Onlayn ictimai-siyasi qəzet
10 il əvvəl Əfqanıstanda 1-2 milyard dollar dəyərində narkotik istehsal edilirdisə, indi bu rəqəm 5 dəfə böyüyüb. 2020-ci ildə əfqan mənşəli heroinin dövriyyəsi təxminən 10 milyard dollar təşkil edib.
Ölkəmiz Əfqanıstan mənşəli narkotiklərin Avropaya daşındığı yolların üzərində yerləşir. Ölkəmiz üzərindən daşınan narkotiklərin bir hissəsi də burada qalır və yayılır. Bu gün Azərbaycanda narkotiklərlə bağlı durum heç də yaxşı deyil. Hüquq-mühafizə orqanlarının apardığı mübarizə narkotiklərin qanunsuz dövriyyəsini əhatə edə bilmir.
Nə etməli? Vəziyyəti necə dəyişə bilərik?
Bu günə qədər ən müxtəlif üsullar təklif olunub. Məsələn, narkotiklərlə əlaqəli cəzaların sərtləşdirilməsi, cəzaların daha da ağırlaşdırılması təkliflər sırasındadır. Lakin bir çox ekspertlər cəzaları sərtləşdirməklə vəziyyəti dəyişməyin mümkün olmayacağını bildirirlər. Yüngül narkotikləri leqallaşdırmaqla vəziyyəti dəyişmək təklifi ilə çıxış edənlər də az deyil.
Marixuananın leqallaşdırılması mövzusu yeni olmasa da, hər zaman mübahisələrə səbəb olub. Dünyada marixuananın tam leqallaşdırıldığı ölkələr çox deyil. Bu sırada Uruqvay, ABŞ-ın 25 ştatı, Niderland və Kanada da var. Bu ölkələr marixuananın istifadəsi, satışı, alışı və saxlanılmasına icazə verib. Bəzi ölkələr isə marixuananı qismən leqallaşdırıb. Şimali Koreya, Çexiya, ABŞ-ın qalan ştatları, İspaniya, Portuqaliya və Avstriyada marixuananın dövriyyəsində məhdudiyyətlər tətbiq olunur. Marixuananın tibbi istifadəsi Xorvatiya, İsrail, Polşa və Yunanıstanda mümkündür.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, yüngül narkotikləri leqallaşdıran ölkələr sırasında ilk yerdə Niderland gəlir:
“Bu ölkəyə hər il marixuana çəkmək üçün çoxlu turistlər gəlir. Narkoturizm həvəskarları dünyanın dörd bir tərəfindən Niderlanda axışsa da, ölkənin özündə sağlam həyat tərzi mühüm yer tutur. Yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır. Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeyd alınıb.
Azərbaycanda həftədə bir dəfə kafedə, restoranda dostlarla toplaşıb araq, pivə içirik. Niderlandda isə həftədə bir dəfə toplaşıb nəşə çəkirlər. Yaxud tərkibində kiçik dozada tiryək olan xüsusi şokoladlar, tortlar, kekslər yeyirlər. Niderlandın yerli əhalisində belə hallara tez-tez rast gəlinir. Maraqlı həm də odur ki, niderlandlılar siqaret çəkməyə spirtli içki içməkdən daha pis baxırlar. Siqaretin ziyanı spirtli içkiyə nisbətən daha çoxdur. Siqaret xərçəngə yol açır, bədənə, ürək-damar sisteminə zərəri daha artıqdır. Həftədə 50-100 qram arağın, pivənin, çaxırın zərəri gündə bir qutu siqaret çəkənlə müqayisədə daha azdır. Yüngül narkotiklərin leqallaşmasına gəlincə, bu gün Azərbaycanda spirtli içki leqaldır, lakin spirtli içki içərək sükan arxasında əyləşmək, evdə spirtli içki hazırlamaq, spirtli içkini lisenziyasız satmaq olmaz. İşə içkili vəziyyətdə gələnlər çox rahatlıqla işdən qovulur. Niderlandda marixuanadan istifadə leqal olsa da, marixuana çəkib avtoşluq edə bilməzlər. İşə narkotik vasitədən istifadə edərək gəlmək də yolverilməzdir. Azərbaycanda da gec-tez yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq. Bu, zamanın diktəsidir”.
Natiq Ələsgərovun sözlərinə görə, Azərbaycanda səhv fikir formalaşıb ki, qonşu Gürcüstanda yüngül narkotiklərdən istifadəyə icazə verilib:
“Əslində isə Gürcüstanda marixuanadan (çətənə bitkisindən hazırlanır) istifadə dekriminallaşdırılıb. Qonşu ölkədə çətənədən və marixuanadan istifadə artıq cinayət hesab olunmur. Bu, sadəcə olaraq cinayət məsuliyyətindən azad etmədir. Əvvəllər marixuana çəkməyə görə 5 ilədək həbs edirdilər. Qanun dəyişəndən sonra isə həbs etmirlər, əvəzində böyük inzibati cərimələr tətbiq edilir. Narkotiklərin satışı və yayılması isə yenə də qadağandır. Amma ölkəmizdə yüngül narkotiklərin istifadəsinə icazə verməklə ağır narkotiklərin dövriyyəsini kiçiltmək olar. Vaxtilə Milli Məclisdə deputat Qüdrət Həsənquliyev bu məsələni qaldırmışdı. Deputat ölkədə yüngül narkotiklərdən, xüsusən marixuanadan istifadəni leqallaşdırmağı təklif etmişdi. Demişdi ki, narkotiklərin satışına, daşınmasına görə cinayət məsuliyyətinə cəlb etmək lazımdır, amma narkotik şəxsi istifadə üçün nəzərdə tutulubsa, belə insanları cinayət məsuliyyətinə cəlb etməyə son qoymaq lazımdır. Bu yanaşma həm də o baxımdan doğrudur ki, həbsxanaları narkomanlarla doldurmaq mənasızdır. Dövlət onları saxlamaq üçün böyük vəsait xərcləyir. Bu insanları məcburi müalicəyə göndərmək lazımdır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ