İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşalın ŞOK intiharı – zəhərli kapsulanı Nürnberq həbsxanasına kim ötürüb?

20 noyabr 1945-ci ildən 1 oktyabr 1946-cı ilə qədər davam edən, “əsrin məhkəməsi” adını alan Nürnberq prosesində 403 iclas keçirilib.

Proses dövründə insanlığa qarşı və hərbi cinayətdə ittiham olunan nasist rəhbərləri Nürnberq şəhərindəki həbsxanada saxlanılıblar. Həbsxanada son dərəcə ciddi rejim qaydaları hökm sürüb. İttiham olunanların hamısı təkadamlıq kameralarda saxlanılıb. Onlara həftədə yalnız bir dəfə məktub yazmağa icazə verilib. Bağlama qəbul etməyə, yaxud da göndərməyə qadağa qoyulub. Həbsxana nəzarətçiləri iki saatlıq növbə çəkiblər. Həbsxana rəisinin əmri ilə nəzarətçilər gecə-gündüz hər 30 saniyədən bir kamera qapılarının kiçik gözlüklərindən nasist rəhbərlərini nəzarətdə saxlayıblar. Gecələr dəhlizdən kameralara işıq salınıb ki, saxlanılanların üzü aydın şəkildə görünsün. Onlara üzünü gizlətmək, yaxud da divara çevirmək qadağan olunub.

HERİNQ.jpg (155 KB)

Nəzarətin son dərəcə ciddi olmasına baxmayaraq, 3-cü Reyxin əsas simalarından biri olan Herman Herinq intihar etmək üçün kimlərinsə vasitəsi ilə zəhərli ampula əldə etməyi bacarıb. Bu hadisə kifayət qədər böyük siyasi qalmaqala səbəb olub, II Dünya müharibəsi zamanı müttəfiq olan SSRİ ilə ABŞ arasındakı münasibətləri gərginləşdirib. Belə ki, proses sona çatdıqdan sonra ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Stars and Stripes” qəzetində gedən yazıda qeyd olunub ki, Nürnberq məhkəməsi zamanı SSRİ tərəfindən olan dövlət ittihamçısı Roman Rudenko dindirmə prosesində Almaniya hərbi hava qüvvələrinin komandanı Herman Herinqi dözülməz davranışına görə məhkəmə sona çatmamış, heç bir hökm çıxarılmamış tabel silahı ilə şəxsən özü güllələyib.

Maraqlıdır, amerikalı jurnalistlər bu informasiyanı haradan əldə ediblər? Doğrudanmı Roman Rudenko mövcud qanunların üstündən keçərək reyxsmarşalın məhv edilməsinə bu cür hökm verib?

Bəli, həqiqətən də Herinq məhkəmədə özünü olduqca kobud və çılğın aparıb, bütün proses boyu gülümsəyib, arabir qəhqəhə çəkib, heç bir ittihamla razılaşmayıb, əksinə, özü kimlərisə ittiham edib. Amma Roman Rudenko onun bütün hərəkətlərini, danışdıqlarını təmkinlə qarşılayıb.

Məhkəmə Herinq haqqında asılmaqla edam hökmü çıxarıb. Marşal asılmaq tədbirinin çox üzücü bir prosedur olduğunu bilərək, məhkəmədən edamının güllələnməklə dəyişməsini xahiş edib. Onun xahişi yerinə yetirilməyib.

NURN.jpg (133 KB)

Edam hökmünün icra vaxtı ciddi şəkildə məxfi saxlanılıb. Amma yəqin ki, Herinqin bundan da xəbəri olub. Belə ki, o, edamın icrasına 2 saat qalmış saxlanıldığı kamerada intihar edib.

Reyxsmarşal özünü zəhərləyərək öldürüb. Onun zəhərli ampulanı içəri necə keçirməsi isə bu günə qədər müəmmalı olaraq qalır. Versiyaların birinə görə, görüşə gələn həyat yoldaşı Herinqlə öpüşərkən ampulanı ağzından ona ötürüb. Digər versiyaya görə, Herinq 3 belə ampula gəzdirib. Birini cibində saxlayıb ki, axtarış zamanı üzə çıxsın və digər ampulaların olması ilə bağlı şübhələr itsin. İkinci ampulanı çamadanda gizlədib. Üçüncü ampulanı isə istifadə etdiyi kremin içərisinə yerləşdirib.

Nürnberq prosesində Roman Rudenkonun köməkçisi olan Mark Raqinski isə fərqli bir versiya söyləyib. Onun versiyasına görə, zəhərli ampula Herinqin həyat yoldaşı vasitəsilə amerikalılara verilən böyük rüşvət qarşılığında kameraya ötürülüb.

Tarixçi Fransua Kersodi isə öz araşdırmalarında məsələyə daha çox aydınlıq gətirib:

“Sözsüz ki, Herinq məhkəmənin son nəticəsini əvvəlcədən bilib. Edamın bir addımlığında olmasına baxmayaraq, o, çox gümrah görünüb, proses zamanı zarafat edib, bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, tez-tez hakimlərin, dövlət ittihamçılarının sözünü kəsib. Herinq həm də yaxşı bilib ki, dar ağacının qarşısında dayanmayacaq. Çünki işini əvvəldən “rahat” tutub. O ki qaldı zəhərli ampulanın kameraya ötürülməsinə, bunu nəzarətçilərsiz etmək mümkün olmayıb. Çünki onların, nasist vəzifəlilərinin hər saniyəsi ciddi nəzarət altında saxlanılıb. Hətta Herinq edam vaxtını da dəqiq bilib. İçəridən kimsə ona “işləyib”, özü də yuxarılarla sıx əlaqəsi olan bir şəxs...”

NURNBERQ.jpg (122 KB)

Təbii ki, bütün bu faktların aşkarda olduğu halda ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi mətbu orqanının Roman Rudenkonu Herinqi güllələməkdə ittiham etməsi SSRİ üçün çox təəccüblü görünüb. Mərkəzi Komitə rəhbərliyi ABŞ-ın bu addımını qeyri-səmimi və yeni intriqalara zəmin kimi qiymətləndirib.

Həmin ərəfədə keçirilən müşavirələrin birində İosif Stalin məsələyə aşağıdakı kimi reaksiya verib:

“Nürnberq prosesini bütün dünya mətbuatı işıqlandırıb və həmin yazılarda nasist cinayətkarların Nürnberq həbsxanasında saxlanıldığı qeyd edilib, o da vurğulanıb ki, həmin həbsxana ABŞ-ın nəzarətində olub. Amma nədənsə Amerika mətbuatı bu faktı unudub. Unudub yazsın ki, Herinq üçün zəhərli kapsula məhz amerikalı nəzarətçilərin vasitəsi ilə içəriyə ötürülüb...”

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR