Onlayn ictimai-siyasi qəzet
Dünyada günün əsas hadisələri Ukraynanın ilk dəfə ABŞ-ın uzaqmənzilli ATACMS raketi ilə Rusiyanın sərhəd bölgəsi Bryanskı vurması, prezident Putinin isə yenilənmiş nüvə doktrinasını imzalamasıdır.
Putinin sənədi ortada olsa da, ABŞ prezidentinin belə bir icazəni verdiyini nə görən var, nə təsdiq edən. Fransa və Britaniya isə ABŞ-ın rəsmən təsdiq etmədiyi qərarını dəstəkləyiblər. Əlbəttə, bu yanlışlıq deyil, onlar da xəbərdardırlar, bu razılaşmada əvvəldən bu dövlətlər var. Amerika indi “böyük qardaş” kimi qabağa düşüb, arxasınca onlar da öz raketləri ilə gəlməlidirlər. Britaniya “Storm Shadow”, Almaniya “Taurus”la, Fransa “SCALP ”la dəstək verməlidirlər. “Le Figaro” iki gün əvvəl yazmışdı ki, Fransa və Böyük Britaniya “SCALP” və “Storm Shadow” raketləri ilə zərbələrə icazə veriblər, amma tezliklə bu xəbəri saytdan çıxardılar. Ona görə hələ Rusiyanın qarşısına konkret hədəf kimi ABŞ öz raketi ilə çıxıb.
Amerika qorxaq ölkə deyil, amma Rusiyaya raket atmaq(bu raketi Pentaqonun iştirakı olmadan istifadəsi mümkünsüzdür) ben Ladenin arvadıının yatağında öldürülməsi deyil ki, yığışıb Ağ Evdə kofe içə-içə əməliyyata nümayişkarənə rəhbərlik edəsən, hətta bundan həzz alasan. Ona görə indiki susqunluq, müəmma haliyəsi başadüşüləndir, Amerika sisteminə uyğundur.
Həm də bu, bir az da “ayı”nın reaksiyasının öyrənməyə bənzəyir. Əvvəl quyruğun tapdalıyırlar, reaksiyanı gözləyirlər. Müasir diplomatiyada buna “qırmızı xətt” deyirlər.
Amerika əlbəttə ki, bu razılığı verib, Zelenskinin 5 bəndlik “Qələbə planı”nda gizli saxlanılmış maddələr də bu raketlərlə bağlı idi, yəni haraları vurmaq barədə konkretlik çoxdan vardı, belə xəritələr də yayılmışdı. Amma hədəflərin sayı Ukraynaya verilən(və ya sonra da veriləcək) raketlərin sayından dəfələrlə çoxdur. Bundan əlavə, Rusiya da fil qulağında yatmayıb, xüsusilə hədəf kimi göstərilən təyyarələr(hərbi aerodromlar) 300 km-dən daha uzaq ərazilərə köçürülüb. ATACMS raketlər də ucuz deyil, biri bir miyon yarım dollardır, həm də sayları özlərinin dediyinə görə, Pentaqonun arsenalında məhduddur.
Amerikanın aşağı ranqlı məmurlarının izahı belədir ki, Rusiya cəbhə bölgəsinə şimali koreyalı əsgərləri gətirdiyinə görə yeni gərginlikdə birbaşa günahkardır. Hətta iddia olunur ki, Ukraynaya ABŞ raketi ilə məhz şimali koreyalıları vurmaq tapşırılıb. Rusiya Müdafiə Nazirliyi Bryansk vilayətinə altı ATACMS raketi atılıdığını, onlardan beşinin vurulduğunu bildirib. Zelenski də Rusiyaya qarşı ATACMS-dan istifadə edildiyini birbaşa təsdiq etməyib, “indi bizdə ATACMS var və biz bütün bunlardan istifadə edəcəyik” deməklə kifayətlənib. Zelenskinin çoxdan istədiyi “oyuncaqla” Rusiyadan qisas almaq üçün sərhəddən uzaq hədəfləri vurmaq istəyinə düşə bilər, amma ABŞ-ın bu sarıdan narahatlığı yoxdur, çünki bu raketlərin onların nəzarətindən kənar istifadəsi mümkün deyil.
Kreml təbliğatçıları bu gün ərzində telekanallara çağırdıqları ekspertləri az qala boğurdular ki, onlar Rusiyanın cavabının “necə amansız” olacağını söyləsinlər. Amma görünür, rəsmi təbliğat belədir ki, hələ çox hay-küy salınmasın, Rusiyanın nüvə silahından istifadə edə biləcəyi haqda açıq hədə ilə danışmasınlar.
Hərbi mənbələr Rusiyanın cavabının bir neçə variantının ola biləcəyini deyirlər. Məsələn, Qara dənizdə NATO pilotsuz təyyarələri vurula, ABŞ-ın düşmənləri (İran, Husilər, Şimali Koreya və s.) Amerikanın donanması və qoşunlarına hücum etmək üçün müasir gəmi əleyhinə raketlər və sualtı torpedolarla təmin edilə bilər. Ukrayna sərhədlərinə yaxın NATO bazalarına - məsələn, Polşadakı logistika mərkəzinə, Rumıniyadakı F-16 bazasına və ya NATO ölkələrinin sərhədləri yaxınlığındakı hərbi anbarlara qeyri-nüvə zərbəsi endirilə, NATO ölkələrinin və ABŞ-ın infrastrukturuna qarşı kiber əməliyyatlar aparila və sairə...
Baydenin səlahiyyət müddətinin sonunda Rusiya ilə hansı səviyyədə qarşıdurmaya qərar verdiyini proqnozlaşdırmaq çətindir. Yəni anlamaq çətindir ki, Bayden komandası Trampın “sülhməramlı missiyasının” korlamaq üçün bu gərginliyi artırır, yoxsa bu, iki qocanın son görüşlərində soba qarşısında razılaşmasıdır. Trampın oğlu isə bu qərarı “atasının andiçmə mərasimindən əvvəl dünya müharibəsinə başlamaq istəyi” hesab edir. O da yenə də prezident oğlu kimi hakimiyyətin həzzini çıxarmaq istəyir, dünyanın dağılmasınını yox...
Nəhayət, Medvedyevin “Bayden ölərkən özü ilə dünyanın yarısını özü ilə aparmaq istəyir” fikri də yola saldığımız günün ən qanadlı ifadəsi oldu...
Nazim SABİROĞLU,
Musavat.com
20 Noyabr 2024
19 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ