İnsanlara hürriyət, millətlərə istiqlal!

Lift “terroru”nda xəsarət alanlar Şərurlu İsfəndiyarla bağlı baş prokurora şikayət yazdılar   

 

Ötən ayın 13-də “Şərur MTK” yaşayış kompleksində baş verən “terror” kimi lift qəzası ilə bağlı ölkə rəhbərliyinə müraciət olunub. Qəzada ağır dərəcəli xəsarətlər alan ailə üzvləri ölkə rəhbərliyinə, baş prokuror Kamran Əliyevə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Xətai rayon Prokurorluğuna ünvanladıqları şikayət məktubunda cinayətin araşdırılmadığını diqqətə çatdırır, təcili tədbirlər görülməsini xahiş edirlər.

Məktubda deyilir:   

“Mən, Nofəl Qiyas oğlu Nağıyev Sizi mənim və ailə üzvlərimin üzləşdiyi bədbəxt hadisə, eyni zamanda Xətai rayon Prokurorluğunun qeyri-qanuni hərəkətsizliyi barəsində məlumatlandırmaq istəyirəm. Diqqətinizə çatdırmaq istərdim ki, 13 iyun 2024-cü il tarixində mən və yaxınlarım Afət İlyas qızı Cəfərova, Xatirə Ədalət qızı Cəfərova, Lətafət İlyas qızı Əliyeva, Mədinə Nofəl qızı Əliyeva və 2021-ci il təvəllüdlü Banu Şamil qızı Cəlilzadə “Həzi Aslanov” stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur” MTK yaşayış kompleksində liftdə olduğumuz zaman liftin trosu qırılaraq şaxtanın özülünə çırpıldı. Nəticədə çoxsaylı ağır dərəcəli, açıq, qəlpəli sınıq xəsarətləri aldıq.

Belə ki, Afət İlyas qızı Cəfərovanın iç və bayır topuq sümüklərinin parçalı sınığı, Xatirə Ədalət qızı Cəfərovanın hər iki topuq sümüklərinin sınığı,  Banu Şamil qızı Cəlilzadə hər iki qamış sümüyünün proksimal ucunun yerini dəyişən qapalı sınığı, Mədinə Nofəl qızı Əliyeva TH 7 fəqərəsində compression sınıq, eyni zamanda fəqərə cisminin qismən deformasiyalaşması, Lətafət İlyas qızı Əliyeva döş fəqərələrinin subxondral sklerozu, torakal disk məsafələrinin daralması kliniki diaqnozu qoyuldu.

Dəhşətli qəzadan 1 gün sonra yaşayış kompleksini inşa edən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun göstərişilə qəza baş verən binadakı liftin qarşısına “4 nəfərdən artıq minmək olmaz” elanı yapışdırıldı. İsfəndiyar Axundovun cinayətkarcasına səhlənkarlığı ucbatından, liftin vaxtında təmir olunmaması səbəbindən həmin dəhşətli qəzanın baş verməsinə baxmayaraq bizi mətbuatda haqsız yerə ittiham etmiş, liftin yükləndiyini, bizim kefli olduğumuzu, nəticədə isə bu cür hadisənin baş verdiyini bildirib.

Lakin qeyd edim ki, İsfəndiyar Axundovun ittihamları heç bir halda gerçəkliyi əks etdirmir. Həmin qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Əgər onun dediyi kimi biz 4 nəfərlik liftə o qədər adam minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Aydındır ki, Şərurlu İsfəndiyar absurd fikirlər söyləyərək  işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi nəticəsində yaranan cinayət məsuliyyətindən yayınmağa çalışır.

Əlavə olaraq diqqətinizə çatdırım ki, müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilmiş və baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, qəza tormozlanma sisteminin işlək olmadığı, liftin əsas hərəkət hissələrindən olan şkiflərinin, trosların son həddə qədər aşındığı və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Bütün bu faktlarla əlaqədar Xətai rayon prokurorluğuna müraciət etsəm də, 20 gündən artıqdır ki, prokurorluq nümayəndələri tərəfindən hərəkətsizlik nümayiş etdirilir. Bu cür dəhşətli qəza nəticəsində mən və ailə üzvlərim ağır xəsarətlər almışıq, əməliyyat olunmuşuq, bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik, bu günə qədər hələ də bədənimizdə ağrılar qalmaqda davam edir. Digər şəxslərin ucbatından başımıza belə bir bədbəxt hadisə gəldiyi halda nə üçün Xətai rayon əməkdaşlarının bu faktları görməzdən gələrək İsfəndiyar Axundovun qeyri-qanuni əməllərinə göz yumurlar? Müraciətimdən kifayət qədər müddət keçməsinə baxmayaraq hansı səbəbə əsaslı araşdırma edilmir, yaxud edildiyi halda mənə heç bir məlumat verilmir? Məlumdur ki, əgər bu cür səhlənkarlıq davam edərsə digər vətəndaşlarımız hətta daha ağır nəticələrə səbəb ola biləcək, ölümlə nəticələnəbilən qəzaların qurbanı ola bilərlər. Bütün bunları nəzərinizə çatdıraraq xahiş edirəm ki, Xətai rayon prokurorluğunun əməkdaşları və “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundovun etdikləri qeyri-qanuni hərəkət və ya hərəkətsizlik , qanun pozuntularının aşkar edilməsi, həmin şəxslərin qanun qarşısında cavab vermələri və hadisəyə düzgün hüquqi qiymət verilməsi ilə bağlı göstəriş verəsiniz”.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR