Onlayn ictimai-siyasi qəzet
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakıda qeyri-adi və olduqca mənalı bir tədbir keçirilib.
“Birlik yarmarkası” adlı xeyriyyə sərgisi uşaqların əl işlərini cəmiyyətə təqdim etməklə yanaşı, həm də sosial məsuliyyət mesajı verib. Rəsm sərgisində müxtəlif məktəblərdən olan uşaqlar öz əsərlərini nümayiş etdiriblər.
Satışdan əldə edilən bütün gəlir leykemiya ilə mübarizə aparan azyaşlılara və uşaq sığınacaqlarında yaşayan kimsəsiz uşaqlara bağışlanacaq.
Tədbirin təşkilatçıları arasında “Azərbaycan - Türkiyə İş Adamları Birliyi” (ATİB), Leykemiya ilə Mübarizə İctimai Birliyi, “Birlik Yarmarkası” və ASTERİAS Təlim və İnkişaf Mərkəzi yer alır.
Mərkəzin təsisçisi Nərgiz Çalbay tədbirdəki çıxışında bildirib ki, bu cür layihələr uşaqların təkcə bu gününü deyil, gələcəyini də formalaşdırır:
“Biz istəyirik ki, uşaqlar yalnız dərs əlaçısı deyil, eyni zamanda vicdanlı, empatiya hissi güclü, sosial cəhətdən aktiv vətəndaş kimi yetişsinlər. Bu yarmarka məhz o ruhu formalaşdırmaq üçündür”.
Bu sosial təşəbbüs həm uşaqlarda empatiya və məsuliyyət hissini formalaşdırmaq, həm də onlara erkən yaşdan sosial fəaliyyətin əhəmiyyətini aşılamaq məqsədi daşıyır.
Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç sərginin əhəmiyyətinə toxunaraq deyib:
“Uşaqlar bizim gələcəyimizdir. Onları nə qədər sağlam, bilikli, mərhəmətli yetişdirsək, cəmiyyət də bir o qədər güclü olacaq. Bugünkü tədbirin xüsusi mənası var. Uşaqların çəkdiyi rəsmlərdən gələn gəlirin xeyriyyə məqsədilə istifadə olunması böyük nümunədir”.
Milli Məclisin deputatı Hicran Hüseynova da tədbirdə çıxış edərək bildirib ki, bu təşəbbüs sadəcə tədbir yox, uşaqlara münasibətin göstəricisidir:
“Leykemiya ağır xəstəlikdir. Cəmiyyət bu uşaqlara laqeyd qalmamalıdır. Hər kəs öz imkanına uyğun dəstək göstərməlidir. Dövlətimiz uşaq siyasətinə böyük önəm verir, lakin ictimai təşəbbüslər də vacibdir”.
“Azərbaycan - Türkiyə İş Adamları Birliyi”nin sədri Mürsəl Rüstəmov çıxışında deyib ki, təşkilat olaraq bu cür layihələrə daim dəstək göstərirlər:
“Birlik olaraq biz uşaqların sağlamlığı və rifahı ilə bağlı bir çox layihədə iştirak etmişik. Gələcəkdə də bu yolda çalışmağa davam edəcəyik”.
Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova, Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova da çıxış edərək layihənin uşaqların psixoloji və sosial inkişafında oynadığı rolu vurğulayıblar.
Sərgidə yer alan rəsmlər sadəcə bədii əsər deyil, uşaqların dünyaya baxışının təcəssümü idi. Onların çəkdiyi günəşli səma, birgə oynayan dostlar, gülümsəyən simalar bir daha sübut edir ki, uşaqlar yalnız gələcəyin yox, həm də bu günün sülh və birlik daşıyıcılarıdır.
Şahanə Rəhimli
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ