İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska rejimi qayıdır? - Dərslər bunu qaçılmaz edəcək, əgər...

ÜST: “EG.5 ştamının Azərbaycanda yayılması mümkündür, çünki...”

Pandemiya bitsə də, dünyada COVİD-19 narahatlıqları davam edir. İndi də alimlər bəzi ölkələrdə virusun “Omikron” ştamının başqa bir variantı “Eris”in meydana gəldiyini bildiriblər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu ştamın artıq dünyanın 51 ölkəsində aşkarlandığını qeyd edib.

Səlahiyyətli şəxslər hazırda bununla bağlı dəqiq məlumat verməyin tez olduğunu bildirsələr də, bu, insanları yeni bir pandemiyanın gözlədiyi həqiqətini dəyişmir. Referans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yunanıstanda Afina-Pire xəstəxanasının həkimləri assosiasiyasının prezidenti Matina Pagonis bildirib ki, “Eris” ştamı COVİD-19-un hələ bitmədiyini və mutasiyaların davam etdiyini göstərir. Hazırda onun simptomları zəif görünür. Ancaq buna baxmayaraq, xroniki xəstəlikləri olanlara və yaşlı insanlara xüsusi qayğı göstərilməlidir. Sosial məsafə kimi tədbirlər həyata keçirilməlidir. Alimlər bu virusun sentyabrda kəskinləşməsindən narahatdır: “Hazırda "Eris"in yavaş-yavaş yayıldığı görünə bilər. Bu, yay tətili və məktəblərin bağlanması ilə əlaqədardır. Ancaq sentyabrda insanlar ofislərə qayıtmağa başlayacaq, məktəblər açılacaq və hava şəraiti səbəbindən daha çox insan qapalı yerlərdə çox vaxt keçirəcək. Bu da öz növbəsində xəstəliyin artmasına səbəb ola bilər".

“Eris”in simptomları bunlardır: baş ağrısı, halsızlıq, boğazda bəlğəm yığılması, burun axıntısı, boğaz ağrısı, bir-iki gün davam edən yüksək temperatur.

Qeyd edək ki, “Eris” ştamı xüsusilə turizm kurortlarında yayılıb. Tibb ekspertləri bundan qorunmaq üçün əlləri tez-tez yumağı, antiseptik vasitələrdən istifadəni, lazım olduğu hallarda maska taxmağı, simptomlar yüngül olarsa, evdə qalıb insanlarla ünsiyyət qurmamağı bildirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən “Yeni Müsavat”a mövzu ilə bağlı bildirildi ki,  EG.5 ştamı  haqqında ilk məlumat bu ilin 17 fevral tarixində verilib və 19 iyuldan yeni ştam kimi nəzarət altındadır: “EG.5 ştamının yayılma sürəti yüksək olsa da, bu günə qədər xəstəliyin ağırlıq dərəcəsində heç bir dəyişiklik qeydə alınmayıb. Koreya və Yaponiya kimi ölkələrdə EG.5 və COVİD-19 xəstəxanaya yerləşdirmə nisbətində paralel olaraq artım var, lakin bu yeni ştam və xəstəxanaya yerləşdirmə arasında heç bir əlaqə müşahidə edilməyib. Bununla belə, yayılma sürətinə və bəzi xüsusiyyətlərinə görə EG.5 bəzi ölkələrdə və hətta qlobal miqyasda yoluxma hallarının artmasına səbəb ola bilər”.

Qurumdan ““EG.5 ştamının Azərbaycanda aşkar olunması gözlənilirmi” sualına belə cavab verilib: “Hər bir yeni ştam çox güman ki, hər ölkəyə yayılacaq, çünki biz qlobal dünyada yaşayırıq. Əhəmiyyətli olan, bütün ölkələrin epidemioloji müşahidə fəaliyyətlərini davam etdirmələri, genomik ardıcıllığın müəyyənləşdirilməsini və bu məlumatları ÜST ilə bölüşməsini təmin etməkdir. Bu addımlar vəziyyəti qiymətləndirməyə və müvafiq sübuta əsaslanan tövsiyələr verməyə yardımçı olacaqdır. O ki qaldı insanlar özlərini necə qorumasına, COVİD-19 peyvəndləri xəstəliyin ağırlaşmasına, xəstəxanaya yerləşdirməyə və ölümə qarşı güclü qoruma təmin edir. COVİD-19-un yayılmasının qarşısını almaq üçün qaydalara riayət olunmalıdır.

Belə ki, əllər tez-tez spirt tərkibli dezinfeksiyaedici ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu dirsək büküyü və ya salfetlə örtün. İstifadə edilmiş salfetləri dərhal atın və əllərinizi təmizləyin, kütləvi məkanlardan uzaq durun və məsafə saxlayın, əgər özünüzü yaxşı hiss etmirsinizsinizsə, maskadan istifadə edin. Simptomlar yaranarsa və ya COVİD-19 testi müsbət olarsa, sağalana qədər özünüzü təcrid edin".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Həkim: “Hansısa qapanmanın olması ehtimal olunmur, amma...”

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu viruslar COVİD-ə qədər də davamlı şəkildə olub: “Sadəcə olaraq, əvvəlki ştamların yayılma arealı, bundan əlavə, insan sağlamlığı üçün verdiyi fəsadlar, risklər bir qədər fərqli idi, az idi. Bunlar müəyyən fəsillərdə, zamanlarda olub keçirdi. COVİD insanlar üçün təhlükəyə çevrildi, faciələrə yol açdı. Düşünmürəm ki, yeni virus belə bir həddə çata. Çünki bu tip pandemiyalar on ildən bir, yüz ildən bir baş verə bilir. Əlbəttə, yaşanan acı təcrübə hazırlıqlı olmağa əsas verir. Fikrimcə, hazırlıq da var. Həm tibb müəssisələri, bütün dünyada, o cümlədən bizdə də insanlar pandemiya dönəmində çox ciddi hazırlaşdılar, maarifləndilər. O baxımdan, düşünürəm ki, növbəti virus bu qədər təhlükəli olmaz, yoluxuculuğu da bu qədər çox olmaz. Artıq tibb müəssisələri də, insanlar da daha çox hazırlıqlıdır. Hansısa qapanmanın olması ehtimal olunmur. Amma hər bir varianta da hazır olmaq lazımdır. Bugünkü tibb də buna hazırdır. Biz artıq bu təcrübəni yaşamışıq, profilaktik tədbirləri bilirik. Məsafə saxlamaq, dezinfeksiyaedici məhlullardan istifadə edilməsi vacibdir. İnsanların sıx toplaşdığı ərazilərdə məsafəni saxlamaq lazımdır”.

Təyyar Eyvazov: Epidemiyanın alovlanma dövrlərində sadə qaydalara  etinasızlığın nələrə səbəb olduğunu unutmamalıyıq

Təyyar Eyvazov 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında deyib ki, virusun yeni ştamlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır: “Bu da təbii bir prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştam əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir. Bu ilin fevral ayında ilk dəfə aşkarlanmış koronavirusun "Omikron ştamının yeni alt tipi EG.5 ÜST tərəfindən maraq kəsb edən variant kimi dəyərləndirilib. Hazırda bu statusda olan daha iki variantdan XBB.1.5-in yayılma sayı azalmaqda, digəri isə XBB.1.16-nın səviyyəsi stabil qalmaqdadır. O bildirib ki, dünya əhalisinin əksər hissəsinin peyvənd olunması və infeksiyanın keçirməsi nəticəsində yaranan immunitet bu və ya digər dərəcədə onları qoruyur. “Omikron”un EG.5 variantına maraq məhz son dövrdə bu ştamma yoluxma hallarının sayında olan artımlardır. Belə hal hələ ki, əsasən ABŞ, Avropada və Sakit okeanın qərb hissəsində müşahidə olunur. ÜST rəsmiləri tərəfindən bu tendensiyanın davam edəcəyi və payızda pik həddinə çatacağı və onun dominant ştama çevriləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bildirilir ki, ümumi təhlükə səviyyəsi kiçikdir. Belə ki, bəzi ölkələrdə koronavirus səbəbindən hospitalizasiya hallarında cüzi artımlar olsa da, intensiv terapiya bölmələrində belə artımlar qeyd olunmur. Həmçinin COVİD-19-dan ölüm halları azalmaqda davam edir. Beləliklə, yeni ştamın daha ağır xəstəliyə səbəb olmasının heç bir sübutu yoxdur. Daha geniş miqyaslı tədqiqatlarda EG.5 ştamının klinik nəticələrə təsirini öyrənmək tələb olunur.

ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda insanların maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə 4-cü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Onu da qeyd edək ki, Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının daim diqqət mərkəzindədir. Ölkəmizdəki mövcud testlər koronavirusu növündən asılı olmayaraq aşkarlamağa imkan verir. Operativ Qərargahın statistik məlumatlarına əsasən, hazırda epidemioloji vəziyyət stabil qalmaqdadır, infeksiyanın yayılma səviyyəsi çox aşağıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR