İnsanlara hürriyət, millətlərə istiqlal!

Matviyenko Bakıya hansı MESAJLA GƏLİR? - DETALLAR

Mülki təyyarəmizin vurulmasından sonrakı bir aydan artıq müddətdə Rusiya-Azərbaycan münasibətlərində soyuqluq qismən yerini müsbət tendensiyaya verməkdədir. Son günlər bu istiqamətdə baş vermiş müsbət hadisələrdən biri Rusiyanın “Alfa Sığorta” şirkətinin təyyarə qəzası ilə bağlı sığorta ödənişlərini tam şəkildə həyata keçirməsini xatırlamaq olar. Bildirilib ki, şirkət həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb.

Bu arada Moskvada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacağı ilə bağlı Moskva hökumətinin hərəkətə keçməsi də diqqət çəkməyə bilməz. Abidə Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək. “Yeni Müsavat” qeyd edir ki, təntənəli mərasimdə Rusiya yüksək səviyyədə təmsil olunub: Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev tədbirdə iştirak və çıxış ediblər. O da faktdır ki, Rusiyanın mərkəzi telekanalları və rəsmi agentlikləri bu mövzuya xüsusi diqqət ayırıblar. “Rusiya Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir”, - Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova belə deyib. “Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq möhkəm ənənələrə və çoxillik qarşılıqlı fəaliyyətə əsaslanır. Biz mədəniyyət müəssisələrimiz və yaradıcı kollektivlərimiz arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirərək, onu daha da inkişaf etdirməyə çalışırıq”, - Lyubimova bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Novruz bayramı ərəfəsi Azərbaycana səfər edəcəyi xəbəri də bu qəbildəndir. Çünki məlum qəzadan sonra Matviyenko Azərbaycana səfər edəcək ən yüksək vəzifəli şəxs olacaq. Məlumata görə, Rusiya parlamentinin yuxarı palatasının sədri, ölkənin siyasi iyerarxiyasında təmsil olunan Matviyenko Bakıda Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparacaq. Matviyenko Rusiyanın təcrübəli dövlət xadimlərindən biridir, 2011-ci ildən də Rusiya Federasiya Şurasının sədridir. Matviyenkonun Azərbaycanla münasibətləri hər zaman normal olub və güman ki, onun gözlənilən səfəri də münasibətlərdəki soyuqluğu aradan qaldırmağa köməyi olacaq.

Doğrudur, onun İrəvana da səfəri nəzərdə tutulub. Hətta bu gediş “Rusiya-Ermənistan münasibətlərinin inkişafına təkan vermək məqsədi daşıyır”, - deyə xarakterizə olunub. Habelə, Federasiya Şurasının sədrinin Türkiyə səfərini qeyd etmək olar. Lakin bu siyasi marşruta baxmayaraq, Matviyenkonun Azərbaycana gəlişi xüsusi əhəmiyyətə malikdir. Yuxarıda da deyildiyi kimi, mülki təyyarənin vurulmasından sonra Rusiyadan ölkəmizə gələn ən yüksək ranqlı rəsmi şəxs olacaq. Buna qədər də bəzi addımların atılması müşahidə edilirdi. Misal üçün, Çeçenistan liderinin təyyarədə rəşadət göstərənləri təltif etməsindən, rəsmi Moskva adından danışan Mariya Zaxarovanın və Kreml sözçüsü Dmitri Peskovun yumşaq diplomatiya ritorikasından hiss olunurdu ki, Rusiya Azərbaycanla yaranmış gərginliyi daha da dərinləşdirməyə həvəsli görünmür. Sözsüz ki, Bakının tələbləri qalır - Rusiyanın özünün təzminat ödəməsi və atəş açanların, əmri verənlərin məsuliyyətə cəlb edilməsi. Lakin bu tələblərdən ziyadə sadalanan addımların atılması göstərir ki, Moskva Bakı ilə “buzları əridir”. Matviyenkonun səfərinin isə münasibətlərdə nə kimi təsir oyadacağı növbəti addımlarda bilinəcək.

Münasibətlərdə gərginliyin əlamətlərindən biri də Rusiyaya məxsus informasiya-mədəniyyət mərkəzi - Azərbaycandakı “Rossotrudniçestvo” nümayəndəliyi olan “Rus evi”nin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi və Azərbaycanın qanunvericiliyini pozduğu barədə Rusiya tərəfi məlumatlandırıldıqdan sonra, 3 fevral 2025-ci ildə Rusiya tərəfinə “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı nota göndərilməsi idi. Daha sonra “Rossiya Seqodnya” (Sputnik) agentliyinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər. Bundan əlavə, Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də “xor”a qoşulmuşdular. Son bir aydan artıq müddətdə isə Rusiya rəsmiləri loyal bəyanatlar verməklə diqqət çəkirdilər.

Elşad Musayev: "Paşinyan sülh müqaviləsini 2026-cı ilə qədər uzadacaq" »  Newscenter.az

Elşad Musayev

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayev “Yeni Müsavat”a dedi ki, Azərbaycan təyyarəsinin vurulmasından dövlət rəhbərliyinin və ictimaiyyətin mövqeyi qətiyyətli, haqlı idi. Deputatın sözlərinə görə, Azərbaycan kompensasiya ödənilməsini, günahkarların cəzalandırılmasını tələb edib: “Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi. Ancaq geri çəkilmədik və haqlı mövqeyimizi müdafiə etdik. Bizim Rusiya ilə gərginlikdə heç zaman marağımız olmayıb. Sadəcə, problemin üzərinə getdik. İndi isə Matviyenkonun səfəri və digər addımların atılması ondan irəli gəlir ki, Rusiya Azərbaycanla gərginliyin dərinləşməsində maraqlı deyil. Bunun da bir sıra siyasi-iqtisadi səbəbləri var. Bunun davamını gözləyirik və təyyarəni vuranların məsuliyyətə cəlb edilməsi mütləqdir”. E.Musayev bildirdi ki, Azərbaycan-Rusiya əlaqələrində təyyarənin vurulmasına qədər dinamik inkişaf müşahidə edilirdi, indi bu əlaqələrin qaldığı yerdən davam etməsi üçün rəsmi Moskva tələbləri tam icra etməlidir.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə də “Yeni Müsavat”a bildirdi ki, iki ölkə arasında gərginliyin ən pik dövründə belə Rusiyanın Azərbaycana yönəlik bəzi jestlər edəcəyini proqnozlaşdırmışdı: “Çünki Rusiya Qərblə müharibə vəziyyətindədir. Hazırkı şəraitin nə zaman normallaşacağı qeyri-müəyyəndir. Ukraynada gedən müharibə Avropa ilə Rusiyanın əlaqələrini pozub. Bu kontekstdə Türkiyə və Azərbaycan Rusiya üçün nəfəslik rolu oynayır. Rusiya da heç zaman bu nəfəsliyi bağlamaq istəməz. Ona görə də münasibətlərdə yumşalmaya gedəcəyi gözlənilən idi”. Deputat əlavə etdi ki, Azərbaycanın haqlı tələbləri gec-tez yerinə yetirilməlidir: “Ona görə həm Matviyenkonun səfəri, həm sığorta ödənişi, həm mərhum Heydər Əliyevə Moskvada abidə qoyulması Rusiyanın əlaqələri yumşaltmaq istiqamətində atdığı addımların bir hissəsidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

08 Mart 2025

BÜTÜN XƏBƏRLƏR