İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron ABŞ-ı belə ŞOKA SALDI

Fransa prezidenti Emmanuel Makronun Çin səfərində ABŞ və qlobal siyasətlə bağlı söylədiyi fikirlər Vaşinqtonu qəzəbləndirib. Fransa prezidentinin bildirdiyinə görə, Avropa ABŞ-la bərabər Tayvan ətrafındakı böhrana çəkilməməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Makronun sözləri Brüsseldə də sərt təpkiyə səbəb olub.

Qeyd edək ki, Çin lideri Si Cinpin ilə görüşdən sonra Makron Avropadan kənar, fərqli bir böhrana düşmək riski ilə üz-üzə olduqlarını söyləmişdi. Onun fikrincə, bu, Avropanın strateji muxtariyyət qurmasına mane olur.

“Avropalıların cavab verməli olduğu sual budur: Tayvanla bağlı aktivliyi gücləndirmək (yəni ABŞ-ın yanında olmaq-red.) bizim marağımıza uyğundurmu? Yox. Ən pisi odur ki, avropalılar bu məsələdə kiminsə arxasınca getməli, ya ABŞ-ın ritminə, ya da Çinin buna yönəlik kəskin reaksiyasına uyğunlaşmalıdırlar”, - deyə Makron bildirib.

Onun sözlərinə görə, ABŞ və Çin arasında münaqişənin kəskinləşməsi halında Avropanın öz strateji muxtariyyətini maliyyələşdirməyə nə vaxtı, nə də vəsaiti olacaq.

“Biz bu dünya düzənində üçüncü qütb ola biləcəyimiz halda vassala çevriləcəyik”, - deyə Fransa prezidenti bildirib. Makronun bu sözlərinə Atlantik okeanın o biri tayından cavab gecikməyib.

ABŞ-ın respublikaçı senatoru Marko Rubionun bildirdiyinə görə, əgər Makron bütün Avropanın adından danışırsa, o zaman ABŞ da bütün diqqətini yalnız Çini cilovlamaq üzərində cəmləşdirməli və qoca qitəni Ukrayna böhranını təkbaşına həll etmək faktı ilə üz-üzə qoymalıdır.

Makronun sözləri Avropa paytaxtlarında da xoş qarşılanmayıb. Avropa Parlamentinin Çin üzrə nümayəndə heyətinin rəhbəri Raynhard Butiköfer Fransa liderinin Çinə səfərini “tam bir fəlakət” adlandırıb.

“The Wall Street Journal” qəzeti Fransa prezidentinin “mənasız şərhləri” ilə ABŞ və Yaponiyanın Sakit okeanın qərbində Çini cilovlamaq cəhdlərinə zərbə vuracağını, həmçinin ABŞ-ın Avropadakı öhdəliklərini azaltmasını tələb edən amerikalı siyasətçiləri həvəsləndirəcəyini yazıb.

“Prezident Bayden oyaqdırsa, Makrona zəng edərək ondan Donald Trampın yenidən seçilməsinə kömək etməyə çalışıb-çalışmadığını soruşmalıdır”, - deyə qəzetin redaksiya məqaləsində belə bir cümlə yer alıb.

“Politico” saytı Makronun “Avropanın Tayvan məsələsində ABŞ-Çin qarşıdurmasına cəlb edilməməli olduğu” sözlərinin Vaşinqtonu şoka saldığını vurğulayır. ABŞ Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin sədri Mayk Qallager Makronun açıqlamalarını utancverici, rəzalət və geosiyasi baxımdan sadəlövhlük adlandırıb.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol isə Emmanuel Makronun fikirlərinin məyusedici olduğunu söyləyib. Onun sözlərinə görə, Çindən Tayvana gələcək hər hansı təhdid qlobal güc balansı üçün artan təhlükəni təmsil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR