İnsanlara hürriyət, millətlərə istiqlal!

Kurmaşeva, Gerşkoviç və Kara Murza tarixi ABŞ-Rusiya məhbus mübadiləsində azad ediliblər - FOTO

(Fotoda soldan sağa: Pol Uilan, Vladimir Kara-Murza, Alsu Kurmaşeva və Evan Gerşkoviç)

Rusiya, ABŞ və bir neçə başqa ölkələr Soyuq müharibədən bəri ən böyük məhbus mübadiləsini həyata keçiriblər.

Xəbər verilir ki, azadlığa buraxılan 16 nəfərin arasında AzadlıqRadiosunun müxbiri Alsu Kurmaşeva, Wall Street Journal qəzetinin jurnalisti Evan Gerşkoviç və Miçiqan şirkətlərindən birinin təhlükəsizlik direktoru Pol Uilan da var.

Mübadilə nəticəsində 8 rusiyalının Rusiyaya qayıdacağı xəbər verilir.

ABŞ prezidenti Co Bayden avqustun 1-də verdiyi bəyanatda bildirib ki, məhbusların azad edilməsi “diplomatiyanın uğuru” sayılmalıdır:

"Bütünlükdə biz, 5 alman və öz ölkəsində siyasi məhbus kimi saxlanılan 7 Rusiya vətəndaşı da daxil danışıqlar yolu ilə 16 nəfərin azadlığa buraxılmasına nail olmuşuq. Bu qadın və kişilərdən bəziləri illərlə ədalətsiz olaraq saxlanıblar. Onların hamısı təsəvvürə gəlməz iztirab və qeyri-müəyyənlikdən keçiblər. Bugün onların məşəqqətinə son qoyulub”.

Türkiyə vasitəçi olduğunu deyir

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MIT) avqustun 1-də keçirilən mübadilədə “əsas vasitəçi rolunu” oynadığını bildirib.

Təşkilat bildirir ki, mübadilədə bütünlükdə 7 ölkədən 26 nəfər dəyişdirilib.

Məlumata görə sözü gedən ölkələr ABŞ, Almaniya, Norveç, Sloveniya, Rusiya və Belarusdur.

Bu mübadilədə habelə Belarusda ölüm hökmü almış almaniyalı Riko Kriger, rusiyalı dissident Yaşin və Almaniyada həbsxanada olan FTX polkovniki Vadim Krasikov azad olunublar.

***

Rusiya, ABŞ və bir neçə ölkə arasında Soyuq müharibədən sonra ən böyük məhbus mübadiləsinin keçirildiyi xəbər verilir.

Bloomberg, Sky News, CNN və başqa Qərb media qurumları yazırlar ki, Rusiya həbsxanalarındakı bir neçə tanınmış siyasi məhbusun harada olması bilinmir.

Qeyd olunur ki, bu, böyük məhbus mübadiləsinə hazırlıq ola bilər.

Hələlik nə Vaşinqtondan, nə Moskvadan, nə də başqa paytaxtlardan bu barədə heç bir rəsmi açıqlama verilməyib.

Rusiya həbsxanalarındakı bir neçə tanınmış şəxsin vəkilləri onların harada olduqlarını bilmirlər. Belə vəziyyət yalnız məhbusların yeri dəyişdirilərkən baş verır. Bunların arasında Rusiya müxalifətinin nümayəndələrindən Vladimir Kara-Murza və İlya Yaşin də var.

Rusiyanın “Vajnıye istorii” teleqram kanalı yazır ki, hazırda Moskvadan Ankaraya Rusiya prezidenti işlər idarəsinin iki Tu-204-300 təyyarəsi uçur.

Xəbərə görə eyni zamanda Almaniyadakı Ramştayn bazasından ABŞ hərbi hava qüvvələrinin Lockheed C-130J-30 Hercules təyyarəsi, habelə Oslodan ABŞ-ın Dassault Falcon 7X kommersiya təyyarəsi havaya qalxıb.

Rusiya, ABŞ və başqa ölkə təyyarələrinin Ankaraya təxminən eyni vaxtda enəcəyi gözlənilir. Mübadilənin Türkiyə paytaxtında həyata keçiriləcəyi deyilir.

Mash teleqram kanalı yazır ki, Kalininqradda Rusiya tərəfinə Xarici Kəşfiyyat İdarəsinin bundan əvvəl Sloveniyada ifşa edilmiş əməkdaşları - Artyom və Anna Dultseva təhvil verilib.

***

AzadlıqRadiosunun prezidenti Stiven Kapusun avqustun 1-də verdiyi bəyanatda jurnalist Alsu Kurmaşevanın az sonra Rusiya həbsxanasından azad ediləcəyi deyilir:

“Biz Alsunun gözlənilən azad olunmasını alqışlayırıq, Amerika hökumətinə və onunla Rusiyadakı ədalətsiz rəftara son qoyulması üçün bütün çalışanlara minnətdarıq”.

Bəyanatda deyilir ki, Alsu yalnız Amerika jurnalisti olması səbəbindən hədəflənmişdi:

“Alsunun azadlığa çıxması bizi AzadlıqRadiosunun Belarusda və Rusiya tərəfindən işğal olunmuş Krımda qəddarlıqla məhbus edilmiş üç jurnalistinin azadlığı üçün mübarizədə daha qətiyyətli edir. Biz ədalətsiz olaraq saxlanmış bütün jurnalistlərimiz evlərinə dönməyənədək rahat olmayacağıq. Jurnalistika cinayət deyil”.

AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşeva ötən ilin oktyabrında Kazanda həbs edilib və ona qarşı Rusiya qanununa uyğun olaraq “xarici agent” kimi qeydiyyatdan keçmədiyinə görə ittiham irəli sürülmüşdü.

Kazan məhkəməsi ötən ay, ikili ABŞ-Rusiya vətəndaşlığı olan Alsu Kurmaşevanı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edən hökm vermişdi.

ABŞ hökuməti, habelə jurnalistin tərəfdarları ona qarşı ittihamların siyasi motivli olduğunu bildirirdilər.

Screenshot_6.png (568 KB)

Soldan sağa:İqor Losik, Andrey Kuzneçik və Vladislav Yesipenko

Digər jurnalistlər

İnsan haqları təşkilatları və AzadlıqRadiosu dəfələrlə jurnalistlər Andrey Kuzneçik, İqor Losik və Vladıslav Yesipenkonun azadlığa buraxılmasını tələb edib.

Losik bloqerdir və AzadlıqRadiosunun Belarus xidməti üçün yazan jurnalistdir. O, 2021-ci ilin dekabrında 15 illik həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülən bir neçə ittiham arasında "ictimai asayişi kobud pozan hərəkətlərin təşkili və hazırlanması" ittihamı da var. Jurnalist bu ittihamları qəbul etmir.

Həm Ukrayna, həm də Rusiya vətəndaşı olan Yesipenko Ukrayna xidmətinin tərkibində fəaliyyət göstərən Krım.Realii xidməti üçün yazan jurnalistdir.

O, ötən ilin fevralında, işğal olunmuş Krımda qapalı keçirilən məhkəmədə rusiyalı hakim tərəfindən 6 illik həbs cəzasına məhkum edilib.

AzadlıqRadiosunun Belarus xidmətinin vebredaktoru Kuzneçik ötən ilin iyununda bir neçə saatdan çox çəkməyən məhkəmə tərəfindən "ekstremist təşkilat yaratma və ya bu növ təşkilatda iştirak" maddəsi ilə 6 illik həbs cəzasına məhkum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR