İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolundakı aksiyanın 3-cü ayı - Rusiya taktikaya korrektə edir

Politoloq Anar Əliyev: “Rus səfirin söylədikləri Azərbaycanın maraqları ilə demək olar üst-üstə düşür”

“Rusiya rəhbərliyinin ilkin olaraq rəsmi şəkildə bəyan etdiyi kimi, Laçın dəhlizinin tam açılması yönündə həll yolu axtarışı davam edir”. Bunu “Sputnik Ermənistan”a müsahibəsində Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin deyib. O əmin edib ki, həm ölkə rəhbərliyi səviyyəsində, həm də sülhməramlı kontingentin komandanlığı səviyyəsində intensiv iş aparılır. Səfirin sözlərinə görə, iş çox çətindir və bir çox amillərə bağlıdır.

“Situasiyaya hər hansı şəkildə dəxli olan bütün tərəflərlə iş aparılır. Eyni zamanda sülhməramlı kontingent ona həvalə edilmiş funksiyaları yerinə yetirməkdə davam edir. Problem Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarda qeyd etdiyi bütün razılaşmaların tərəflər tərəfindən yerinə yetirilməsi də daxil olmaqla, kompleks məsələlərlə bağlıdır”, - deyə diplomat əlavə edib.

Göründüyü kimi, rusiyalı diplomat yaranmış duruma görə suçlu qismində Azərbaycanı göstərməyib, əksinə, işarə vurub ki, problem daha çox erməni tərəfi ilə, 10 noyabr və digər 3 tərəfli sənədlərdəki öhdəliklərini yerinə yetirmək istəməyən İrəvanla bağlıdır. Çünki hamı bilir ki, Azərbaycan öz öhdəliklərinə ciddi və məsuliyyətlə yanaşır. Yeri gəlmişkən, ötən ilin dekabrında BMT TŞ-də Fransanın təşəbbüsü ilə anti-Azərbaycan qətnaməsinin qəbulu 4 ölkədən biri kimi Rusiyanın yuxarıdakı mövqeyi səbəbindən iflas olmuşdu.

Qeyd edək ki, az öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Laçın yolu ilə bağlı tərəflər arasında intensiv danışıqlar getdiyini və tezliklə nəticə olacağını söyləmişdi. Hələ ki nəticə yalnız Moskvanın adamı, oliqarx-dələduz Ruben Vardanyanın Qarabağdan yoxa çıxmasıdır.

Bəs danışıqlar prosesi hazırda nə yerdədir, Bakını qane edirmi və yekun nəticə nə olacaq? Azərbaycanın tələblərinin hamısı reallaşacaqmı? Moskva bunda nə dərəcədə maraqlıdır?

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, azərbaycanlı ekoaktivistlərin 12 dekabrdan indiyədək ortaya qoyduğu iradə Cənubi Qafqazda, xüsusilə Ermənistanla Azərbaycan arasında münasibətlərdə çox ciddi bir sıra detalları daha qabarıq şəkildə ortaya qoymuş oldu. Xüsusilə də 10 noyabrda və sonrakı dövrlərdə imzalanmış üçtərəfli bəyanatlarda razılaşdırılmış bir çox istiqamətli məsələlərin Ermənistan, eyni zamanda orbitr rolunda çıxış eləyən Rusiya tərəfindən icra edilməməsi ilə bağlı məsələlər daha da qabardıldı. Bu, Rusiyanın Ermənistandakı səfiri Laçın yolunun tam açılması ilə bağlı məsələlərin müzakirə olunması istiqamətində fikirlər səsləndirərkən də bir daha aydınlaşmış oldu: “Çünki səfir açıq şəkildə problemin Ermənistan tərəfindən təqdim edilən kimi sadə olmadığını, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatda əldə olunmuş bütün razılaşmaların yerinə yetirilməsi də daxil olmaqla, kompleks problemlərdən ibarət olduğunu qeyd elədi. Bu ifadə altında rusiyalı diplomat əslində 10 noyabr və digər imzalanmış bəyanatlarda tərəflərin üzərinə götürdüyü öhdəliklərin bir daha diqqətlə saxlanmasına işarə vermiş oldu. Hansı ki, məsələn, 10 noyabr üçtərəfli bəyanatında açıq şəkildə Azərbaycanın Qarabağ bölgəsindən erməni silahlı qüvvələrinin tam olaraq çıxarılması öz əksini tapır. Bu tələb icra olunmayıb. İkincisi, azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı ilə bağlı bənd də bu günə qədər icra olunmayıb. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, lakin Ermənistan hələ də yerinə yetirməyib. Bundan əlavə, 11 yanvar Moskva bəyannaməsində iqtisadi, nəqliyyat, kommunikasiya əlaqələrinin açılması ilə bağlı məsələlər əks olunub, lakin Ermənistan tərəfindən bu məsələ ilə bağlı da hələ heç bir addım atılmayıb. Soçi görüşlərində, eyni zamanda Brüssel və Praqa görüşlərində də bir sıra Ermənistanın da imza atdığı razılaşmalar mövcuddur ki, onlar da icra olunmayıb. Həmçinin 10 noyabr üçtərəfli bəyanatında Laçın yolundan yalnız humanitar məqsədlərlə istifadə olunması qeyd olunub. Amma Ermənistan və Qarabağdakı separatçı qüvvələr bu yolu həm də hərbi təminat yolu kimi istifadə ediblər, bölgəyə cinayətkarlar, silah daşınıb. Rusiyalı diplomat əslində diplomatik etiket çərçivəsində, diplomatik etika çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini və Laçın yolunda baş verənlərin əslində bu öhdəliklərin yerinə yetirilməməsi səbəbindən qaynaqlandığı və bu öhdəliklər yerinə yetirilərsə, ekoaktivistlərin də aksiyasının dayanacağı və Laçın yolunun tam rahat şəkildə istifadə oluna biləcəyini qeyd edib”.

Politoloq qeyd etdi ki, əslində rus diplomat həm də Laçın yolunda Ermənistan tərəfinin qeyd etdiyi kimi blokadanın tətbiq olunmadığını, humanitar böhrana səbəb ola biləcək heç bir addımın atılmadığı, yalnız qanunsuz fəaliyyətin və qanunsuz daşımaların qarşısının alınmasına xidmət eləyən aksiyanın keçirildiyini vurğulamağa çalışıb: “Bu mənada hesab edirəm ki, diplomatın fikirləri Azərbaycanın maraqları ilə demək olar üst-üstə düşən fikirlərdir. Amma eyni zamanda hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi sürətlə bərpa olunarsa, ciddi nəticələr əldə olunarsa, sülh müqaviləsi imzalanarsa, nəticə etibarilə siyasi, diplomatik, iqtisadi əlaqələr qurularsa, iki cəmiyyət arasında birgə yaşayışın təmin olunması reallaşarsa, digər variantlara ehtiyac da aradan qalxmış olacaq, kənar qüvvələrin müdaxilə imkanları zəifləyəcək. Əslində Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanla ikitərəfli danışıqlara hazır olduğunu bəyan etməklə heç bir vasitəçi olmadan danışıqlar aparmağın daha səmərəli ola biləcəyini bəyan edib. Təəssüf ki, Ermənistan bu çağırışa hələ adekvat reaksiya verməyib. Burada bir neçə maraqlı qüvvələr mövcuddur ki, onlar heç də Ermənistanla Azərbaycan arasında danışıqların öz nəzarətlərindən kənarda baş verməsini qəbul etmək istəmirlər. Burada ilk növbədə Rusiyanı, İranı, Fransanı qeyd etmək lazımdır”.

A.Əliyevin fikrincə, rusiyalı diplomatın qeyd etdiyi kimi, kompleks problemlərin aradan qalxması üçün Ermənistan üzərinə düşən məsuliyyəti nəhayət dərk etməlidir və bu istiqamətdə addım atmalıdır: "Bunun yeganə yolu isə heç kimin əlaltısına çevrilmədən, heç kimin oyuncağı olmadan, heç kimin sifarişlərini yerinə yetirmədən Cənubi Qafqazın bir dövləti kimi Ermənistanın addımlar atmasından keçir. Ermənistan cəmiyyətinin öz hakimiyyətinə bu istiqamətdə təzyiq etməsi bu məsələdə də həlledici ola bilər. Bu nə dərəcədə realdır? Təəssüf ki, indiki situasiyada bu real görünmür. Amma bu halda da Azərbaycanın kifayət qədər alternativ rıçaqları mövcuddur ki, bu imkanlardan istifadə etməklə öz maraqlarımızı təmin edə bilək. Həmin rıçaqlardan ən başlıcalarından biri Laçın yolunda ekoativistlərin aksiyasıdır və hesab edirəm ki, bu aksiya tələblərimiz yerinə yetirilənədək davam etdirilməlidir. Biz artıq ilkin müsbət nəticəyə nail ola bilmişik. Təbii sərvətlərimizin istismarı prosesi dayandırılıb, cinayətkar Ruben Vardanyan bölgədən çıxarılıb və sair. Aksiya davam etdikcə, digər tələblərimiz də yerinə yetirilməlidir və yetiriləcək”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR