Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri nəyə, hansı cavab zərbəsinə işarə edir?
ABŞ-ın yeni prezidenti Donald Trampın İranla bağlı hansı siyasəti yürüdəcəyi hələ ki, tam müəyyən deyil. Məlumatlara görə, Tehran rejiminə qarşı hərbi variant da istisna edilmir. Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, “İsrail və ABŞ gərək ağıllarını itirsin ki, İranın nüvə obyektlərinə zərbə vursun”.
İranın yüksəkrütbəli diplomatı bu barədə İran paytaxtında “Sky News”a eksklüziv müsahibəsində bildirib. Onun sözlərinə görə, belə bir hücum region üçün “çox ciddi fəlakət” demək olacaq və cavabsız qalmayacaq: “Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən istənilən hücum dərhal və qəti cavabla nəticələnəcək. Amma onların belə dəlilik edəcəklərini düşünmürəm. Bu, həqiqətən dəlilikdir. Və bu, bütün bölgəni çox ciddi fəlakətə düçar edərdi”.
İran rəsmisi nəyə, hansı cavab zərbəsinə işarə edir? O halda konkret olaraq, Azərbaycan hansı risklə üzləşə bilər? Əgər nəzərə alsaq ki, İsrail bizim strateji müttəfiqlərimizdən biridir.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında İranın söz güləşdirməklə məşğul olduğunu söylədi: “Bu İranın növbəti blefidir. İran hökuməti illərdir ki, İsraili yer üzündən siləcəyi ilə hədələyirdi. Sonda nə baş verdi? İsrail İranın son onilliklər ərzində 300 milyard dollardan çox vəsait xərcləyərək yaratdığı proksilərini sayılı günlər ərzində məhv etdi. İranın bunun qarşılığında İsrailə ”raket hücumları" isə onun hərbi “qüdrətinin” səviyyəsini bütün dünyaya sübut etdi. İran yaxşı anlayır ki, nə ABŞ, nə də İsrail onun nüvə silahına sahiblənməsinə imkan verməyəcəkdir. Biz yaxın zaman kəsiyində bu yöndə baş verəcək ciddi hadisələrin şahidi olacağıq. Əgər İranın hərbi arsenalında hər hansı bir ciddi silah olsaydı, heç şübhəsiz onu çoxdan qarşı tərəfə tətbiq etmişdi. İran Qərbin və İsrailin basqıları fonunda özünə tay olan Rusiya ilə bir araya gələ bildi. Əslində bu ilin yanvar ayının 17-də Moskvada Rusiya ilə İran arasında bağlanmış strateji tərəfdaşlıq sazişində kənar hərbi müdaxilələr zamanı bir-birinə hərbi yardım etməmək kimi müddəa var. Yəni bu saziş də Qərbin və İsrailin mümkün hərbi basqılarından müdafiə olunmaq üçün İrana heç nə vəd etmir".
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva bu bəyanatı ciddi hesab etmir: “İran tərəfi yenə də həmişəki kimi quru və boş bəyanatlarla hədə-qorxu gəlməyə, vaxt udmağa çalışır. İranın hərbi-texniki imkanları İsrail və ABŞ-ın qarşısında dayanmağa imkan vermir. Səbəbi sadədir, nüvə alimlərinin böyük əksəriyyəti İsrail kəşfiyyatı tərəfindən məhv edilib. Nüvə resurslarını saxlayan anbarlar da son beş ildə ciddi zərər görüb. Onların çox hissəsi ya partladılıb, ya da fəaliyyəti kənar imkanlar hesabına məhdudlaşdırılıb. Bu baxımdan Əraqçinin bəyanatları ciddi hesab olunmamalıdır. İran İsrailə də son iki il ərzində tutarlı cavab verə bilməyib. Azərbaycana gəldikdə isə Bakı həm Tel-Əvivlə, həm də Tehranla əməkdaşlıq edən və onlarla müəyyən məsafə saxlayan siyasət yürüdür. İran Azərbaycanı sadəcə quru dillə hədələyə bilər. Əgər real hücum olarsa, Ankara və Tel-Əvivlə yanaşı, İranın şərq qonşusu İslamabad da bizim yanımızda yer alacaq. Üstəlik, Moskva ilə Bakı arasında da strateji saziş var. Yəni Azərbaycana barmaq silkələmək indiki halda Tehran hökumətinə çox baha başa gələ bilər. Hətta 35 milyonluq Güney Azərbaycan ayağa qalxar və İran öz içindən parçalanar. Bunu iranlı strateqlər də yaxşı başa düşürlər. Bu baxımdan, İran Azərbaycana yox, Ermənistana baxmalıdır. Çünki ABŞ-la Ermənistan arasında imzalanan son xartiya həm də İrana qarşı Qərb blokunun növbəti strateji həmləsidir”.
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı bölgədə Azərbaycan üçün arzuolunan proseslərin getmədiyini vurğuladı: “Bu gün Amerikanın İranı raketlərlə vurması arzuolunan deyil. Bölgədə yeni bir müharibənin başlanmasına gətirib çıxarır. Təbii ki, İran da İsrailə qarşı raket hücumunu başlayacaq. Azərbaycan hər zaman İranın raketlə vurulmasını istəməyib. Birincisi, İran qeyri-rəsmi türk dövlətidir. Əhalinin 40 milyondan artığı Azərbaycan türkləridir. İran-Amerika müharibəsi baş versə, qonşu ölkələr üçün də çox ciddi problemlər yarada bilər. Yüz minlərlə, hətta milyonlarla insan qonşu ölkələrə qaçqın düşə bilər. O cümlədən də Azərbaycana milyonlarla soydaşımız Azərbaycana keçmək arzusunda ola bilər, Bu da təbii ki, region dövlətləri üçün çox ciddi nəticələrə səbəb olar. Konkret olaraq fəlakətə səbəb olar. Amerika-Suriya müharibəsində milyonlarla insan Türkiyə dövlətinə keçmədi? Azərbaycan hər zaman hər iki ölkə ilə, istər İsraillə, istərsə də İranla ikitərəfli və qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olub. İsrail Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Uzun illərdir ki, çox yüksək səviyyəli əlaqələr formalaşıb. 44 günlük Vətən müharibəsində Qərb ölkələri Ermənistana görə Azərbaycana ən müasir silahları pulu ilə vermədilər. Ancaq İsrail dövləti hər cür dəstəyini nümayiş etdirdi. Ermənistan 40 ildir ki, Azərbaycanla düşmənçilik edir. On minlərlə insanımızı qətlə yetirib. Ancaq İran Ermənistanla dostluq, qardaşlıq edir. Necə deyərlər, hər dövlət özü həm dostunu, həm də düşmənini müəyyən edir. Azərbaycan isə Amerika-İsrail-İran müharibəsinin baş verməməsi arzusundadır”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ