Onlayn ictimai-siyasi qəzet
Rəsmi İrəvanın “Rusiya NATO-su”ndan qopması an məsələsidir; Üzeyir Cəfərov: “Bütün baş verən proseslər Ermənistanın çox tezliklə KTMT-dən rəsmi olaraq ayrılacağını deməyə əsas verir”
Azərbaycan-Ermənistan sərhədində ilk delimitasiya işlərinin yekunlaşması Nikol Paşinyan hakimiyyəti ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında yaranmış gərginliyin gerçək səbəblərini aşkara çıxartmağa imkan verir. Çünki rəsmi İrəvan indiyə qədər Rusiyanı və KTMT-ni Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyini təmin etməməkdə ittiham edib.
Rusiyanın rəhbərlik etdiyi alyans isə təhlükəsizlik üzrə qarşılıqlı öhdəliyə sadiq olduğunu, lakin Paşinyan hökumətinin tələblərinin yerinə yetirilməməsini Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşməməsi ilə izah edib. Ona görə də baş nazir Nikol Paşinyan 2022-ci il noyabrın 23-də KTMT dövlət başçılarının İrəvanda keçirilən sammitində iclasın yekun bəyannaməsini imzalamaqdan imtina etmişdi. Paşinyan guya Azərbaycanın Ermənistan ərazilərinə hərbi müdaxilə etdiyini və bir sıra əraziləri “zəbt etdiyini” iddia edir. KTMT-yə üzv olan ölkələr isə sərhədlər delimitasiya və demarkasiya olunmadan Azərbaycan Ordusunun şərti sərhəddə mövqe tutduğu ərazilərin Ermənistana məxsus olması barədə açıqlamaların hüquqi əsasının olmadığını bildirir. Yəni KTMT Azərbaycanla razılaşdırılmış sərhəddə müşahidəçi yerləşdirməyə hazır olduğunu bəyan edir. Qeyd edək ki, son günlər Qazax rayonunun işğal altındakı dörd kəndinin Azərbaycana qaytarılmasından sonra delimitasiya prosesinin qısa zamanda yekunlaşması əslində həm KTMT-nin, həm də erməni diplomatın “sərhəd haradadır” sualına aydınlıq gətirir. Artıq hər iki tərəf Qazax istiqamətində gələcək sərhəd xəttinin haradan keçəcəyini bilir. Yəni Ermənistan hələ də üç kəndin işğal altında qaldığı, yəni potensial münaqişə mənbəyinin mövcud olduğu ərazidə sərhəd nişanlanmasını göstərməklə KTMT-yə müşahidəçilərini əraziyə yerləşdirmək üçün müraciət edə bilər. Lakin Nikol Paşinyan sərhədin müəyyənləşdiyini və Ermənistanla Azərbaycanın sülhə yaxın olduğunu əsas gətirərək artıq Tavuş vilayətinin Qazax rayonu ilə sərhədində Rusiya qoşunlarına ehtiyac olmadığını, onların bölgəni tərk etməli olduğunu deyir. Halbuki KTMT də öz növbəsində, sərhəd xəttinin məlum olduğunu və həmin əraziyə təhlükəsizlyin təmin edilməsi məqsədilə müşahidəçilərin göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər. Ancaq Paşinyanın açıqlaması KTMT ilə fikir ayrılığının delimitasiya və demarkasiya prosesi ilə bağlı olmadığını təsdiq edir. Ermənistan hələ 2021-ci ildə beynəlxalq müşahidəçilərin Azərbaycanla sərhəddə yerləşdirilməsi təklifi ilə çıxış etmişdi. Avropa İttifaqı və Kanadanın müşahidə missiyasını əraziyə gətirməklə Paşinyan buna nail oldu. Yəni Paşinyanın niyyəti əslində KTMT-ni Qərbin missiyası ilə əvəz etmək olub. Müqavilə-hüquq bazasına uyğun olaraq, Ermənistandakı KTMT qüvvələri MDB-nin xarici sərhədlərini, yəni İran, Türkiyə və Gürcüstanla sərhədlərin təhlükəsizliyini təmin etməlidir. Azərbaycan isə MDB-nin üzvüdür. Ona görə də İrəvanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi davamlı olarsa, bu, Paşinyana KTMT-nin silahlı qüvvələrini, ilk növbədə, Azərbaycanla sərhədlərdən çıxartmaq imkanı yaradacaq. Görünən budur ki, rəsmi İrəvanın “Rusiya NATO-su”ndan qopması an məsələsidir. Ekspertlərimizin mövzu ilə bağlı maraqlı yanaşmaları var.
Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Ermənistan baş nazirinin son addımları onu deməyə əsas verir ki, nəhayət, onlar əsl həqiqətin nədən ibarət olduğunu anlamağa başlayıblar. Sərhədlərin delimitasiyası və artıq demarkasiyası prosesinə start verilməsi yaxşı siqnaldır. Bu prosesi ləngitmək istəyən qüvvələr isə istər Ermənistanın daxilində, istərsə də kənardan son akkordlarını vurur ki, bəlkə nəyəsə nail ola bildilər. Düşünürəm ki, etirazçıların heç bir şansları yoxdur. Paşinyan sərhəd məsələsində sona qədər gedəcək. Doğrudur, Azərbaycanla son mərhələ, xüsusən də anklavda qalan Qazağın 3 və Naxçıvanın 1 kəndi ilə bağlı danışıqlar, müzakirələr çox ağır olacaq. Bu addımları ilə Paşinyan hələ də Qarabağ kartından öz məqsədləri üçün istifadə etməyə ümidli olan bir xeyli oyunçuları "oyundankənar" vəziyyətdə qoydu. Elə həmin KTMT də məyus olan qüvvələr sırasındadır. Onların rəhbər qurumlarında təmsil olunan bir sıra şəxslər də axırıncı məqama kimi düşünürdülər ki, Paşinyan məcburiyyət qarşısında yenə onlara müraciət üçün üz tutacaq. Bu, belə olmadı və çətin ki, bundan sonra olsun". Ü.Cəfərova görə, bütün baş verən proseslər Ermənistanın çox tezliklə KTMT-dən rəsmi olaraq ayrılacağını deməyə əsas verir: “Hər şey ona doğru gedir. Ümumiyyətlə, proses təkcə KTMT ilə yekunlaşmayacaq. Böyük ehtimalla bu addımın ardınca siyasi və iqtisadi addımlar da mütləq atılacaq. Yəqin ki, 2024-cü ildə Ermənistan öz sərhəd qoşunlarını da normal bir vəziyyətə gətirə biləcək. Zatən, Ermənistan bunu etməyə borcludur və edəcək. Çox tezliklə qardaş Türkiyə ilə sərhədlərin də ilk məntəqəsinin açılışı gözlənilir. Bu baş verdikdən sonra isə MDB məkanından Ermənistana daha da çox təzyiqlərin olacağını təxmin edirəm. Özü də bu prosesə də rəsmi Moskva özü və yaxın vassalları vasitəsilə təsir etməyə çalışacaq. Düşünmürəm ki, hansısa Qərb gücləri hərbi kontingent formasında İrəvan tərəfindən dəvət olunsun. Bu, nə vaxtsa ola bilər, amma belə tezliklə olacağını düşünmürəm”. Polkovnik hesab edir ki, növbəti dönəmlərdə, 102-ci hərbi bazanın da Gümrüdən çıxarılması ilə bağlı yavaş-yavaş çağırışların ediləcəyi gözləniləndir: “Bir sözlə, Rusiyanın Cənubu Qafqazdan sıxışdırılıb çıxarılması prosesi artıq geridönməz hal alır. Baş verənlərdə sözsüz ki, bizim yaxın tarixlərdə əldə etdiyimiz hərbi və siyasi uğurlarımızın da çox böyük rolu olub”.
Tural İsmayılov
“Bu gün Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə çalışır. Ermənistanın bu aqressiv anti-KTMT davranışları həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də bu təşkilatın əsas patronaj siyasi qüvvəsi olan Rusiya tərəfindən müşahidə edilir”. Bu sözləri isə “Yeni Müsavat”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib. Ekspert Rusiya və Ermənistan münasibətlərinin kəskinləşmə səbəblərindən də bəhs edib: “Bu gün Rusiya ilə Ermənistanın münasibətlərinin belə kəskin, konfrontasiyalı olmasının səbəblərindən biri də Ermənistanın KTMT-yə qarşı tutduğu mövqedir. Düşünürəm ki, gələcək günlərdə Ermənistanla KTMT arasındakı vəziyyət daha da gərginləşəcək”. Politoloq düşünür ki, Ermənistanın KTMT-dən xaric olunma məsələsi hələ ki real görünmür. “Çünki KTMT üzvləri və Rusiya çox yaxşı başa düşür ki, Ermənistan elə də müstəqil elementə malik ölkə deyil ki, Rusiyanın rəhbərliyi altında olan hansısa təşkilatı tərk etsin”. Tural İsmayılovun sözlərinə görə, bu gün Ermənistan hakimiyyəti Rusiyanın düşməni kimi görünür. “Amma Ermənistanın elə bir siyasi gücü və cəsarəti yoxdur ki, KTMT-ni tərk edə bilsin”. T.İsmayılov hesab edir ki, Ermənistan hər bəhanə ilə Rusiyanı qovmağa çalışır.
E.PAŞASOY,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ