İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mahmudovçu” generala hökm oxuyan hakimə yeni vəzifə verildi

Bakı Hərbi Məhkəməsinin hakimi  Elbəy Hidayət oğlu Allahverdiyevlə bağlı qərar verilib.

O, vəzifəsindən azad edilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin olunub.

Elbəy Allahverdiyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsinə 2016-cı ilin yayında təyinat almışdı. Buna qədər o, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsini daşıyırdı.

Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılan sonuncu səs-küylü iş “mahmudovçu” general Mövlam Şıxəliyev və digərlərinin cinayət dosyesi oldu.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsinə 2021-ci ilin oktyabrında daxil olub. İş üzrə məhkəmə araşdırmaları 1 ilə yaxın davam edib.

Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Elbəy Allahverdiyevin çıxardığı hökmə əsasən Mövlam Şixəliyevin müsadirəyə götürülmüş əmlakının bir hissəsi özünə qaytarılmaqla 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.

Yada salaq ki, Elbəy Allahverdiyevin təyinat aldığı Bakı Apelyasiya Məhkəməsində 1 aya yaxındır ki, Mövlam Şıxəliyev və digər 3 “mahmudovçu”nun apelyasiya şikayətlərinə baxılır.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR