Onlayn ictimai-siyasi qəzet
Mili Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin müzakirəsinə çıxarılan media haqqında müzakirələr zamanı ilginc məqamlarla zəngin çıxış edib.
Musavat.com komitə sədrinin çıxışını təqdim edir:
“Müzakirəyə çıxarılan layihə coğrafi, hava, su məkanının qorunması ilə eyni təhlükəsizlik mahiyyəti daşiyan informasiya məkanı haqqındadır.
Vətən müharibəsində Qələbəmiz uzun illər ölkəmizin informasiya məkanına yönələn xarici müdaxilələri yeni müstəviyə keçirib. Əlbəttə, ötən 5 ildə Azərbaycanın media məkanında mühüm dəyişikliklər baş verib-o, daxili və beynəlxalq məkana uğurla çıxmağı bacarıb, xüsusilə qardaş Türkiyə və türk dövlətləri ilə ortaq media platformaları yaradılıb, dövlət mənafelərimiz ardıcıl və prinsipal şəkildə qorunub, bir vaxtlar hakimiyyət təmsilçiləri arasında medianın açıq-gizli savaşlar, komromat mübarizəsi, eləcə də xarici maliyyə axınlarının müxtəlif yollarla ölkəyə gətirilməsi nəticəsində feyk xəbərlərin və casus şəbəkələrinin tribunasına çevrilmək ənənəsi ən azı daxildə azalıb. Yaxşı xatırlayırıq ki, Qələbədən əvvəl media məkanı işğaldakı ərazilər kimi, hərbi əməliyyat bölgəsinə bənzəyirdi-cəbhə xətləri, boz zonalar, partizan müharibəsi və əks-hücumlar meydanını xatırladırdı.
Lakin 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olanlar son 5 ildə bütün resurslarını informasiya savaşına, “səlibçi jurnalist”lərin haker yürüşlərinə yönəldiblər. Zəfərimiz- qlobal erməni diasporu, Ermənistana dost ölkələr və onları himayə edən Qərb informasiya məkanında Azərbaycanın, onun siyasi liderinin imicinin aqressiv “demonizasiya”nı gücləndirib. Geosiyasi rəqabətin və informasiya əsrinin çağırışları rəqəmsal resursları və sosial şəbəkələri hibrid müharibənin əsas alətinə çevirib.
Qlobal informasiya məkanına nəzarət etməyə və milli dövlətlərin rəqəmsal-informasiya suverenliyini parçalamağa çalışanlar “müstəqil virtual dövlətlərə” çevrilən İT şirkətləri ilə birləşərək, yeni ideoloji kursu elan etdilər: qədim Romada “parçala və hökm sür” siyasətini 21-ci əsrin rəqəmsal çağırışlarına uyğunlaşdırıb, idarə olunan xaosun yeni şüarı “Sındır. Sızdır. Parçala” şəklində irəli sürdülər.
“Araşdırmaçı jurnalistika” adı ilə 2006-cı ildə yaranan qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” 80 ölkədə 160 jurnalisti birləşdirir . Hamısı “P” hərfi ilə başlayan, “offşor dosyeləri”-əslində küfr və cəfəngiyyatdan ibarət hekayələri Panama, Paradise, Pandora sənədləri, Pegasus adlı məlumat sızdırma fəaliyyəti konkret ölkələrdə müstəqil siyasət yürüdən hakimiyyətlərə qarşı təzyiq silahıdır, xammalı saxta xəbər olmaqla yazıçı Corc Oruelin “böyük televizor”u vasitəsilə ölkələri təsir dairələrində saxlamaq vasitəsidir.
Elə isə sual olunur- nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfindədir? Suala regional və beynəlxalq sirləri daha yaxşı bilən prezident İlham Əliyev dəqiq cavab verir-sitat:”bizi iradələrinə tabe etdirmək istəyirlər”. Bəli, Qələbəmizi əlimizdən almaq, mümkün olmadıqda onu ləkələmək yolu seçiblər. Unutmayaq ki, informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir, iqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin bir parçasıdır. Təsadüfi deyil ki, Avropa Birliyi 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir.
Bir mötəbər araşdırmada deyilir ki, cəmiyyətlər elə bir maskimallığa öyrədilib ki, sensasiya və şok, qarşıdurma və kütləvi inamsızlıq, linç və siyasi ləkələmə gündəlik tələbat malına çevrilib, real fakt və xəbərin qəbulu get-gedə çətinləşir. Pandemiyada olduğu kimi, ayrı-ayrı fərdlər, sosial baxımdan həssas və narazı qruplar daha təhlükəli viruslara – infodemiyaya uğrayıblar. İctimai rəydə yaradılan saxta siyasi qənaət və emosional reaksiyalar media kanalları və şəbəkələr vasitəsilə tirajlanaraq normalaşdırılır, nəticədə hədəf kütlə faktlar və reallıq yerinə, eşitmək istədiyi abstrakt gerçəkliyi seçir. Qlobal şəbəkə virtual Azərbaycanı real Azərbaycanla konfliktə sürükləyir. Göbbelsin “min dəfə təkrarlanan yalan həqiqətdir” devizi 21-ci əsrin reallığında rəqəmsal faşizm və despotizmin fonunda daha yaxşı işləyir.
Onlara qarşı tədbirlər görülən kimi bütün xarici himayadər qruplar-USAİD başda olmaqla “avtokratiyalar medianı boğur” deyərək, saxta hesabatlar hazırlayır, “Sərhədsiz jurnalistlər” kimi Azərbaycanda söz azadlığının durumuna dair saxta indekslərlə təsir agentlərinə çevirdkləri qüvvələrin müdafiəsinə qalxırlar.
Məsələn, abzas.media mətbuat meyarlarına qətiyyən uyğun olmasa da onun daxildə fəaliyyətini təşkil edən və korrpusiyaya qarşı mübarizə apardığını söyləyən şəbəkənin özü xaricdən 100 minlərlə dollar vəsaiti qaçaqmalıçılıq, vergidən yayınma ilə ölkəyə gətirir və məsuliyyətə cəlb olunur, lakin abzas.media platforması fəaliyyətini davam etdirir. Göründüyü kimi, belə quruluşların bütün texniki resursları, redaksiya siyasəti və xəbər mənbələri kəşfiyyat strukturlarının iradəsi, əməliyyat üsulları, mənbələri və 3-cü sektorun pərdəsi arxasında gizlənən konkret xarici dövlətə bağlıdır.
Beləliklə, ötən 3 ildə media qanununa tabe olaraq, fəaliyyətini milli mənafelər və hüquqi tələblər çərçivəsində aparanlarla yanaşı, daxildə mövqeyi sarsıldığı üçün xaricdə formalaşdırılan terror mediası, hansı ki, Azərbaycan Baş prokurorluğu tərəfindən barələrində həbs qəti imkan tədbiri seçilib, o cümlədən, boz zonalarda qalan-yalnız hakimiyyət orqanlarına qarşı böhtanla gəlir mənbələrini, oxucu auditoriyasını artıran medialar hələ də mövcuddur.
Azərbaycanı tərk edən aşağı savadlı, lakin heç bir mənəvi-əxlaqi normanı gözləməyən- terror mediası jurnalist vəsiqəsi daşıyıcıları, menecerlər, ekspertlər ölkə hüdudlarından kənarda gündəlik rejimdə Azərbaycan hakimiyyətinə deyil, məhz dövlətə və milli mənafelərə qarşı düşmənçilik kampaniyası aparırlar.
Trampın hakimiyyətə gəlməsi ilə USAİD və onunla birlikdə şəbəkəli fəaliyyət göstərən qurumların maliyyə mənbələrinə külli miqdarda zərbə vurub. Dövlətdən asılılıqdan azad olmağı dünyada təşviq edənlər özləri büdcədən birbaşa qidalanırlar. USAİD-in fəaliyyətinin dayandırılması dünyada demokratiyanı azaltmayıb, əksinə, ölkələrin daxili işlərinə müdaxilələr, rejim dəyişdirmə əməliyyatları kəskin azalıb. Beləliklə, informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Media subyektlərinin, xüsusilə, informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi vacibdir. Ötən 4 ildə “Media haqqında” yeni qanun qəbul ediləndən sonra dəyişiklikləri zəruri edən səbəbləri ümumiləşdirərək, beynəlxalq hüquqa uyğun aşağıdakı layihə təklif olunur:
Bir daha sonda inanırıq ki, 44 günlük savaşda olduğu kimi Vətənin müdafiəsini genişləndirib, hava və dəniz məkanı kimi rəqəmsal coğrafiyamızı, “kibervətəni” də 44 günlük Zəfərdəki kimi qoruyacağıq. Bu həm də müqəddəs Şuşanın müdafiəsi deməkdir!”
Musavat.com
05 Iyul 2025
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ