İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın sülhü yox, hakimiyyətini qorumaq istəyi davam edərsə… - xəbərdarlıq

 

Ermənistanın sülhə gedən yeganə real yolu Konstitusiyasını dəyişməkdən keçir. Bu dəyişiklik edilmədiyi müddətdə, danışıqlar nə qədər davam etsə də, nəticə verməyəcək.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında deyib. T.İsmayılov xatırlatdı ki, Ermənistanın hazırkı Konstitusiyasında, xüsusilə də preambuladakı Müstəqillik Bəyannaməsinə istinadda, Azərbaycana qarşı açıq ərazi iddiası mövcuddur:

“Bu faktı nə Alen Simonyanın, nə də Ararat Mirzoyanın bəyanatları gizlədə bilir. Rəsmi Bakı haqlı olaraq bildirir ki, əgər Ermənistan bu istinadı aradan qaldırmırsa, sülh sazişi sadəcə kağız parçası olacaq. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, sülh sazişinin əsas şərti “ərazi bütövlüyünə qarşılıqlı hörmət” prinsipinin həm beynəlxalq, həm də daxili qanunvericilikdə əksini tapmasıdır.

Paşinyan özü də etiraf edir ki, bu istinad Ermənistanın gələcək inkişafına, müstəqilliyinə və sülh sazişinin imzalanmasına maneə yaradır. Amma o, bu həqiqəti parlament və hökumət qarşısında açıq müdafiə etməyə cəsarət etmir. Çünki revanşist qüvvələr hələ də güclüdür və hər fürsətdə onu “xain” elan etməyə hazırdırlar. Mirzoyan kimi fiqurlar da “Konstitusiyada problem yoxdur” deyərək, ictimaiyyəti aldatmağa çalışır. Bu, sadəcə zaman qazanmaq və daxili sabitliyi qorumaq cəhdidir”.

Siyasi şərhçinin fikrincə, əslində, Ermənistan cəmiyyəti qarşısında iki yol var: “Ya konstitusiya dəyişikliklərinə gedib, sülhü təmin etmək, ya da revanşistlərin köhnə xəyal dünyasında ilişib qalmaq. Əgər İrəvan gələn il də bu dəyişikliklərə getməsə, sülh sazişi imzalanmayacaq. Nəticədə, Azərbaycan öz sərhəd və iqtisadi təzyiq alətlərini saxlayacaq. Bu isə Ermənistan üçün yeni təcrid dalğası deməkdir – nə regional əməkdaşlıq, nə nəqliyyat layihələri, nə də iqtisadi canlanma mümkün olacaq”.

T.İsmayılov qeyd etdi ki, Azərbaycan tərəfi vəziyyəti süni şəkildə gərginləşdirmədən prosesləri prinsipial tonda izləyir: “Bakı bilir ki, təzyiq alətləri yalnız siyasi deyil, iqtisadi və diplomatik sahələrdə də təsirlidir. Ermənistanla sərhədlərin tam açılmaması, regional layihələrdə iştirak imkanlarının məhdudlaşdırılması və tranzit güzəştlərinin verilməməsi – bunların hamısı real rıçaqlardır.

Paşinyan bu balansı qorumağa çalışsa da, əslində, siyasi reallıq ondan yanadır. O, seçkilər öncəsi xalqı qarşısında açıq sual qoyur: “Xalq sülhü seçəcək, yoxsa revanşizmi?” Amma məsələ təkcə xalqın seçimi deyil – dövlətin hüquqi bünövrəsinin dəyişdirilməsidir. Ermənistan əgər doğrudan da müstəqil və sabit gələcək istəyirsə, bu dəyişiklikdən qaça bilməz. İndi top İrəvanın meydanındadır. Bakı öz mövqeyindən dönmür və dönməyəcək. Çünki bu, təkcə diplomatik sənədin imzalanması deyil – regionda yeni tarixi mərhələnin başlanğıcıdır. Ermənistan isə hələ də keçmişin kölgəsində, qərarsızlıq və qorxu arasında sıxılıb qalıb. Paşinyanın sülhü yox, hakimiyyətini qorumaq istəyi davam edərsə, revanşistlər bir dəfə də qalib gəlmiş olacaq – amma bu dəfə Ermənistan dövlətçiliyi uduzacaq”.

E.Paşasoy,

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR