İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçından xəbərdarlıq və  “dənizdən-dənizə Ermənistan” xülyasında olanlara Xəzərdən-Göyçəyədək şoku!


Qalib Ordunun Ali Baş Komandanı bir aydır Azərbaycan əsgərinin, polisinin, təhlükəsizlik xidmətinin nəzarətində olan Laçın şəhərinə səfər edən ilk dövlət başçısı olaraq adını tarixə yazdırdı.

Halal haqqıdır, 30 il 3 aydan sonra düşməni həm hərb meydanında, həm də danışıqlar masasında sülhəməcburetmə yolu ilə Laçın şəhərini boşaltmağa vadar edən sərkərdənin! Ermənistana qalsaydı, 2020-ci ilin 10 noyabr bəyannaməsindəki Laçın öhdəliyindən də imtina edəcəkdi, necə ki, Zəngəzur dəhlizi ilə əlaqədar ayağını sürüyür, sözünün və imzasının arxasından qaçmağa çalışır. Azərbaycan dövlətinin qətiyyəti nəticəsində Qarabağın, Şərqi Zəngəzurun qapısının açarlarını təhvil verməyə vadar oldu.

Ötən əsrin əvvəllərində Andranik Ozanyanın quldur dəstəsini darmadağın edən Sultan bəy Sultanovun, onun qardaşı Qarabağın general qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun və bütün şəhidlərimizin ruhu şaddır, inşallah!

Diqqət etdinizmi, Baş Komandan bu dəfə də hərbi geyimdəydi, savaşın bitmədiyinə işarədir...Hamılıqla düşmənin hər bir təxribatına hazır olmalıyıq, mesajıydı. Amma İlham Əliyev xalqı savaşa çağırmırdı, əksinə, bütün dünyaya bəyan etdi ki, Azərbaycan sülh tərəfdarıdır, məsələlərin dinc yolla həllini istəyir. Əgər dünyada azacıq ədalət hissi qalıbsa, anlasın və qəbul etsin bu mesajları. Azərbaycan dövlətinin başçısı 1992-ci ilin mayında xəyanət nəticəsində düşmən əlinə keçən, işğal dövründə və hətta azad olunduğu son günlərədək, avqustun sonlarınadək yandırılan, dağıdılan cənnət məkanımızın, Laçınımızın təsvirlərini götürmüşdü əlində, kadrlardan izlədik, Laçının əski dövrləri ilə indikini tutuşdururdu, müqayisə edirdi, şəhərin içərisi ilə irəlilədikcə, hər dağılmış mülkün, yağmalanmış evin qarşısında dayandıqca...Bu, Laçının işğalına on illərlə susan paytaxtlara, beynəlxalq institutlara da dərs idi. Utansaydılar kaş ki, ötən illərdə erməni vandalizminə susqun qaldıqları, Azərbaycan fəlakətlərini görməzdən gəldikləri üçün...Amma çətin utanalar. Dövlət başçısının da dediyi kimi, Ermənistanın Laçın rayonu ərazisinə döşədiyi 1400-dən çox 2021-ci il istehsallı mina basdırılıb! Amma Ermənistanın dövlət səviyyəsində cinayətinə nəinki beynəlxalq reaksiya yoxdur, əksinə, Azərbaycana təzyiq etmək üçün bəhanələr uydururlar.

Şübhə etmirəm ki, 21 sentyabr tarixi təsadüfən seçilməmişdi. Axı, həmin gün qondarma dövlət olan Ermənistan müstəqilliyin bərpasını qeyd edirdi. Azərbaycan Prezidenti bu, saxta dövlətin yaxınlığına səfər etməklə, olduqca vacib və əhəmiyyətli, tarixi mesajlar səsləndirməklə bütün erməniçiliyə və revanşizmi, erməni faşizmini tətikləməyə çalışan çevrələrə xəbərdarlıq etdi. Bu xəbərdarlığın əsasını təşkil edən bu idi ki, əgər ağlınızı başınıza yığın, əks halda müstəqillik nağılına belə, tamarzı qala bilərsiniz! Davamlı təxribatlar göstərir ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır, delimitasiya prosesinə başlamaqdan hər vəchlə yayınır. Heç şübhəsiz ki, bu, Ermənistanın növbəti faciələrinin müqəddiməsidir, məğlub Ermənistan öz vəziyyətini düzgün qiymətləndirməli, qalib Azərbaycanın uzatdığı əli geri çevirməməli, sülh müqaviləsi üzrə işə başlamalı, Zəngəzur dəhlizinin icra olunmasına mane olmaqdan əl çəkməlidir. Prezident İlham Əliyev Zəngəzur dəhlizini “olmazsa, olmaz” hesab edir və qətiyyətlə mövqeyini ortaya qoyur.

 Sitat: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

İlham Əliyev dediyini edən prezident, Ali Baş Komandandır, şübhə edən erməni çıxsın qabağa – Azərbaycan əsgərinin nişangahına!!!

Qayıdaq Prezidentin Laçın səfərinə. İki ölkə arasında fərqə baxın: Azərbaycan Prezidenti Laçında yeni layihələrin təməlini qoyur, təkcə Kəlbəcər, Laçın, Qubadlı istiqamətində tikilən 12 (!) tuneldən danışır, bölgənin inkişafı üçün dövlətin gördüyü və reallaşdıracağı işlərdən bəhs edir, Ermənistanda isə...Həmin gün ermənilər 13 sentyabr döyüşlərində Azərbaycan ordusu tərəfindən məhv edilmiş hərbçiləri üçün yeni-yeni qəbirlər qazırdılar. Diqqət edirsinizmi, hər iki ölkədə “yeni” işlər görülür: birində insanların rifahına xidmət edəcək tunellər, yeni yollar tikilir, infrastruktur layihələri həyata keçirilir, digərində yeni qəbirlər qazılır! Bax, Ermənistanın, erməni revanşizminin, njdeçiliyin, andronikçiliyin, köçəryançılığın ermənilərə gətirdiyi “yenilik” budur! Azərbaycanın dövlət başçısı Laçının, Zabuxun, Susun ilk sakinlərinin gələn ilin sonlarınadək ev-eşiklərinə qayıdacağı, bu yerlərdə əbədi yaşayacaqları barədə xalqına müjdə verərkən, qəlbləri fəth edərkən Ermənistan rəhbərliyi yaxasını etirazçıların cəngindən qurtarmaq üçün gizli yollar axtarırdı. Paşinyanın Erablur panteonuna qoyduğu əklilləri belə, təhqir etdi ermənilər. Biz də ermənilərin qəbirlərimizi dağıtmasından heyrətlənirik, bunlar heç öz ölülərinə belə hörmət eləmirlər.

Dövlət başçısı bir sıra İLKlərdən bəhs etdi. Bunu ilk dəfə dedi: “Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır”.

Bəziləri deyirdilər ki, niyə dövlət başçısı 13 sentyabr döyüşləri ilə bağlı heç bir söz demir. Erməni təxribatlarına vurulan sarsıdıcı zərbənin nəticəsi budur: “Murov dağından Araz çayına qədər...” Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin! Baş Komandan “ümid edirəm ki, nəhayət, bu, onlara (düşmənə) dərs olacaq”-söylədi.

Qazanılan mövqelərin hərbi üstünlüyündən, böyük vizual nəzarət imkanı əldə etməyimizdən bəhs edən ölkə başçısı hər birimizin ürəyindən keçənləri söylədi diplomatik şəkildə. O yüksəkliklər bizdədirsə, artıq erməni quldurların əl-qolu bağlanmış olur, əsgərimiz və oraya köçəcək mülki əhalimiz daha təhlükəsiz hala gəlir. Bu bəyanatdan Göyçə gölü də göründü, Qafan da, Qarakilsə də, Gorus da...

Ölkə başçısı Ermənistanın və havadarlarının donquldanmalarına, “Azərbaycan əsgəri əvvəlki mövqelərinə qayıtsın”-sərsəmləmələrinə də NİDA-sını qoydu.



 Sitat: “Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq”. Şuşa və Hadrutla bağlı da eyni şəkildə zəvzəyirdilər, sonra 2021-ci ilin mayında Qaragöl ətrafına bayrağımızı sancanda sancılandılar, indi də Göyçə gölünə yaxınlaşmışıq, eyni şəkildə ağlaşma qurublar. Amma bu da keçməz. Dövlət başçısı xatırlatdı ki, bir də təxribatlar törədilsə, “heç kimin zəngi bizi dayandıra bilməz!”

Bu ilin əvvəlində Azərbaycan Prezidenti demişdi ki, Ermənistan normal mövqedən çıxış etməsə, Azərbaycanın ərazi bütövlüyünü tanımasa, Azərbaycan da bu ölkənin ərazi bütövlüyünü tanımayacaq. İrəvandakılara gec çatdı bu xəbərdarlıq, “Qisas” əməliyyatından sonra da ağıllanmadılar, hadisələr 13 sentyabr gecəsindəki 7 saatlıq döyüşlərədək uzandı...Amma indi də “Azərbaycan ordusunun Ermənistanın içərilərinə doğru irəlilədiyi” barədə iddialar var, guya 7,5 km. İlham Əliyev bu iddianı da alt-üst etdi.

Sitat: “Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”. Yoxdur sərhəd, ermənilər birdəfəlik anlasın! Komissiyalar yaradılıb, amma Ermənistan vaxtı uzadır sərhədləri dəqiqləşdirməməkdən ötrü yüz hoqqadan çıxır. İndi qurduğu tora, qazdığı quyuya özü düşüb, dadsın ləzzətini!  

Azərbaycansa indiki əlverişli vəziyyətində, üstün mövqeyində belə, yenə də sülh danışıqlarından imtina etmir, normal danışıqlara üstünlük verir. Amma oyunbazlıq olmaması şərtilə.

Baş Komandan bütün xalqımızın ürəyindən xəbər verir xəritə məsələsindən də bəhs etdi, açıq mətnlə dedi.

Sitat: “Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşib. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

Bu kəlmələrin açmasını bilməkdən ötrü Prezidentin istinad etdiyi xəritələrə baxmaq, tariximizə qısa ekskurs etmək kifayətdir. İstinad olunan xəritələrdə Ermənistan 1918-ci ilin mayından başlanır... Azərbaycan ərazisində, İrəvan şəhəri paytaxt olmaqla yaradılan qondarma dövləti yalnız ondan sonra görmək olur. Əvvəl 9 min kv.km, iki il sonra isə 29,7 min kv.km! Dünya kor deyil ki, baxsın hər kəs bu xəritələrə, tutuşdursun bir-biri ilə! Bu da o deməkdir ki, Zəngəzur dəhlizini tıxamağa çalışan Ermənistan Qərbi Zəngəzurdan məhrum edilə bilər! Əsas da var: Azərbaycanın bolşevik-rus ordusu tərəfindən işğal edilməsi tarixinin xəritəsi belə, tarixi ədalətin bərqərar olması üçün yetərlidir: 113,9 min kv km-lik əraziyə malik Azərbaycan! 20-ci illərdən ta 60-cı illərədək Ermənistana torpaq verilib, bütün bunlar faktdır! Xəritələr təkcə Rusiya paytaxtında saxlanmır ki, Bakıda da var, Parisdə də, Vaşinqtonda da. 

İlham Əliyev hər dəfə xəbərdarlıq edir, qarşı tərəf dərs çıxartmayanda “Dəmir Yumruq” işə düşür. Yəni sadəcə söz olaraq qalmır. Artıq ermənilərin də bəziləri anlayır. Elə İrəvan qəbristanlığında Paşinyanı çığnamağa hazır olan əsgər valideynləri də...

Amma hələ ki, reallığı dərk etmək istəməyənlər az deyil. Ötən gün Kəlbəcər istiqamətindəki təxribat da bunu deyir, yeni qəbirlər qazmalı olacaqlar! 

Prezident də müharibənin bitmədiyinə işarə etdi Laçında. Görünən budur ki, çox mühüm mərhələ var qarşıda: sərhədlərin düşmənə qəbul etdirilməsi mərhələsi! Beləcə, dünənədək “dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayanlar indi iki göl arasında böyüyən məmləkətimizə yanğı ilə boylanırlar... Miskin vəziyyətdədirlər, Xəzərdən Göyçəyədək torpaqlarını yad tapdağından təmizləyən qüdrətli Azərbaycan dövləti, müzəffər ordusu tarixi ədaləti bərpa edir!  

Möhtəşəm hadisələrə şahidlik edirik!

237160_3mukv90bk9.jpg (28 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR