İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: “Rusiyanın məğlub olmasını istəyənlər "xalq düşməni" kimi tanınmalıdır”

 

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini və Ukraynaya qarşı təcavüzkar müharibə başlayandan bəri sərt çıxışlar edən Dmitri Medvedyev telegram kanalı vasitəsilə yeni bəyanat verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın keçmiş prezidenti ölkənin müharibədə uduzmasını istəyənləri “xalq düşməni” hesab etməyə çağırıb.

Medvedyev müharibənin hazırkı əleyhdarlarını yüz ildən çox əvvəl “Rusiyanın Birinci Dünya Müharibəsində məğlubiyyətini arzulayanlarla” müqayisə edib. "Dövlət Departamentinin (ABŞ-red.) əlaltılarının son çıxışlarını oxuyanda mən bu iyrəncliyə son verməyin vaxtının gəlib çatdığını hiss etdim”,-deyə o yazıb.

Dmitri Medvedyev Rusiyanın məğlubiyyətini istəyən şəxsləri əməllərinin hüquqi keyfiyyətindən asılı olmayaraq “cəmiyyət düşməni” hesab etməyi təklif edir. Keçmiş dövlət başçısı bu terminin latın ekvivalentinin – “hostis publicus” olduğunu xüsusi vurğulayır. Həmin ifadə “xalq düşməni” kimi tərcümə oluna bilər. Bənzər bir termin Roma Respublikası dövründə, xüsusən də diktator Lutsius Kornelius Sulla dövründə istifadə edilib. Onun zamanında “cəmiyyət düşməni” kimi tanınan şəxslər məhkəməsiz qətlə yetirilirdilər. Sonralar Senat, məsələn, imperatorlar Neron və Kommodus da həmin üsuldan istifadə edib. Medvedyevin qeydində birbaşa qətl çağırışları yoxdur, lakin Təhükəsizlik şurası sədr müavininin ağzından latın ibarəsinə istinad edilməsi çətin ki, təsadüfi olsun.

Medvedyev “belə şəxsləri günlərinin sonuna qədər Rusiyaya buraxmamağı” təklif edib və “geri qayıtmağın yolunun hər kəsin önündə üzr istəmələri halında mümkün ola biləcəyini” yazıb. Medvedev həmçinin müharibə əleyhdarlarını bütün gəlir mənbələrindən məhrum etməyə çağırıb.

Medvedevin bu sözləri Rusiyanın Ukraynaya müdaxiləsi və sentyabrda başlayan səfərbərlikdən sonra yüz minlərlə insanın Rusiyanı tərk etdiyi bir vaxta təsadüf edib. Rusiya hakimiyyət orqanlarının nümayəndələri dəfələrlə bu vətəndaşları tənqid edib, bəzi məmurlar və deputatlar onları xəyanətdə suçlayırlar. Dövlət Dumasında ölkəni tərk edən ruslar üçün gəlir vergisi dərəcəsinin artırılması təklifləri səslənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR