Onlayn ictimai-siyasi qəzet
"Kurikuluma yenidən baxılmalı, təhsil sistemində dəyişikliklər edilməlidir".
Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin fikrincə, kurikulumlar müasir tələblərə uyğun olaraq yenilənməlidir:
"Xüsusilə texnologiya, rəqəmsal bacarıqlar və tənqidi düşünmə kimi sahələrə daha çox diqqət verilməlidir. Müəllimlər üçün davamlı peşəkar inkişaf proqramları təşkil edilməli, onların yeni pedaqoji metod və texnologiyalardan xəbərdar olmaları təmin edilməlidir. Həmçinin hər bir şagirdin fərdi maraqları, qabiliyyətləri və inkişaf sürəti nəzərə alınaraq təhsil fərdiləşdirilməlidir. Bu, həm istedadlı şagirdlərə, həm də çətinlik çəkənlərə daha uyğun təhsil imkanları yarada bilər. Rəqəmsal platformalar, onlayn mənbələr və digər texnologiyalar vasitəsilə tədris resursları daha geniş şəkildə tətbiq edilməli və interaktiv təhsil imkanları artırılmalıdır".
Ekspert həmçinin şagirdlərin yüklənməsindən də danışıb:
"Erkən yaşlarda əlavə hazırlıq kursları və çox sayda ev tapşırığı şagirdlərə əlavə stress yaradır. Bu yüklənmə balanslaşdırılaraq daha sağlam inkişaf mühiti yaradılmalıdır. Orta ümumtəhsilin son illərində şagirdlərə müxtəlif peşə sahələri haqqında məlumat vermək və onları praktiki təcrübə ilə təmin etmək daha yaxşı karyera seçimləri etmələrinə kömək edə bilər.
Bu istiqamətlərdə dəyişikliklər təhsil sistemini daha səmərəli və müasir dövrün tələblərinə uyğun hala gətirə bilər".
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ