İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun təklif etdiyi hərbi koalisiya kimə qarşı qurulacaq?- AÇIQLAMA  

 

“Qərb dövlətləri liderlərinin Qəzza eskalasiyasından sonra bir-birinin ardınca İsrailə səfər etmələri əlbəttə, İsrailə dəstəkdən daha çox bu dövlətlərin regional maraqları və daxili ictimai rəyə hesablanıb. Hazırda İsrailin bu şəkildə ciddi beynəlxalq siyasi dəstəyə ehtiyacı yoxdur”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Kənan Rövşənoğlu deyib. O bildirib ki, əgər İsrail dövləti üçün hər hansı təhlükə olardısa, o zaman Fransa, eləcə də digər Qərb dövlətləri hərbi dəstək verə bilərlər: “Məsələn, ABŞ daha konkret addım ataraq təyyarədaşıyan gəmi başda olmaqla İsrail sahillərinə bir donanma göndərib. Aydın məsələdir ki, hazırda bu cür hərbi dəstəyə ehtiyacı yoxdur, özünün kifayət qədər hərbi gücü var. Üstəlik, hərbi yardıma səbəb olacaq böyük miqyaslı döyüş əməliyyatları baş vermir. Hərbi koalisiya kimə qarşı qurulacaq? Qəzza zolağında yerləşmiş maksimum 30 min yüngül silahlı döyüşçüsü olan HƏMAS-a qarşı? Düşünürəm ki, bu, daha çox daxili ictimai rəyə, eləcə də regional maraqlara hesablanmış addımdır. Fransa bir zamanlar Yaxın Şərqdə təsirli ölkə olub, lakin son illərdə bu təsir minimuma düşüb. Hətta 2017-ci ildə prezident Makronun Livandakı siyasi böhranı həll etmək cəhdi uğursuz oldu, ölkə hələ də iqtisadi və sosial böhran yaşayır”.
 

A. Rövşənoğlu hesab edir ki, Böyük Britaniya və Fransa hakimiyyətlərinin hərəkətləri münaqişənin sakitləşməsinə deyil, əksinə daha da dramatikləşməsinə xidmət edir:

“Bu məsələdə ABŞ daha praktik addım atır, bir tərəfdən İsraili dəstəklədiyini bildirir, eyni zamanda müharibənin daha da alovlanmasının qarşısını alır, proseslərin nəzarətdən çıxmaması üçün addımlar atır. Ümumilikdə isə Yaxın Şərq-İsrail-Fələstin münaqişəsinin davam etməsi bu regionda sülh və sabitliyin, sosial-iqtisadi inkişafın qarşısında əsas maneədir. Əgər Qərb ölkələri həqiqətən sülh üçün maraqlı olsaydılar, bu münaqişə illər əvvəl həll olunardı. Lakin bu, baş verməyib. İndi də Avropa ölkələrinin İsrailə bu şəkildə dəstək verməsi münaqişənin həllinə xidmət etmir, əksinə, bu qanlı yaranın daha da böyüməsi və davam etməsinə xidmət edir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR