İnsanlara hürriyət, millətlərə istiqlal!

Litvinenko, Nemtsov, Priqojin... – Putinə asi (və torpağa) düşənlərin bir qismi...

Qiyamçı Priqojinin Rusiyada hakimiyyətə qarşı qaldırdığı silahlı qiyamın ikinci ayının tamamında aviaqəzada ölməsi dünyada heç kəs təəccübləndirməyib.

Heç kəs bu təyyarə qəzasının təsadüfi olduğunu, texniki nasazlıq üzündən və ya eniş edərkən pilotların səhlənkarlığından baş verdiyi düşünmür.

Zatən, təyyarə artıq göyün yeddinci qatından, qamışlıqdan atılmış güllə ilə vurulmuş ördək kimi kəllə-mayallaq yerə gələndə aydın idi ki, bu, pilotluq məsələ deyil. Texniki nasazlıq da istisnadır. O boyda adamlar xarab təyyarəyə minməzdilər.

Hətta bu aviaqəza tamam başqa səbəblərdən, deyək ki, quş sürüsü ilə toqquşmadan sonra baş veribsə belə, yenə hamının dilində bir rus soyadı var, hər kəsin nəzərləri o adama – prezident Putinə çevrilib.

qiyam-pri.jpg (29 KB)

Hələ iyunun 24-də, Priqojin qiyamı yarımçıq saxlayaraq, öz muzdlu əsgərlərinə dislokasiya yerlərinə qayıtmaq barədə əmr verəndə, minlərlə, bəlkə milyonlarla adam onun gələcəyi barədə məşum proqnoz vermişdilər: “Çox çəkməyəcək, öldürüləcək”.

Çox çəkmədi, elə oldu. İki ay elə bir böyük müddət deyil. Bunun 2-3 həftəsi şokdan çıxmağa getdi, 1-2 həftəsi zəruri izahat işlərinə xərcləndi, 3-4 həftəsi qiyamçının harada olmasını, nə etməsini, sonrakı planını öyrənməyə sərf olundu və budur, adam özü də yoxdur, sağ əli olan, “ilana ağu verən kərtənkələ”si Utkin də. Vurulmuş “utka” kimi yerə çırpılan təyyarədə Utkin də olub.

Baydenin Priqojinin ölümündən danışaraq “onun başına gələnləri bilirəm və təəccüblənmirəm” deməsi də göstərir ki, o da yüz milyonlarla digərləri kimi düşünür, aviaqəzanı şəxsən Putinin təşkil etdirdiyini güman edir.

Adamlar niyə ortada heç bir dəlil-sübut olmadığı, texniki, kriminal araşdırma başa çatmadığı halda məhz sui-qəsddən şübhələnirlər?

Çünki bu, birinci, beşinci, onuncu hadisə deyil. Son yüz ildə Kremlin sifarişi və təşkilatçılığı ilə yüzlərlə (bəlkə də minlərlə) belə hadisələr olub: Kremlə müxalif olan, asi düşən adamlar ya birbaşa sui-qəsdlə, ya təşkil olunmuş qəzalarla, ya da “qidadan zəhərlənmə” ilə aradan götürülüblər.

rebbe.jpg (177 KB)

Elə bu günlərdə ötən əsrin 50-ci illərinin sonunda Münhendə Ukrayna millətçiləri Stepan Bandera və Lev Rebetin DTK-nın killeri Boqdan Staşinski tərəfindən zəhər püskürən tapança ilə qətlə yetirildikləri barədə yazı dərc etmişdik. Bu qətllər barədə ilk versiya insult olub, çünki zəhərin izi öldürülənlərin bədənində qalmayıb, amma araşdırmalar daha dərindən aparıldıqda DTK izi ortaya çıxıb. Daha sonra killer özü hər şeyi etiraf edib, hamını, o cümlədən DTK-nın şefi Şelepini “baqaja qoyub”.

1940-cı ildə Meksikada bolşevik inqilabının memarı, faktiki rəhbəri Lev Trotskinin Meksikada Ramon Merkader tərəfindən buz baltası ilə öldürülməsi birbaşa sui-qəsd olub, sonradan Merkader bu xidmətinə görə Moskvada orden-medal da alıb.

Sovet dövründəki siyasi qətllər, təşkil olunmuş qəzalar və “qəfildən zəhərlənmələr” bir az uzaq keçmişin işidir. Rusiyanın son 30 ildəki tarixinə ekskurs edəndə də bu kimi hadisələrin çox olduğunu görürük.

litv-polon.JPG (30 KB)

Təhlükəsizlik zabiti Aleksandr Litvinenkonun (1962-2006) Londonda rus kəşfiyyatçılar tərəfindən radiaktiv polonium maddəsi ilə zəhərlənməsi zamanı heç kəs başqa versiya üzərində düşünmədi və tezliklə sübut olundu ki, bu, Kremlin həyata keçirdiyi qəsddir.

Daha sonra düşmın tərəfə keçən ordu kəşfiyyatçısı Sergey Skripalı və qızının “noviçok” preparatı ilə zəhərlənməsi hadisəsi baş verdi, yenə gözlər Kremlə dikildi.

Ancaq rusiyalı iş adamı, bir zamanlar Rusiya siyasətinin yönəldənlərdən biri olmuş, sonradan Putinlə ixtilafa girmiş Boris Berezovskinin Londonda intihar etməsi xəbəri gələndə əvvəlcə bu versiyaya inananlar çox oldu. Lakin sonradan aydın oldu ki, bu işdə Berezovskiyə kömək ediblər.

Bundan əvvəl, bir dəfə, 18 iyul 2007-ci ildə Rusiyadan Berezovskinin canını almağa killer gəlib və Britaniya mətbuatı Londonda Berezovskiyə qarşı sui-qəsdin qarşısının alınması haqqında məlumat yayıb. Rusiyadan uşaqla gələn bu şəxs iyunun 21-də polis tərəfindən saxlanılıb və əlavə sübutlar olmadığı üçün Rusiya Federasiyasına deportasiya edilib. Ondan 5 il sonra 2013-cü ildə isə Berezovskinin özünün intihar xəbəri yayılıb. Polis bu məsələdə şübhəli məqamların olduğunu qeyd etsə də, işi bağlayıb, canını qurtarıb.

O da məlum olub ki, Berezovski ölümündən qabaq Putinə geniş məktub yazaraq, çox səhvlərə yol verdiyini, Rusiyaya qayıtmaq istədiyini, bağışlanmasını xahiş edibmiş.

ria-423081-preview.jpg (195 KB)

Çeçenistanın keçmiş prezidentləri Aslan Məshədovun (1951-2005) və Zəlimxan Yandirbiyevin (1952-2004) öldürülməsi də siyasi qətllər kateqoriyasına aiddir. Birincini Çeçenistanda xüsusi əməliyyat nəticəsində qətlə yetirmişdilərsə, ikincini Qətərin paytaxtı Dohada terror aktıyla, avtomobilini partladaraq öldürmüşdülər.

Çeçenistanın 1-ci prezidenti Cövhər Dudayevin də başına 1996-cı ildə oxşar hadisə gəlmişdi. Onlardan başqa bir xeyli çeçen müqavimətçilərinin sığındıqları ölkədə, xüsusilə də Türkiyədə terror yolu ilə aradan götürülməsi faktları məlumdur.

nemt-mux.jpg (55 KB)

2015-ci ilin fevralında Rusiya müxalifətinin parlaq lideri Boris Nemtsovun Moskvanın mərkəzində, Kremlin beş addımlığında güllələnib öldürülməsi zamanı artıq başqa versiyanın yeri yox idi, bu siyasi terror aktıydı. Yenə hamı Putindən şübhələnirdi. Amma çeçen terrorçular sinələrini qabağa verərək məsuliyyəti öz üzrələrinə götürdülər, fəqət qətlin motivinin nə olduğu barədə doğru-dürüst açıqlama verilmədi. Nemtsovun günahı nə idi, bilinmədi. Bu adam islamofobiyanı teleefirlərdə açıq mətnlə qınayan biri idi, prinsipcə, müsəlman çeçenlər onu qorumalıydı.

Kremlin şübhəli tutulduğu sui-qəsdlər və sui-qəsdə cəhd təşəbbüsləri çoxdur. Hamsını yazsaq, trilogiya (üç kitab) olar. Ancaq bu sui-qəsdlərin bəziləri uğursuz olub. Məsələn, 2004-cü ildə Ulraynada Viktor Yuşşenko prezidentliyə namizədliyini irəli sürəndən az sonra dioksinlə zəhərlənmiş, elə dilində desək, “ölüb ölümdən qayıtmışdı”. Onun həyatını yalnız üstün Qərb təbabətinin son nailiyyətləri nəticəsində xilas etmək mümkün olmuşdu.

_114061197_80262667-98be-436b-9b6c-49adc803e612.jpg (26 KB)

Rusiya müxalifətinin hazırkı lideri Aleksey Navalnını da 2020-ci ildə Omskda “noviçok”la zəhərləmişdilər, həkimlərin təcili müdaxiləsi nəticəsində həyatda qalmış, sonra Almaniyada bir neçə ay müalicə kursu keçmişdi.

Ona görə də indi Priqojinin aviaqəzada ölməsinə heç kəs təəccüblənmir.

Rusiya bu faktların heç birini boynuna almır. Ancaq Kremlə qarşı bu ittihamları irəli sürənlər də iddialarının doğruluğuna da əmindirlər, bilirlər ki, bu dövlət siyasi mübarizədə terror aktlarına əl atır, rəqib və düşmənlərini fiziki olaraq aradan götürməyi məqbul sayır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR