İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva ermənipərəst mövqeyini dəyişəcək(mi) - Bakı səfərinə zəruri sözardı

Bu ölkədə artıq yeni reallıqları qəbul edir

Litva prezidentinin Azərbaycana və Ermənistana səfərləri bu ölkənin illərdir Bakıya qarşı tutduğu mövqeyi də gündəmə gətirib. Qondarma erməni soyqırımını 2005-ci ildə tanımış ölkələrdən biri olan Litva Seymi vaxtilə hətta Qarabağın separatçı rejimi ilə parlament dostluq qrupunun yaradılmasına da çalışırdı. Müharibə dövründə də bu ölkə ermənipərəst mövqe nümayiş etdirdi. 

“Bilirəm ki, Azərbaycandan sonra prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var”, - Prezident İlham Əliyev vurğulayıb. Maraqlıdır ki,  Bakıda olduğu müddətdə Litva rəhbəri münaqişə, Azərbaycanın müharibədə qələbəsi haqda, ümumiyyətlə, danışmadı.  

Litvalı jurnalist, publisist Gintaras Visotskas “Caliber” analitik mərkəzinə hələ ötən il verdiyi müsahibəsində rəsmi Vilnüsün  Azərbaycana yanaşmasında ciddi səhvlərin olduğunu qeyd edib. ‘’Litvanın Cənubi Qafqazdakı rəsmi xarici siyasəti Ermənistanı dəstəkləməyə yönəlib. Qalan hər şey əhəmiyyətsizdir. Məncə, rəsmi Vilnüs özünü düzgün aparmır. Litvanın qərəzli davrandığını gizlətsəm, ürəyimi bulandırardım. Ermənistana himayədarlığı göz qabağındadır. Litva liderləri Cənubi Qafqaza uçarsa, ilk işləri İrəvana səfər etməkdir. Onlar Bakıya yalnız Litvanın həm ermənilərə, həm də azərbaycanlılara qarşı eyni dərəcədə ədalətli olması görüntüsü yaratmaq üçün uçurlar", - deyə o bildirib. 

“Litvanın 44 günlük müharibəyə münasibəti necə idi” sualına cavab da hər şeyi deyir: “Litvalı siyasətçilərin, politoloqların və jurnalistlərin əksəriyyəti Azərbaycanı Qarabağı qaytarmaq üçün hərbi yol seçdiyinə görə tənqid edirdilər. Qarabağın beynəlxalq hüquqa görə Azərbaycana məxsus olması, rəsmi Bakının çox uzun müddət və səbirlə gözlədiyi, lakin Qərbin köməyini görmədiyi - bütün bunlar məharətlə arxa plana atıldı. Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığına görə tənqid olunmayıb. Rəsmi olaraq, Litva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma pərdəarxası fəaliyyət tam əksinədir. Rəsmi Bakıdan yan keçərək Ermənistan vasitəsilə Qarabağa gedən və geri qayıdan litvalıların uzun bir siyahısını misal gətirə bilərəm ki, onlar mediada ”qəddar azərbaycanlıların hücumları ərəfəsində bədbəxt ermənilərin hansı mənəvi və fiziki iztirablar çəkdiyini" təsvir edirlər".

Bakıda verilən bəyanatlar, iqtisadi əməkdaşlığın yeni konturlarının cızılması onu deməyə əsas verirmi Avropa Birliyinə üzv olan Litva, nəhayət ki, öz mövqeyində dəyişikliklər edəcək?

Brüsseldə Azərbaycan-Ermənistan arasında birbaşa danışıqların yeni  mexanizmi yaranıb" - deputat Aydın Hüseynov

 Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Azərbaycan dövləti həmişə Litva ilə yaxın əməkdaşlıq münasibətlərində maraqlı olub. Litvadakı müəyyən siyasi dairələr isə ermənilərlə sıx əlaqədə olduğundan Azərbaycan-Litva münasibətlərində daim soyuqluq yaranmasına çalışıblar: “Lakin artıq regionda və dünyada yeni reallıqlar formalaşır və bu reallıqlarda Azərbaycanın mövqeyi güclənir. Litva da artıq yeni reallıqları qəbul edir. Litva prezidentinin Bakıya səfərinin bu baxımdan əhəmiyyətli olduğu, Azərbaycan-Litva münasibətlərində yeni mərhələnin başlanmasına təsir edəcəyi qənaətindəyəm.  Prezident İlham Əliyev litvalı həmkarı ilə görüşdə Azərbaycanın mövqeyinin nədən ibarət olduğu, sülh tərəfdarı olduğu barədə həqiqətləri bəyan etdi. Litva prezidenti mətbuata açıqlamasında bəyan etdi ki, Azərbaycan Qafqaz regionunda ölkəsinin çox önəmli tərəfdaşıdır. İkitərəfli münasibətlərin 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsinin də Litvanın marağında olduğunu bəyan etdi və dedi ki, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var, bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq. Bu və digər fikirlər Litvanın Azərbaycanla münasibətləri dərinləşdirməkdə maraqlı olduğunun göstəricidir.

Əminəm ki, Prezident Gitanas Nausedanın Azərbaycana səfəri Litvanın erməni məsələsində mövqeyinə də əhəmiyyətli təsir göstərəcək. Litva prezidenti sülh tərəfdarı olan, inkişaf edən Azərbaycanla birbaşa yaxından tanış olmaq imkanı qazandı. Cənab Gitanas Nauseda İrəvana səfərində də yəqin ki, müəyyən təəssüratları yaranacaq və bu təəssüratlar ona Azərbaycanla Ermənistanı müqayisə edib aydın təsəvvürə gəlmək imkanı yaradacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR