İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron uğursuzluğa düçar olsa, yeni hökumətin Azərbaycana münasibətində nələr dəyişəcək? - ŞƏRH

“Avropa Parlamentinə keçirilən seçkilərdə Makronun liberal qanadda yer alan partiyası “Reneisans”ın 15% səs qazanması müqabilində, onun rəqibi Marine Le Penin ifrat sağçı Milli Birlik Partiyasının 2 dəfə çox, yəni 32% səs qazanaraq qalib gəlməsi Makronun ciddi siyasi nüfuz itkisi olaraq dəyərləndirilir. Avroparlamentə seçkilərin nəticələrinin elan olunmasından dərhal sonra Fransa Milli Assambleyasının buraxılması da bunun göstəricisidir. Bu, həm də ictimai test olaraq da qiymətləndirilə bilər. Xalqa Avropa Parlamenti üçün etdikləri seçimin Fransaya da aid edilib-edilməyəcəyinə dair seçim şansı verilir”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.

1692188263303505561_1200x630.jpg (90 KB)

O bildirib ki, Fransada ilk dəfə dövlət rəhbəri Parlamentdə azlıq qrupa rəhbərlik edir:

“Fransada daha öncəki, yəni 2022-ci ildəki Parlament seçkiləri nəticələrinə baxdıqda görmək olur ki, 1997-ci ildən bəri ilk dəfə dövlət rəhbəri Parlamentdə çoxluğa deyil, azlıq qrupuna rəhbərlik edir. Həmçinin, 1988-ci ildən bəri ilk dəfədir ki, heç bir partiya tam (majoritar) çoxluq qazana bilmədiyi üçün Fransada hökumət koalision xarakter daşıyır. Yəni, ilk dəfə 2017-ci ildə tam çoxluğu qazanaraq prezident seçilən Makron, ikinci dəfə 2022-ci ildə seçilərkən onsuz da itirdiyi nüfuzunu, bu dəfə tamamilə xərcləmiş durumdadır. Qarşıdakı 2027-ci il prezident seçkilərində isə o, ümumiyyətlə iştirak etməyəcək. Bunun müqabilində onun rəqibi Le Pen açıqlama verdi ki, “Qarşıdakı seçkilərdə fransız xalqı bizə güvən duyarsa, iqtidarı ələ almağa hazırıq”. Beləliklə, iyun-iyul aylarında baş tutacaq Parlament seçkilərində uduzarsa, o zaman Makron yeni koalisiyalı hökumət qurmalı olacaq və burada ifrat sağçılar üstün olacaq. Ehtimallar prezident Makronun siyasi gücünün erkən seçkilərdə uğursuzluğa düçar olacağı yönündədir”.

Ekspert Avropa İttifaqı üçün ciddi çətinliklərin yaranacağını istisna etmir:

“Makron uğursuzluğa düçar olsa, Fransada ifrat sağçıların hökumət quracağını, yaxud koalision hökumətin qurulacağını və beləliklə Aİ üçün ciddi çətinliklərin yaşanacağını ehtimal etmək olar. Hətta İtaliya Baş naziri Corciya Meloni, Macarıstan Baş naziri Viktor Orban və ya Hollandiya Parlamentinin Azadlıq Partiyası fraksiyasının rəhbəri Gert Vilders kimi, Fransada qurulacaq yeni hökumətin də ifrat mövqe tutacağı, bunun vahid Avropa amallarına uyğun olmayacağı gözlənilir. Belə ki, adı çəkilən bu şəxslər Aİ-nin Ukraynanı hərbi olaraq dəstəkləməsinə, dolayısıyla Rusiya ilə müharibənin dəstəklənməsinə qarşı çıxmaqdadırlar. Le Penin Aİ-nin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinin əleyhinə mövqeyi hələ 2022-ci ildən bəllidir. Le Penin Aİ-nin yeganə nüvə ölkəsi olan Fransanı NATO-nun mərkəzləşdirilmiş əmr strukturundan çıxarılmasına dair iddialı fikirləri də olmuş və 2022-ci ildə onun seçkilərə qatılması zamanı xüsusi narahatlıqla qarşılanmışdı. O cümlədən, onun rəhbəri olduğu Milli Birlik Partiyası daha öncələri Fransanın Aİ-ni, azad Şengen zonasını və avro məkanını tərk etməsinə dair təklif irəli sürmüş, geniş Avroskeptik baxışları ilə diqqət çəkmiş, Macarıstan və Polşa kimi ölkələrdə ittifaq münasibətlərini inkişaf etdirməyi dəstəkləyib. O, bu mövqeləri ilə Rusiya üçün cazibədar görünə bilər”.

Ş.Cəlilzadə hesab edir ki, Fransa ifrat sağının Azərbaycan və Türkiyəyə münasibəti heç də bu amillər üzərindən ölçülməməlidir:

“Belə ki, onların Qarabağ və “erməni məsələsi” ilə bağlı mövqeləri Makronunkundan, Makron hökumətinin mövqeyindən xüsusilə fərqlənmir. Qarabağdakı qeyri-qanuni xunta rejiminin yaratdığı qondarma, hazırda mövcud olmayan “Dağlıq Qarabağ Respublikası”nın Fransa Respublikası tərəfindən tanınmasının lehinə olan bu qadının ölkə başçısı seçilməsi və onun iqtidarı ələ alması, çox güman ki, Azərbaycan üçün hər hansı müsbət mesajlar ötürməyəcək və bu baxımdan arzuolunmayan ssenaridir. 2017-ci il prezident seçkiləri öncəsi çıxışlarının birində “Mən inanıram ki, həm Azərbaycan, həm də Ermənistan üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair sazişin imzalanması arzuedilən olar” deyən xanım Le Pen böyük bir səhv edirdi. Bu ssenari nəinki arzuedilən, heç qəbuledilən də olmadı. Artıq Qarabağ tamamilə işğaldan və işğalı dəstəkləyən fransız faktorundan azaddır. Le Penin partiyasının üstünlüyü qarşıdakı seçkilərdə ələ alacağı təqdirdə, elan edildiyinə görə Cordan Bardella Baş nazir vəzifəsinə gətiriləcək. Maraqlıdır ki, o, hələ 2022-ci ildə Aİ-Azərbaycan enerji strateji əməkdaşlığına dair sazişi boykot edirdi, Aİ-nin Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozef Borreli “ermənilərlə dostluğu enerji sazişinə qurban verməkdə” günahlandırırdı. Aydındır ki, bu qrupun iqtidara gəlməsi Azərbaycan üçün heç bir müsbət impulslar vəd etmir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR