Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Qazaxıstan və Özbəkistana səfər edəcək; Astanada NATO mərkəzi açıldığı, Kremlin bundan qıcıqlandığı vaxtda Makronun Rusiyanın və Çinin nüfuz dairəsinə gedişi nə ilə bağlıdır?
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan və Özbəkistana 1-2 noyabr tarixlərində səfər edəcək. “Yeni Müsavat” bildirir ki, bu barədə Yelisey Sarayından məlumat verilib. Makron noyabrın 1-də Qazaxıstanda, noyabrın 2-də Özbəkistanda olacaq. “Fransa islahatlar və modernləşmə yolunda bu iki ölkəni dəstəkləməyə, beynəlxalq əlaqələrin şaxələndirilməsinə, eləcə də onların Avropa ilə münasibətlərini gücləndirmək niyyətinə töhfə verməyə hazırdır.
Qazaxıstan və Özbəkistanı Fransaya yaxınlaşdırmaqda məqsəd iqtisadi sahədə, xüsusilə enerji sektorunda, mühüm materialların tədarükü, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və müdafiə sahələrində əməkdaşlıqdır”, - məlumatda qeyd olunub. Yəni belə çıxır, hərbi sahədə əməkdaşlıq da diqqət mərkəzində olacaq. Halbuki Qazaxıstan “Rus NATO-su”nun - KTMT-nin üzvüdür. Amma ABŞ-ın Qazaxıstandakı səfiri Astanada “NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi” açdığını bildirib.
“Kreml Qazaxıstandakı NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi barədə daha ətraflı məlumat toplamalıdır, biz onu Astanadakı dostlardan alacağımızı gözləyirik”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Əlbəttə, biz hələ də daha ətraflı məlumat toplamağa ehtiyac duyuruq. Sülhməramlı missiyaların öz xüsusiyyətləri var. Qazaxıstan hərbçiləri sülhməramlı əməliyyatlarında dünyanın müxtəlif yerlərində iştirak edir. Astanadan olan dostlarımızdan əlavə məlumat alacağımıza ümid edirik”, - o bildirib. Görünən budur ki, Fransa Rusiyanın və eləcə də onun müttəfiqi Çinin təsir zonalarına nüfuz etməyə çalışır. Lakin buna nə dərəcədə müvəffəq olmaq mümkündür, dərin təhlilə ehtiyac var. Ümumiyyətlə, Fransa harada Rusiya varsa, ora daxil olmağa çalışır. Biz bunu Ermənistan üzərindən də görməkdəyik. İndisə Orta Asiya respublikalarında təsir imkanlarını gücləndirmək niyyəti hiss olunur.
Onu da qeyd edək ki, Makronun hakimiyyətə gəlişi ilə Fransada islamofobiya və türkəfobiya güclənib. Bu xüsusda Fransa rəhbərinin iki türk dövlətinə səfərinə, üstəlik, səfər çərçivəsində “müdafiə sahəsində əməkdaşlığa” Türkiyə və Rusiyanın reaksiyası necə olacaq? Paris yenə burnunu lazım olmayan yerə soxmur ki?! Məlumdur ki, Azərbaycan da Türk dünyasının mühüm ölkəsi, Güney Qafqazın isə açar dövlətidir. Ancaq Makron hakimiyyətdə olduğu müddətdə Ermənistanda səfərdə olsa da (2018), Azərbaycana heç vaxt gəlməyib. Halbuki onun sələfi Fransua Olland 2015-ci ildə İrəvanda olduqdan sonra balans naminə Bakıya da baş çəkmişdi...
Oqtay Qasımov
Politoloq Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Makronun Orta Asiyanın iki güclü ölkəsinə səfəri kifayət qədər diqqətçəkici hadisədir. Onun fikrincə, buna qədər də “Ağ ev” rəhbəri Bayden Nyu-Yorkda Orta Asiya dövlətlərinin rəhbərləri ilə görüşmüşdü. “İndi də Makron türk dövlətlərinə səfər edir. ABŞ-ın bu regionla əlaqələri iqtisadi müstəvidədir. Xüsusən Qazaxıstanla əlaqələri tənzimləyən neft müqavilələri var. Amma Fransanın bölgəyə gəlişinin böyük ölçüdə dəyişikliyə gətirib çıxaracağını gözləmirəm. Çünki Fransanın bu regionla siyasi, tarixi, mədəni bağları heç vaxt olmayıb”,_ deyə O.Qasımov belə qiymətləndirir. Politoloq hesab edir ki, digər tərəfdən Makronun Türkiyə və Azərbaycanla münasibətləri də təsir etməkdədir: “Yəni Fransa həm Türkiyə ilə mübarizə aparsın, həm bölgəni 150 il təsir dairəsində saxlayan Rusiyaya qarşı bu addımlar ata bilsin... Bu çətin məsələdir. Üstəgəl, Mərkəzi Asiya dövlətləri oturuşmuş və balanslı xarici siyasət aparırlar. Onların Çinlə də həmsərhəd olduğunu nəzərə alsaq, Fransanın regionda təsir güclərini artırmaq imkanı zəifdir. Ona görə NATO ölkələri bu bölgə ilə Türkiyə üzərindən əlaqə qurmağa çalışacaqlar, Fransa kimi avantürüst dövlətlə bunu edə bilməzlər. Eyni zamanda, həm Çin, həm Rusiya, həm Türkiyəyə qarşı Orta Asiyada strateji addımlar atmaq Fransanın gücü çatacaq iş deyil”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ