İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT “revizorları”nın sərhəd hesabatı - Azərbaycanın əleyhinə, yoxsa...

Politoloq: “Heç bir monitorinq missiyası Azərbaycanın sərhəd toxunulmazlığını şübhə altına ala bilməz”

Sərhəddəki ağır döyüşlərdən sonra Ermənistanın müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası  Ermənistan sərhədində monitorinq həyata keçirib. KTMT missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb. Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin bu ölkədəki missiyası qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlərə dair təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib. Bildirilir ki, konstruktiv fikir mübadiləsi aparılıb. Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib. Hesabatın mətni açıqlanmayıb, monitorinq qrupunun hansı qənaətə gəldiyi barədə məlumat verilmir. Məlumata görə,  Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb. KTMT missiyasının hesabatı təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə İrəvanda keçiriləcək toplantıda təqdim ediləcək.

Bu məsələnin bizə də aidiyyəti var. Bu baxımdan, monitorinqin nəticələri Azərbaycan üçün də açıqlanmalıdır, yoxsa yox?

Bu proses Ermənistanın KTMT-dən çıxması müzakirələri fonunda baş verir. Ermənistanın KTMT-ni tərk etməsi baş nazir Nikol Paşinyanın parlamentdənkənar siyasi qüvvələrin liderləri ilə görüşündə də əsas diqqət mərkəzində olub. Toplantıda iştirak edənlərin əksəriyyəti İrəvanın KTMT üzvlüyünə dərhal xitam verilməsi təklifini səsləndiriblər. Vurğulanıb ki, ABŞ-ın dəstəyinə yeganə maneə Ermənistanın KTMT-yə üzv olmasıdır. Yəni KTMT-yə üzv olmaqları yeni hərbi texnologiya silah və sursatları almağa mane olur. “Rusiya silah və sursatları ilə, rus texnologiyaları ilə biz həmişə Azərbaycana uduzacağıq”, - deyə bildirilib.

Ermənistanın təkcə KTMT-dən deyil, Rusiyanın iştirak etdiyi və dominant rol oynadığı bütün hökumətlərarası strukturlardan çıxması da təklif edilib. Hətta 102-ci ordunun çıxarılması, Ermənistan Rusiyadakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması və “Rusiya rəsmən üzr istəməyincə onu göndərməməlidir” kimi tələblər də səslənib. KTMT-nin hesabatı Bakı üçün əhəmiyyətli deyilmi? Bizə qarşı hansısa məqamlar ola bilərmi? Bizim mövqeyi də öyrənməyə borclu deyillərmi? Qurumun baş katibi general Zas İrəvandan sonra Bakıya gəlməlidirmi?

İşğalçı qüvvələrin Qarabağı tərk etməsi barədə artıq məlumatlar var” -  Hərbi ekspert

 Şair Ramaldanov 

Hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan qəsdən təxribatlar həyata keçirir və sonra da KTMT-ni Azərbaycana qarşı qoymağa cəhdlər edir: “İndiyə qədər Ermənistanın bu cəhdləri uğursuzluğa düçar olub, KTMT ermənilərin istəklərini yerinə yetirməyib. 12 sentyabr təxribatı da KTMT-nin bölgəyə müdaxiləsinə hesablanmışdı. Lakin yenə də alınmadı. Sadəcə, KTMT-nin araşdırıcı heyətinin bölgəyə göndərilməsi barədə qərar verildi. Vəziyyəti yerlərdə araşdırıblar və KTMT-yə məlumat veriləcək. KTMT üzvləri Ermənistanın onlara müraciətinə cavab olaraq formal bir prosedur həyata keçirilməsi qərarı verib. İndi həmin qərar yerinə yetirilib. Paşinyan hökuməti ilə KTMT arasında problemlər yaşanır. Hesab edirəm ki, Ermənistan hakimiyyətini sakitləşdirmək üçün bir addım atılıb. Lakin bu addımın ciddi bir hərbi, siyasi nəticəsi olası deyil. Son qərarları KTMT-nin üzvü olan dövlətlərin başçıları verir. Ermənistan xaric KTMT üzvü olan dövlətlərin hamısının rəhbərləri ilə Azərbaycan Prezidentinin çox yaxşı münasibətləri var. Ermənistan isə KTMT-də nüfuzu olmayan bir dövlətdir. Paşinyana KTMT üzvü olan dövlətlərin liderləri bel bağlamırlar. Ermənistan indi də KTMT-ni oradan çıxmaq kimi bəyanatlarla şantaj edir. Lakin buna baxmayaraq, KTMT-nin bölgəyə göndərilən missiyasının apardığı monitorinqin nəticələrinin Azərbaycan əleyhinə olacağını düşünmürəm. Monitorinqin nəticələri şübhəsiz ki, Azərbaycana da açıqlanmalıdır. Çünki Azərbaycan KTMT üzvü olmasa da, missiya Ermənistan-Azərbaycan arasında yaşanmış hərbi toqquşmanın nəticələrinin monitorinqini aparıb. O ki qaldı KTMT baş katibinin Bakıya da gəlməli olduğu barədə deyilənlərə, nəzərə almaq lazımdır ki, missiya Ermənistan tərəfindən edilən müraciət əsasında göndərilmişdi, baş katib də buna əsasən İrəvana gəlir. Əgər Azərbaycan tərəfindən dəvət əsasında gəlsəydilər, o zaman təbii ki, Bakıya gələcəkdilər. Azərbaycanın mövqeyinin çatdırılmasına gəlincə, bizim mövqeyimiz bütün dünyaya, o cümlədən KTMT-yə bəllidir. Hesab edirəm ki, KTMT missiyası da bu mövqeyi düzgün anlayır və haqlı tərəf olan Azərbaycana qarşı addım atılmayacaq”.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov 

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Ermənistanın 12-13 sentyabrda həyata keçirdiyi hərbi təxribatda hesabladığı addımlardan biri də KTMT-ni prosesə cəlb etmək idi. Amma ermənilərin bu planı da heçə çıxdı: “KTMT-yə üzv olan dövlətlərin Azərbaycanla münasibətləri həmin təşkilata üzv olan Ermənistanla münasibətlərdən daha yaxşıdır. Ermənistan bəzi məqamları hesaba almamışdı. O ki qaldı KTMT missiyasının keçirdiyi monitorinqə, onlar monitorinqi KTMT-yə üzv olan Ermənistanın ərazisində keçirə bilərlər. Amma Azərbaycan ərazisində keçirə bilməzdilər. Belə də oldu. Biz KTMT ilə gərginlik yaşamırıq və KTMT-yə müraciət də etməmişik. Biz Ermənistanla problemlər yaşayırıq və müraciəti də KTMT-yə Ermənistan rəhbəri edib. Ona görə KTMT-nin rəhbərinin və monitorinq missiyasının Azərbaycana gəlib-gəlməməsi məsələsi dövlətimizin rəsmi mövqeyi ilə cavablandırıla bilər. Bu baxımdan hesab edirəm ki, məsələ müsbət həll edilə də bilər, həll edilməyə də bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, istənilən səmimi platformaya açıqdır. Yetər ki, keçmiş münaqişə ilə bağlı məsələlərin həllində həmin platforma ədalətli və səmimi rol oynasın. Biz ərazi bütövlüyümüzü qorumaq üçün hətta bütün dünyanı belə qarşımıza almağa hazırıq. Heç bir monitorinq missiyası Azərbaycanın sərhəd toxunulmazlığını şübhə altına ala bilməz”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR