İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Ukraynanın Aİ üzvlüyünə razılıq verəcəkmi - rəy

Makron-Orban görüşündən gözləntilər; “Proseslər Vaşinqtonda, Brüsseldə gözlənilən səviyyədə getmədi”

Fransa prezidenti Emmanuel Makron Ukraynanın Aİ-yə daxil olması məsələsini həll etmək üçün Macarıstanın baş naziri Viktor Orbanı Parisə dəvət edib.

Bu barədə “Politico” yazıb. Nəşr özəl mənbələrə istinadən qeyd edib ki, bu yolla Fransa lideri məsələdə kompromis əldə etmək istəyir. Yelisey Sarayı hesab edir ki, Macarıstanı Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməyə inandırmaq olar.

Adı açıqlanmayan bir mənbə “Politico”ya bildirib ki, belə bir hərəkət Orbanın “əvvəlcədən yüksəlişi” mənzərəsində sırf taktiki xarakter daşıyır, buna görə də məsələdə bir qədər optimizm var.

Nəzərə çatdıraq ki, Budapeşt Ukraynanın Aİ və NATO üzvlüyünə qarşıdır. Ancaq Avropa İttifaqının əsas üzvləri, xüsusən Fransa Ukraynanın Aİ-yə tezliklə daxil edilməsinə çalışırlar. Bu, şübhəsiz ki, mövcud qlobal siyasətin təzahürüdür, heç də Ukraynaya canıyananlıq sayılmamalıdır. Fransa, kollektiv Qərb Rusiya ilə savaşda bu fənddən də yararlanmağa çalışır.   

Ancaq bəlli qaydalar üzrə bunun üçün Macarıstanın razılığı şərtdir. 

Bəs Budapeşti buna razı salmaq mümkün olacaqmı? Makron Parisdə Orbana hansısa vədlər verərək, onu yumşalda bilərmi? 

Elman Nəsirov: "Paşinyanın milliyətcə türk olması nəticə etibarı ilə  hakimiyyətdən getməsinin katalizatoruna çevrilər" Pravda.az

 Elman Nəsirov 

Mövzu ilə bağlı deputat Elman Nəsirov “Yeni Müsavat”a danışıb: “Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranmış vəziyyət ABŞ Konqresində, eyni zamanda Avropa İttifaqında çox ciddi narahatlıqlar doğurmağa başlayıb. Hətta Viktor Orban belə bir ifadə işlətdi ki, "2024-cü ilin 5 noyabr Amerika prezident seçkiləri zamanı demokratlar məğlub olacağı təqdirdə Ukrayna ilə müharibənin bütün yükü Avropa ölkələrinin üzərinə düşəcək".

Eyni zamanda heç kəsə sirr deyil ki, Orban bu müharibədə ölkəsinin silah-sursat baxımından iştirakını da istisna edir, bu istiqamətdə addımlar atır və Slovakiya da  artıq bu istiqamətdə addımlar atır. Belə olan vəziyyətdə Makronun Voktor Orbanı Parisə dəvət etməsi və onunla məhz bu yöndə  danışıqlar aparması motivləri anlaşılandır. 

Artıq Rusiya-Ukrayna müharibəsinin 2-ci ili yaxınlaşır və proseslər Vaşinqtonda, Brüsseldə gözlənilən səviyyədə getmədi. Xüsusən də Ukraynanın yaz kampaniyası lazımi nəticələr vermədi və artıq ABŞ-da Ukraynaya əlavə maliyyə vəsaitinin  ayrılmasının özü ciddi bir problemə çevrilib.

Həmçinin artıq Aİ ölkələri düşünməyə başlayıb ki, gələcək necə olacaq, ABŞ bu  prosesdən uzaqlaşacağı təqdirdə Aİ ölkələrini nələr gözləyir? Nələr gözlədiyini də artıq Orban bəyan edib. Bu baxımdan, Orbanın Parisə çağırılmasının əsas hədəfi Ukraynanın Aİ-yə cəlb edilməsi prosesinə Macarıstanın mövqeyini dəyişdirməkdir. Çünki məlum olduğu kimi, ölkələrdən biri bu məsələyə yox deyərsə, Ukraynanın Aİ-yə üzvlüyü reallaşa bilməz. 

Beləliklə, indiki reallıqda Ukraynanın Aİ-yə daxil olması məsələsi çox mürəkkəb və müəmmalı görünür və Makron da belə bir  təşəbbüslə çıxış etməklə fon yaradır ki, o fəaldır, məşğuldur, problemi həll etmək istəyir və s. Amma hadisələrin inkişafı, dinamikası onu göstərir ki, Rusiya-Ukrayna müharibəsində  proseslər tamamilə Vaşinqton və Qərbi narahat edə biləcək ssenari üzrə inkişaf etməkdədir". 

“Makron Orbana hansı vədlər verə bilər?” sualına ekspert bu cür cavab verdi: “Aİ-nin əsas qanadını 2 ölkə təşkil edir - Almaniya və Fransa. Yəqin ki, Fransa prezidenti Macarıstana siyasi müstəvidə dəstək, eyni zamanda Almaniyanın köməkliyi ilə maliyyə dəstəkləri kimi məsələlər vəd  edə bilər. Çünki Rusiya-Ukrayna müharibəsi həm Aİ ölkələrinin iqtisadiyyatına çox ciddi şəkildə təsir göstərir və bundan əziyyət çəkən ölkələrin biri də məhz elə Macarıstandır. 

Amma  Orban kifayət qədər xarizmatik liderdir və hesab edirəm ki, sözlə onun mövqeyini dəyişmək çox çətindir".

Natiq Cəfərli: Büdcənin neft-qaz gəlirlərindən asılılığı yüksəkdir

Natiq Cəfərli

Real Partiyasının İcra Aparatının rəhbəri Natiq Cəfərli isə qeyd edib: “Yeni bir məlumat var ki, Macarıstan Rusiya-Ukrayna danışıqları üçün məkan olaraq öz ərazisini təklif edib və bu barədə Rusiya tərəfindən də müsbət cavab alıb. Çox güman ki, Makronun, Fransanın da istəyi o danışıqlarda tərəf, iştirakçı olmaq və danışıqların təşkilində özünün ciddi bir siyasi fiqur ölkə olduğunu sübut etməyə çalışmaqdır. 

Çünki Ukraynanın Aİ-yə üzvlük məsələsi heç də asan məsələ deyil, buna zaman lazımdır. Bunu  Macarıstan da, Fransa və  digər Aİ ölkələri də yaxşı anlayır. Amma Macarıstan bu məsələdə veto qoymaqla maksimum dərəcədə öz maraqlarını da təmin etməyə çalışır. 

Bu məsələdə Macarıstanın iki gözləntisi var. Avropa Birliyi Komissiyasının Macarıstana qarşı 2 qərarı var. Onlarda biri budur ki, Avropa Birliyinin büdcəsindən pandemiya ilə əlaqəli Macarıstana ayrılan yardımlar dayandırılıb. Yeganə ölkə Macarıstandır ki, 785 milyon avroluq yardım paketini hələ də almayıb. Səbəb kimi də Macarıstanda demokratiya, məhkəmə hakimiyyəti ilə bağlı problemlərin olması göstərilib. İndi Macarıstan deyir ki, lehinə səs verməyimi istəyirsinizsə, bu yardım paketini ayırın. 

İkincisi isə miqrant məsələsidir ki, Macarıstan bu məsələdə çox sərt mövqedədir. Avropa Birliyinin bir qərarı var ki, miqrantlar ölkələr arasında bərabər bölüşdürülməlidir. Amma Macarıstan buna  razı deyil. Yəni öz ərazisində miqrant qəbul etmək istəmir və yaxud az miqrant qəbul etmək istəyir. 

O ki qaldı Makronun hansı vədlər verəcəyinə, məlum olduğu kimi, hazırda onun hakimiyyətinin son dövrləridir. Qərb siyasətində belə  tipli prezidentlərə “axsaq ördək” deyirlər. Yəni növbəti seçkilərə gedə bilmir, getməyəcək. Buna görə də piar və tarixdə hansısa bir iz buraxmaq üçün addımlar atmağa çalışır. Yəni Makronun qoymaq istədiyi iz bundan ibarətdir. 

Həmçinin siyasətdə qalmaq istəyir. Məlum olduğu kimi, Fransada reytinqi çox ciddi şəkildə artıq aşağı düşüb. Amma beynəlxalq siyasətdə qalmaq istəyir. Məsələn, NATO-nun baş katibi  vəzifəsi gələcəkdə boşalacaq. NATO və yaxud bu kimi  digər nüfuzlu beynəlxalq strukturda, dünya siyasətində qalmağa çalışır.  Ona görə də son vaxtlar imicini yaxşılaşdırmaq, müəyyən piar kampaniyalarının aktiv iştirakçısına çevrilməyə çalışır. Məsələnin əsas açması bundan ibarətdir". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR