə tərəfindən 2 ay axtarışda olub. Axtarışda olduğu zaman instaqramda “kredit_telefonlar_asya” adlı səhifə açaraq ilkin ödənişlə telefon satışı etdiyini qeyd edib. Bu məqsədlə 8 nəfərdən ilkin ödəniş alıb.
İstintaq zamanı müəyyən edilib ki, Tofiq aldığı pulları ayrı-ayrı tanışlarının kartına köçürərək nağdlaşdırıb ki, diqqət çəkməsin.
O, əməlindən peşman olduğunu, zərərçəkmişlərə ziyanın ödənildiyini deyərək məhkəmədən yüngül cəza istəyib.
Şahid ifadələrindən aydın olub ki, Tofiqin açdığı səhifə adında telefon mağazası olub. Tofiq həmin mağazanın adından istifadə edərək ödənişləri alıb. Telefonu əldə edə bilməyən zərərçəkmişlərdən həmin telefon mağazasına gedənlər də olub. Onlara deyilib ki, mağazanın adından istifadə ediblər.
Zərərçəkmişlər eyni üsulla aldadılıb. Onlardan biri isə iki dəfə aldadılıb. Belə ki, Tofiqə verdiyi pulu tələb edən şəxs ikinci dəfə tora düşüb. Tofiq ondan pulunu qayataracağını, kart göndərməsini istəyib. Həmin şəxs Tofiqə kartının şəklini göndərib. Tofiq kartın arxa hissəsinin də şəklini istəyib. Həmin şəxs Tofiqin bu istəyini də yerinə yetirib. Bundan istifadə edən Tofiq həmin şəxsin kartında olan pulu da çəkib.
Daha əvvəl də dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayan Tofiq barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Daha əvvəlki cəzası ilə indiki cəzası birləşdirilərək qəti olaraq 2 il 7 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İ.Muradov
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ