İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan Bakıya qəfil zəng - Paris bu pisliyi də bizə eləsə...

Fransa Senatı bu gün anti-Azərbaycan qətnaməsi qəbul edə bilər

Bu gün Azərbycan-Fransa münasibətlərində ən kritik günlərdən biri kimi yadda qala bilər. Noyabrın 15-də Fransa parlamentində ölkəmiz əleyhinə olduqca fitnəkar bir sənəd müzakirəyə çıxarılacaq. Sənəddə Azərbaycan Ermənistana qarşı “işğalçı siyasət aparmaq”da ittiham olunur, Azərbaycan neft-qazının Avropaya satışına qadağa üçün Avropa İttifaqı dövlətlərinə çağırış edilir. Həmçinin orada Ermənistana birbaşa hərbi yardımın edilməsi, “artsax”da Fransanın Humanitar Ofisinin açılması təklifləri yer alır və hətta ölkəmiz Beynəlxalq Məhkəmə ilə hədələnir. Maraqlıdır ki, Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsinə səsvermə ərəfəsində Ermənistan rəsmiləri bir-bir Parisə toplaşıb.

Əvvəlcə parlament sədrinin müavini Akop Arşakyan Fransanın paytaxtına uçub, ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə peyda olub. Mirzəyan fransalı həmkarı ilə, ermənipərəst deputatlarla görüşüb. Təbii ki, məqsəd səsvermə ərəfəsi fransız parlamentarları Azərbaycana qarşı daha aqressiv ovqata kökləməkdir. Arşakyan da artıq öz həmkarı ilə - Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pivetlə görüşüb. Ermənistan parlamentinin saytı xəbər verir ki, görüş zamanı o, səmimi qəbula görə Bron-Pivetə təşəkkürünü bildirərək, “Ermənistana və çətin sınaqlarla üzləşən erməni xalqına müstəsna həmrəyliyinə və dəstəyinə görə” Fransaya təşəkkür edib.

Yada salaq ki, Fransa parlamenti 2020-ci il noyabrın 25-də uydurma “artsax”ın tanınması haqda da qərar çıxarmış, lakin kağız üzərində qalmışdı. Ona görə ki, hökumət onu təsdiqləməli idi. Yəni bu sənəd də qəbul olunsa belə, tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. O səbəbə bildirilir ki, Arşakyan və Mirzoyan Parisə həm də hökumət üzvləri arasında təbliğat aparmaq üçün gediblər.

Bəs bu gün qətnamənin qəbulu ehtimalı necədir? Təsdiqlənərsə, Azərbaycan-Fransa münasibətlərində soyuqluq geridönmız xarakter ala bilərmi? Makron qətnaməni imzalayacaqmı?

Maraqlıdır ki, səsvermə ərəfəsində - noyabrın 12-də Fransa Prezidenti Makron azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Makron noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar. İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Azərbaycan lideri eyni zamanda Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.

İstənilən halda, Makronun zəngi nəyin təzahürüdür - Fransa hökumətinin senatın sənədini təsdiqləyəcəyinin, yoxsa təsdiqləməyəcəyinin anonsu? Bəlkə bu bir “nəbz yoxlanışı” idi?

Ermənistan Brüsseldə gözlədiyi dəstəyi əldə edə bilməyəcək” -

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a şərhində bildirdi ki, noyabrın 15-də Fransa Senatında Cənubi Qafqazda baş verən proseslərin, xüsusilə də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində qlobal güclərin böyük iradə ortaya qoyduğu indiki dövrdə mövcud reallıqların ruhuna zidd olan sənədin müzakirəyə çıxarılması gözlənilir. Bununla bağlı Azərbaycan dövlətinin sərgilədiyi sərt mövqe çox düzgündür. Azərbaycanın guya Ermənistana qarşı guya işğalçı siyasət aparmaqda, guya Ermənistanın bəzi ərazilərini işğal etməkdə ittihamı özündə əks etdirən bu sənəd Azərbaycana qarşı bir sıra kəskin sanksiyaların tətbiq edilməsini də nəzərdə tutur. Ermənipərəst senatorlar tərəfindən parlamentə təqdim olunan qətnamə layihəsində bir qədər də irəli gedilərək Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi və bir tərəfin birtərəfli qaydada silahlandırılmasına xidmət eləyən bənd də öz əksini tapıb: “Həmin sənəddə Ermənistana açıq və birbaşa şəkildə hərbi yardımların edilməsi, müxtəlif silah növlərinin Ermənistana çatdırılması ilə bağlı fikirlər də qeyd olunub. Eyni zamanda birbaşa beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmama, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bütün dövlətlər tərəfindən qəbul edilmiş prinsiplərinə zidd bir bənddə həmin sənəddə öz əksini tapır. Qeyd olunur ki, "Artsax ərazisi"ndə Fransa dövlətinin rəsmi ofisi açılmalıdır. Qətnamə layihəsində hətta Azərbaycanı Ermənistana qarşı soyqırım siyasəti yürütməkdə ittiham edirlər və buna görə Azərbaycanı beynəlxalq məhkəməyə vermək də təklif olunur. Mən hesab edirəm bununla Fransa Senatı bütün bəşəri dəyərləri və beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atdığını, onlar üçün heç beynəlxalq hüquq prinsipinin əhəmiyyət daşımadığını və neoimperialist maraqlarının hər şeydən üstün olduğunu açıq şəkildə bəyan etmiş olur. Fransa parlamenti tam mənada Fransadakı erməni diaspor təşkilatlarının, eyni zamanda Amerika Erməni Milli Komitəsinin tam təsiri altında, maliyyəsi ilə fəaliyyət göstərir. Hesab edirəm ki, Fransa parlamentində növbəti belə absurd və beynəlxalq hüququn prinsiplərinə zidd qərarın qəbul edilməsi gözləniləndir".

Politoloq vurğuladı ki, Fransa parlamenti bu qətnaməni qəbul etsə belə, onun hüquqi qüvvəyə minmə ehtimalı çox aşağıdır: “Fransa mövcud idarəetmə sisteminə əsaslanaraq bildirə bilərik ki, Fransa Senatında qəbul edilmiş qərarlar, xüsusilə xarici siyasətlə bağlı qəbul edilmiş qərarlar Fransa hökuməti üçün tövsiyə xarakteri daşıyır və onların hüquqi qüvvə daşıması üçün məhz hökumət, Prezident təsdiqləməlidir. Əks təqdirdə, parlamentin qərarı hüquqi qüvvəyə minməmiş sayılır. Əslində 2020-ci il noyabrın 25-də senatın qəbul etdiyi ""Artsax" respublikasının tanınması ilə bağlı qərar" da kağız parçasıdır, hüquqi qüvvəsi yoxdur. Çünki prezident təsdiqləməyib. Hesab edirəm ki, indiki mərhələdə senatda haqqında söhbət gedən anti-Azərbaycan qətnaməsi qəbul edilsə də Fransa hökuməti, Fransa Prezidenti imzalayıb hüquqi qüvvə qazandırmağa risk etməz. Avropa İttifaqı Şurasının Prezidenti Şark Mişelin təşəbbüsü ilə aparılan sülh danışıqlarının müəyyən nəticələr əldə etməsi Fransa hökumətinin də siyasətinə təsir edib. Mişelin təşəbbüsləri Cənubi Qafqazda sülhün bərqərar olmasına gətirib çıxara bilər. Bunu dərk eləyən Fransa hökuməti mümkün bütün variantlardan istifadə edərək Cənubi Qafqazda sülhün təmin olunmasına problemlər yaradacaq addımlar atmağa çalışır. Bununla Fransa özünün Cənubi Qafqaz maraqlarını qorumağa çalışır. Makron və Fransa hökuməti Cənubi Qafqazda sülhün qarşısını almaqda maraqlı olsa da bu qədər açıq şəkildə Azərbaycanla qarşı-qarşıya gəlmək, Cənubi Qafqazın əsas ölkəsi olan, Avropa İttifaqının qarşıdan gələn soyuq aylarda enerji ilə təchizatında mühüm tərəfdaşa çevrilən Azərbaycanla münasibətləri korlamaq istəməz. Azərbaycan Prezidentinə Makronun zəngi də bununla bağlıdır".

A.Əliyev onu da dedi ki, Fransa Senatının irəli sürülən qətnamə layihəsindəki bütün bəndləri qəbul etməsi ehtimalı azdır: “Bəzi bəndlər layihədən çıxarıla bilər. Məsələn, Qarabağda Fransanın humanitar ofisinin açılması kimi absurd bəndin qəbul edilməsi real görünmür. Qəbul olunsa belə, həmin sənədin Makron tərəfindən imzalanması real deyil. Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının baş tutması onu göstərir ki, Makron Azərbaycanın önəmli dövlət olduğunu dərk edir. Bu zəng 15 noyabr ərəfəsində Azərbaycana parlamentin yanaşmasının Fransa hökumətinin mövqeyi kimi qəbul edilməməsini çatdırmaq məqsədi daşıyırdı”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR