İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” adlı yeni layihə həyata keçirilir.

Musavat.com xəbər verir ki, layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.

Layihə çərçivəsində Lənkəran Dövlət Dram Teatrı 29-30 oktyabr tarixlərində Bakıda qastrolda olacaq. Oktyabrın 29-da qonaq kollektivin təqdimatında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni səhnə əsərinin – “Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçiriləcək.

Yazıçı-dramaturq Cavid Zeynallının eyniadlı dramı əsasında hazırlanan “Tanrı quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir.

Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi – ömrünün bu ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu...

Amma Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Çünki quş dilini də bilmir.

Tanrı quşunu Allahın insana əmanəti olan vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar...

Psixoloji-dram janrlı səhnə əsərinə teatrın baş rejissoru Anar Babalı quruluş verib.

Quruluşçu rəssam Tərlan Sadıqov, bəstəkar Aydan Əliyevadır.

Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Mələykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov və Zeynal Məmmədzadə ifa edirlər.

Lənkəran teatrı layihə üzrə oktyabrın 30-da Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırladığı “Casus” tamaşasını da Akademik Milli Dram Teatrında nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.

Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Buludxan Buludov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatın), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca) və Saleh Əzimzadə (Beyrək) çıxış edəcəklər.

“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR