İnsanlara hürriyət, millətlərə istiqlal!

Manyaklarla qarşılaşan şagirdlər - uşaqlarımızı necə qoruyaq?

Ekspert deyir ki, pedofillər və manyaklar üçün cəza mexanizmi olmalıdır

Azərbaycanda zaman-zaman küçəyə, daha da pisi zibilliyə atılan uşaqlarla bağlı xəbərlər eşidirik. Planlanmayan, nikahdankənar dünyaya gələn, sosial vəziyyətdən dolayı imtina edilən, fiziki və ya əqli durumuna görə atılan uşaqlar var. Səbəblər nə qədər çox olsa da, bu səbəblərin aradan qaldırılması üçün atıla biləcək addımları, görülə biləcək tədbirləri nəzərdən keçirmək lazımdır. Bir neçə öncə məhz yeni doğulan körpələrin küçəyə atılmaması üçün dünya təcrübəsinə əsaslanaraq “Baby box”ların qoyulması təklif olunurdu. Bu, körpələrin həyati təhlükədən uzaq olması üçün optimal variant kimi görünürdü. Övladını atan valideynlərin cəzalandırılması, yaxud əksinə, onlara yardım edilməsi də müzakirə olunurdu, lakin bütün bu təkliflər göründüyü kimi, işlək mexanizmin tərtib olunması ilə yekunlaşmayıb.

Son illər pedofillər və manyaklarla bağlı da ciddi narahatlıq var. Bu yaxınlarda manyaklardan biri paytaxtda fəaliyyət göstərən məktəblərdən birinə daxil olmağı bacarmışdı. O zaman məktəbli qapalı məkanda olduğu üçün xilas ola bilmişdi. İki gün öncə isə azyaşlı məktəbli küçədə manyakla qarşılaşıb. O, ayıq davranaraq yol üstündəki dükana daxil olub. Hər iki halda videogörüntülərin çəkilməsi hüquq-mühafizə orqanlarının həmin şəxsləri tapmasına yardım edəcək.

Uşaqların təhlükəsizliyini qorumaq üçün hansı addımları ata bilərik? Ekspertlər vəziyyətdən çıxış yolunu nədə görürlər?

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam – Yeni  Çağ Media

Günel Səfərova

“Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyi”nin sədri Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda uşaqların vəziyyətini təhlil edən hesabat hazırlanmalıdır: “Biz 2012-ci ildə "Uşaq vəziyyəti hesabatı" hazırlamışdıq. Belə bir hesabatın yenidən hazırlanmasına ehtiyac var. Sosial münasibətlər dəyişdiyi üçün uşaqlarla bağlı neqativ halların səbəblərini araşdırmaq lazımdır. İstənməyən, təcavüzdən dünyaya gələn uşaqlar olur. Əgər uşaq xəstəxanada dünyaya gəlirsə, qeydiyyata düşür, imtina edilərsə, müvafiq qurumlar nəzarətə götürür. Mən güman edirəm ki, Masazırda yol kənarına atılan körpə ev şəraitində dünyaya gəlib. Bu halda uşaqlar küçəyə, zibilliyə atılır ki, təəssüf ki, cəmiyyətimizdə belə hallar yaşanır. Bəlkə həmin uşaq anasından gizli qaçırılıb, yaxud zorla alınıb küçəyə atılıb? Təfərrüatları bilmədiyimizə görə araşdırmanın nəticəsini gözləmək lazımdır".

Dünya təcrübəsinə gəlincə, G.Səfərova qeyd etdi ki, xarici ölkələrdə kilsələrdə, xəstəxanalarda “Baby box” (“Uşaqlar üçün qutu”) var ki, imtina edilən uşaqlar həmin qutulara qoyula bilər. Bizdə isə bunu tətbiq etmək mümkün olmadı, çünki imtina hallarının artacağı ehtimalı var idi: “İllər əvvəl tətbiq olunan "De-institutlaşma proqramı" özünü  doğrultmadı (red: "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionaizasiya) və alternativ qayğı"  Dövlət proqramı nəzərdə tutulur). Hazırda övladlığa vermə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Bu, müəyyən qədər özünü doğruldub, çünki sistem elektrondur. Qeyd edim ki, dünyanın heç bir ölkəsində bu problemin köklü həlli yoxdur. Bunun yolu reproduktiv maarifləndirmədən, doğru məlumatın verilməsindən keçir. Təəssüf ki, “Reproduktiv sağlamlıq haqqında” qanun hələ də qəbul edilməyib. Hər qadının ana olmaq məcburiyyəti yoxdur. Hazırlıq, ortaq qərar olmalıdır. Təcavüz faktoru isə başqa tərəfdən təhlükəsizlik məsələsini gündəmə gətirir. Elə uşaq var ki, baxımsızlıqdan atılır, bəzi uşaqlar yetim qalır... Ümumiləşdirsək, Azərbaycanda imtina edilən uşaqların əksəriyyəti nikahdankənar dünyaya gəlir".

G.Səfərova azyaşlı qızları narahat edən manyaklar mövzusuna da toxundu. O hesab edir ki, belə halların yaşanmaması üçün ətrafdakı insanların diqqətli olmasına ehtiyac var: “Küçədə, yaxud başqa yerdə azyaşlı, gənc qızların narahat olduğunu görəndə onunla maraqlanmaq lazımdır. Məktəblərdə özünümüdafiə ilə bağlı maarifləndirmə olmalıdır. O cümlədən valideynlər də bu mövzuya həssas yanaşmalıdırlar. Dövlətin üzərinə düşən iş uşaq müdafiə siyasəti haqqında ciddi addımlar atmaqdır. Bu yaxınlarda uşaq məsələləri ilə məşğul olan qurumların hamısını birləşdirən onlayn platforma quruldu. Bu platformada Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq inspektorları, məktəb direktorları, müəllimlər, QHT və s. təmsil olunur. Bu dövlət səviyyəsində işlək mexanizmə keçməlidir, çünki koordinasiyalı fəaliyyət göstərmək önəmlidir. Pedofillərin və manyakların psixoloji problemi olur. Onlara qorxu aşılamaq lazımdır ki, uşaqlara yaxınlaşmağa çəkinsinlər. Sosial paketlər gücləndirilsə belə, belə halların qarşısını tamamilə almaq mümkün deyil, sadəcə, sayını azaltmağa nail olmağa çalışmaq lazımdır”.

Yaşlı vətəndaşlara qayğı göstərilməsi istiqamətində aparılan işlər (Humay  Axundzadə)- ARB24 (Gündəm) - YouTube

Humay Axundzadə

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Humay Axundzadə “Yeni Müsavat”a açıqlamasında qanunvericilik və sosial müdafiə sistemində yeni təcrübələrin yaranmasının zəruriliyinə diqqət çəkdi: “Uşaqların küçəyə atılması sosiologiyada sosial normalara, əxlaqi, mənəvi dəyərlərə zidd olan davranışla əlaqədardır. Sözügedən faktda isə nəinki körpədən imtina edilib, o, həyati təhlükə yaradan şəraitdə qalıb və nəticə göz önündədir. Cəmiyyətdə ailə dəyərləri nə qədər yüksək olsa da, ayrı-ayrı şəxslərin neqativ davranışının qarşısını tamamilə almaq qeyri-mümkündür. Övladından imtina etmək istəyən şəxs ictimai qınaqla qarşılaşacağını bildiyi üçün cinayətə əl atmaqla sanki özünü problemdən uzaqlaşdırmış olur. Uşaqlar həyatı üçün daha az təhlükə olması üçün müvafiq qurumlara verilməlidir. İmtina edən valideynlərə də dəstək göstərilməlidir, çünki övladını yol kənarına atan şəxs patoloji ruh halında ola bilər, depressiv pozuntudan əziyyət çəkə bilər. Bu baxımdan, mənəvi yardımla təmin olunması vacibdir”.

H.Axundzadə qeyd etdi ki, pedofillər və manyaklar üçün cəza mexanizmi olmalıdır: “Cinayətkarlar hansı cəza alacağını bilməlidir. İkinci məsələ icbari müalicədir. Cəzalandırmaq, həbs etməklə onları patoloji vəziyyətdən çıxarmaq mümkün deyil. Dünya təcrübəsində məcburi tibbi müdaxilələr var. Eyni zamanda uşaqlar erkən yaşlarından bilməlidir ki, kənar şəxslər onlara yaxınlaşa bilməz, "yox" deməyi, vaxtında qaçmağı, təhlükəni hiss etməyi bacarmalıdır. Övladını həddən artıq üzüyola böyüdən valideynlər onları təhlükələr qarşısında aciz qoyurlar".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirildi ki, uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur: “Uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, baxımsız və küçə həyatına məruz qalan, uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur. Bunun bariz nümunəsi 2020-2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın və ondan irəli gələn Fəaliyyət Planının qəbul edilməsidir. Ölkəmizdə küçə həyatına məruz qalmış, baxımsız uşaqlar aşkar edildikdə müvafiq aidiyyəti qurumlar tərəfindən uşaqların valideynləri inzibati məsuliyyətə cəlb edilir, ailələri ilə profilaktik maarifləndirmə söhbətləri aparılır. Bəzi hallarda (məsələn, ailənin sosial vəziyyətinin çox aşağı olması, valideyn tərəfindən uşağın istismar edilməsi) uşaqlar müvafiq müəssisələrə yerləşdirilirlər. Bu müəssisələr dövlət müəssisələri (uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlar) və qeyri-hökumət təşkilatlarının yaratdıqları sığınacaqlardır”.

Fazil Talıbov: "Adında 49 mənzil olan vətəndaşın 190 manata ehtiyacı ola  bilər?!"

Fazil Talıbov

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirdi ki, küçəyə atılan uşaqlara ilkin yardım qurumun səlahiyyətlərinə aid olan məsələ deyil: “Bir neçə ildir övladlığa götürmə istiqamətində dövlət siyasətinin icrası həyata keçirilir. İnternat evlərinə, uşaq müəssisələrinə təqdim edilən uşaqların isə reyestri  aparılır”.

Qeyd edək ki, Masazırda yolun kənarında körpə meyiti tapılıb. Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. İlkin məlumata görə, sellofan torbaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub. Hadisə şahidləri bildirib ki, yeni doğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Başqa bir ərazidə isə məktəbli qıza manyak yaxınlaşıb. Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib. Məktəbli onun təklifini rədd edərək yaxındakı mağazaya daxil olub. Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Daxili İşlər Nazirliyindən  bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR