Onlayn ictimai-siyasi qəzet
Ermənistanın rəsmi qurumları Azərbaycanı tərk edən qarabağlı ermənilərin sayını bilərəkdən şişirdirlər. Aydındır ki. məqsəd “120 min qarabağlı erməni” mifini bu dəfə daha aktiv propaqanda vasitəsinə çevirməkdir. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın sentyabrın 27-də səsləndirdiyi rəqəmlərə diqqət etdikdə bu fırıldağı aydın görmək olar.
Paşinyanın mətbuat katibi həmin gün 10:00-a olan məlumata görə elan edib ki, 42. 5 min erməni sərhədi keçib. Cəmi iki saat sonra isə bu rəqəm 47115-ə qalxıb. 2 saat ərzində 4615 nəfərin Laçın postundan keçməsi və üstəlik, Ermənistanın bunu dərhal hesablaması inandırıcı və mümkün deyil.
Müşahidələr göstərir ki, separatçı tör-töküntüləri Qarabağda qəsdən təşviş və panika mühiti yaradır, erməniləri basqı altında köçməyə vadar edirlər. Rusiyalı sülhməramlılar baş verənləri, sadəcə, müşahidə edirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi isə sentyabrın 28-də Ermənistan XİN-in 27 sentyabr tarixli bəyanatına cavabında bir daha bildirib ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur.
Nazirlik bir daha Azərbaycanın Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazır olduğunu vurğulayıb.
XİN-in yaydığı açıqlamada Ermənistan XİN-in beynəlxalq ictimaiyyəti yanlış yönləndirdiyi pislənilir: “Ermənistan Xarici İşlər Nazirliyi bu bəyanatı ilə Azərbaycan ərazilərinin 30 ildən artıq hərbi təcavüzünə və işğalına, Azərbaycana qarşı törədilmiş kütləvi qırğınlara və insanlığa qarşı cinayətlərə görə məsuliyyətini açıq şəkildə inkar edərək saxta rəvayətlər yaymaqda davam edir. Azərbaycanın Ermənistanın işğalına və təcavüzünə qarşı apardığı müharibə hər zaman ədalətli olub və bu ilin sentyabrında Azərbaycanın antiterror tədbirləri beynəlxalq hüququn bütün norma və prinsiplərinə açıq şəkildə zidd olaraq Azərbaycanda yerləşdirilmiş qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhlükəni legitim olaraq aradan qaldırıb. Üstəlik, Ermənistan XİN-in yalanlarına zidd və Ermənistanın özündən fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb. Azərbaycanın vəziyyəti siyasi-diplomatik vasitələrlə həll etmək istəməməsi ilə bağlı əsassız bəyanatlara gəlincə, Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, bu ölkə təkcə 30 illik işğal dövründə yox, həmçinin münaqişədən sonrakı dövrdə də bütün sülh səylərini heçə endirib. Sentyabrın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyanın mülki əhaliyə birbaşa təhlükə olmadığını bildirməsi fonunda Ermənistan XİN-in hər vəchlə yerli erməni əhalinin "etnik təmizləmə"yə məruz qalmasına dair məlumatlar yayması Ermənistanın siyasətinin və rəvayətlərinin nə qədər uyğunsuz və yalan olduğunu açıq şəkildə nümayiş etdirir.
Biz Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq, lakin indi onlar üçün Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq".
Ermənistana yollanmış qarabağlı ermənilər Laçında jurnalistlərimizə açıqlamalarında heç bir təzyiqlə üzləşmədiklərini, Gorusda isə müsahibələrində “əzab-əziyyət gördüklərini, canlarını götürüb qaçdıqlarını” deyirlər. Ermənistan köçənlərin sayını hər keçən saatda saxtalaşdıraraq dünyaya yayır. Təəssüf ki, Azərbaycanın bəzi saytları və TV-ləri də ermənilərin bu yalan statistikasını yayırlar. Bəs prosesi necə tənzimləmək mümkündürmü? Ermənilər cidd-cəhdlə rəqəmləri şişirtməklə Azərbaycana qarşı beynəlxalq təzyiqləri formalaşdırmaq istəyir. Ermənilərin hiyləgər cavablarına şərait yaradan sualları bir qədər dəyişməyə ehtiyac varmı?
Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın dövlət başçısının rasional siyasəti və strategiyası ilə Ermənistan həm hərbi, həm də diplomatik müstəvidə ağır məğlubiyyətə uğradılıb. Azərbaycanın işğal edilmiş torpaqları azad olunub, 30 il müddətində formalaşdırılmış separatçı rejim çıxılmaz duruma salınaraq özünü buraxmaq məcburiyyətində qalıb. 200 il ərzində qapıldıqları “Böyük Ermənistan” xülyasından qəfil oyanmaq, başqalarından qoparıb özününküləşdirdikləri hər şeyi bir anda itirmək onlar üçün dəhşətli görünür. Bütün bu yaşananları həzm edə bilmirlər, psixoloji sarsıntı keçirirlər. Təəssüf ki, hələ də qisas almaq, Azərbaycana hansısa formada zərər yetirmək üçün çalışırlar: “Hərbi və diplomatik sahədə bunu bacarmırlar. Bütün güclərini informasiya savaşı müstəvisinə yönəldiblər. Yalan informasiyalar yaymaqla dünya ictimai rəyini çaşdırmaq, Azərbaycana qarşı hansısa formada sanksiyaların tətbiq edilməsinə nail olmaq istəyirlər. Son olaraq Qarabağ regionundan köç edən erməni əsilli şəxslərin üzərində fokuslaşıblar. Diqqət yetirsək görərik ki, onlar bu kontekstdə çoxvariantlı yalan tezislər hazırlayaraq dünyaya sırımağa çalışrlar. "Ermənilərin Qarabağdan zorla çıxarılması, onlara xəsarətlər yetirilməsi, mülkiyyətlərinin talanılması, uşaqların öldürülməsi" və sair kimi yalanlar uyduraraq yayırlar. Azərbaycan dövləti bu kontekstdə onlara bəhanə vermir. Köç etmək istəyən şəxslərin təhlükəsiz qaydada ötürülməsini təmin edir. Buna rəğmən, erməni şəbəkəsi yalanlar tirajlamaqda davam edir. Onlara öz yalanlarını əsaslandırmaq üçün ən elementar faktlar lazımdır. Belə faktları reallıqda tapa bilməyəndə, hiyləgər variantlara əl atırlar. Təqribən belə bir mexanizm hazırlayıblar: sadə azərbaycanlıda ani fərəh yarada biləcək informasiyalar hazırlayaraq sosial media seqmentinə ötürürlər. Bizim sosial media istifadəçiləri də həmin informasiyaların düşmən tərəfindən hiyləgərcəsinə hazırlandığının fərqinə varmadan, köçürüb yayırlar. Sonradan erməni təbliğat maşını bizim sosial media istifadəçilərinin aldanılaraq yaydıqları informasiyalara istinad edib, özləri üçün arqument formalaşdırırlar. Təəssüf ki, bu tora təkcə sosial şəbəkə istifadəçiləri deyil, bəzən KİV qurumları və jurnalistlərimiz də düşürlər. Hazırda Qarabağ regionundan köç edən erməni əsilli şəxslərin statistikası üzərində sanki müsabiqə qurulubdur. Bu statistika Ermənistanın rəsmi qurumları tərəfindən şişirdilərək yayılır. Bizim bir sıra xəbər istehsalçıları da onlara istinad edib bu statistikanı sevincək yayırlar. Hansı ki, bunlar yalançı, uydurma rəqəmlərdir".
M.Ələsgərli qeyd etdi ki, əgər Ermənistanın dediyi rəqəmlər həqiqəti ifadə etsəydi, onda indiki halda Qarabağda bircə nəfər də olsun erməni əsilli şəxs tapılmamalı idi. Amma onlar burada mövcuddurlar: "Azərbaycan da dəfələrlə elan edib ki, bizim hədəfimiz mülki şəxslər deyil, separatizmi dəstəkləyən və əli qana bulaşmış şəxslərlə qanuni hesab aparır. Sadə insanların təhlükəsizliyinə təminat verir. Bəllidir ki, erməni şəbəkəsi köç edənlər haqqında statistik rəqəmləri şişirtməklə beynəlxalq diqqət qazanmaq, yardımlar almaq, həm də Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq etdirmək istəyir. Biz ehtiyatlı davranmalıyıq. Hərbi və diplomatik müstəvidə qazanılmış uğurlarımıza informasiya sahəsində səhvlərimizlə xətər yetirməməliyik. O cümlədən ərazimizi tərk edən ermənilərə ünvanlanan suallarda da jurnalistlərimiz diqqətli olmalıdırlar. Qələbə bizimdir. Amma onu qoruyub saxlamaq da hər birimizin borcumuzdur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ