İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun Cənubi Qafqaza səfər müəmması - Bakıya hansı üz və təkliflə gələ bilər...

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyinə dair məlumat yayılıb. APA xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb. Məlumata görə, səfər sentyabrın 9-10-na nəzərdə tutulur. Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək. Səfər barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Səfərin baş tutub-tutmayacağı ilə bağlı Fransanın öz rəsmi dairələrində də yekdil qərar yoxdur.

Fransa səfirliyi isə bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb.

Bu barədə “Report”  Fransanın Azərbaycandakı səfirliyinə istinadla məlumat verilib.

Daha əvvəl, “Alpha News” öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftə sonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıbmış.

“İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”, - “Alpha News” iddia etmişdi.

Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.

Bir sıra ekspertlər bildirir ki, Makron bu həftə olmasa da, yaxın zamanda regiona səfər edə bilər.

Maraqlıdır, Fransa Ermənistanı və Qarabağdakı separatçıları dialoqa gəlməyə imkan vermədiyi, qızışdırıcı mövqe tutduğu bir vaxtda Makron Cənubi Qafqaza hansı üz və təkliflə gəlir? Fransa prezidentinin bölgəyə, Azərbaycana gəlişi nəyisə dəyişə bilərmi? Ümumiyyətlə, bu səfərdə aydınlaşa bilərmi ki, Fransanın bu pozucu, şantajçı mövqedə dayanmasının səbəbləri nədir və nə istəyirlər?

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Erməniləri sakitləşdirmək üçün böyük ”bacıları" səfərə gələcək"

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Azərbaycan hərbi hissələrinin Ermənistanla şərti dövlət sərhədində cəmləşməsi bədnam qonşularımızı bərk qorxudub: “Ola bilsin onları sakitləşdirmək üçün böyük "bacıları" səfərə gələcək. Həm də ola bilsin Makron düşünür ki, bu səfərlə Azərbaycan Ordusunun qarşısını ala biləcək. Yəni biz İrəvanda Makronu görəndən sonra dayanacağıq. Və yaxud Makronun Bakıya səfəri Azərbaycanı nədənsə çəkindirəcək. Ermənilər elə düşünürlərsə, səhv edirlər. Fransa prezidentinin regiona səfəri uzaq başı olacaqları təxirə sala bilər, amma olacaqların qarşısını ala bilməz. Azərbaycan-Fransa münasibətlərinə gəldikdə isə Emmanuelin Bakı səfəri yumşalmaya doğru addım ola bilər. Görünü,r Fransa Azərbaycanla körpülərin tam yandırılmasını istəmir, ona görə də bu yöndə səylərini artırır. Azərbaycan-Fransa münasibətlərinin tam normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin həllindən keçir. Bu olmayana qədər hansısa Azərbaycan-Fransa tərəfdaşlığından söz belə gedə bilməz".

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “Makron ermənilərə sevgisini göstərmək istəyirsə...”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə qeyd etdi ki, Makronun Azərbaycana və Ermənistana səfəri ancaq və ancaq ermənilərin xeyri üçün nəzərdə tutulub: “Bu gün Makron ermənidən çox ermənidir! Birmənalı şəkildə bütün beynəlxalq hüquqa zidd olaraq Fransa Ermənistana dəstək nümayiş etdirir. Azərbaycan cəmiyyəti Makrona nəinki inanmır, hətta onu görmək belə istəmir, inanmır. Çünki Fransa Ermənistanı və Qarabağdakı separatçıları himayə edir. Özlərinin əlində vasitə kimi istifadə edir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin baş tutmamasının əsas səbəbkarlarından birincisi elə Makrondur, Fransadır. Qarabağda yaşayan erməniləri qızışdıran bir dövlətin başçısından gözləntilərimiz ola da bilməz. Özləri bu imici qazanıb. Makron ermənilərə sevgisini göstərmək istəyirsə, Fransada yaşayan ermənilərə ikinci dövlət qurmağa icazə versin və gedəndə özü ilə bərabər separatçı erməniləri də aparsın. Onlar unutmamalıdırlar ki, Azərbaycan dövləti heç zaman imkan verməyəcək ki, Azərbaycan ərazisində ikinci bir erməni "dövləti" qurulsun! Bunu Makron qulağına sırğa edib taxsın. Fransanın bu pozucu, şantajçı mövqedə dayanmasının əsas səbəbi Fransada yaşayan güclü erməni lobbiçilərinin əlində oyuncaq olmasıdır. Erməni lobbiçiləri bunu bacara biliblər".

Türkiyədə gerisayım başlayır: Ərdoğan liderliyi qoruyur - son 10 günün  gözləntiləri

Aqşin Kərimov: “Makron regiona ayaq bassa da...”

Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Makronun bu səfəri reallaşdırıb-reallaşdırmamasından asılı olmayaraq, ölkəsinin xarici siyasəti dəyişməyəcək: “Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaz regionuna səfəri ilə bağlı məlumatların təsdiqi olmasa da, ümumilikdə Parisin maraqları kontekstində inkişaf etdiyini görürük. Yəni Makron regiona ayaq bassa da, basmasa da, Fransanın xarici siyasətinin koordinatlarında ciddi dəyişiklik gözlənilmir. Əksinə, Fransa qlobal oyunçu kimi özünü ən gözəgəlimli vitrinlərə qoyub siyasətini daha da radikallaşdırmağı, hər regiona öz müstəmləkəçi subyekti kimi baxmağı davam etdirməyi qarşısına məqsəd qoyub. Afrikadan sürətlə qovulma planına məruz qalan, qlobal sferada açıq-gizli şəkildə ABŞ-Böyük Britaniya müttəfiqliyi tərəfindən sıxışdırılan Fransanın stabil konstruktiv mövqeyə köklənəcəyi ehtimalı azdır. Fransa, sadəcə olaraq, itirdiklərinin və ya itirəcəklərinin kompensasiyasını axtarır - Cənubi Qafqaz bu baxımdan Paris üçün yağlı tikədir. Fransanın Azərbaycan və Ermənistana yanaşmaları ilə yanaşı Gürcüstanla bağlı da strategiyasını itiləşdirəcəyi qənaəti yaranır. Artıq hökumətindən icazəsiz Avropa turnesinə çıxan Gürcüstan Prezidenti Salome Zurabaşvili Emmanuel Makronla da görüşüb. Mümkündür ki, Makron Gürcüstanın Qərbə inteqrasiya prosesini Fransanın əlində monopoliyaya çevirməyə çalışır. Fransanın Cənubi Qafqaz siyasətindəki aktivləşmənin qlobal və regional səbəbləri mövcuddur, məncə Parisin daha çox Böyük Britaniya və ABŞ ilə rəqabətinə diqqət etmək lazımdır. Rusiya və İran isə Fransanın həm rəqibi, həm də sövdələşə biləcəyi dövlətlərdir. Bunun səbəbi Fransanın kollektiv Qərb maraqlarından deyil, özünəməxsus strategiyadan çıxış etməsidir, hərçənd ki, Parisin regionda aktivləşməsinin qarşısını da alan hərəkətlilik az deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR