İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım körpüsündəki partlayışda erməni izi

Partlayıcı ilə doldurulduğu iddia edilən yükü qəbul edib, göndərən Armavirdən olan şirkətin erməni əməkdaşlarıdır

Krım körpüsünün partladılması hazırda dünya gündəminin yenə də ilk sıralarında yer alır. Azərbaycan ictimaiyyətini də bu hadisə yaxından maraqlandırır ki, bu da səbəbsiz deyil. Belə ki, hadisənin ilk günündə partladılan yük maşınının azərbaycanlı Mahir Yusubov tərəfindən idarə edildiyi barədə məlumatlar yayıldı. Hadisədə erməni izinin olduğu isə 3 gün sonra məlum olub.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, partladılmış yük maşınının marşrutu müəyyən edilib. Yük maşını Bolqarıstandan Gürcüstana, oradan isə Ermənistan, Şimali Osetiya və Krasnodar diyarına yola düşüb. Yük maşınının hərəkətinin təşkilində iştirak edən şəxslər də müəyyən edilib.

“Caliber” xəbər verir ki, Krım körpüsündə baş verən partlayışla bağlı ilk həbs edilənlərin adları məlum olub. Bunlar partlayıcı ilə doldurulduğu iddia edilən yükü qəbul edib göndərən Armavirdən olan şirkətin əməkdaşlarıdır: Samvel Azatyan, onun oğulları Georgi və Artyom.

Rusiya istintaq orqanlarının məlumatına görə, “Aqro Biznes” şirkəti Armavirdə təhlükəli yükləri qəbul edib. Firma erməni ailənin adına sənədləşib. Bildirilir ki, hadisələrdən bir müddət əvvəl o, atası Samvelə zəng edərək, dostuna məxsus olduğu iddia edilən bir günlük yükü qəbul etməsini xahiş edib.

Georginin sözlərinə görə, bu barədə ona məlumat verməyi unudublar və o, xarici nömrəli furqonun mövcudluğunu maşın oraya gələndən sonra bilib. Anbarda çox yer var imiş. Sürücü iş adamına bir dəstə veksel uzadıb, amma anbardar onlara baxmadan imza atmaqdan imtina edib. Ertəsi gün Mahir Yusubovun idarə etdiyi “İnter” anbara daxil olub. Onların arasında heç bir əlaqə olmayıb, yeganə uyğunluq yükün (fura) dövlət qeydiyyatında olub...

Georginin iştirakı ilə yükləməni şirkətin traktorçusu Yuri Postnikov mexaniki yükləyicinin köməyi ilə həyata keçirib. Oktyabrın 8-də isə xüsusi xidmət orqanlarının əməkdaşları anbarda olublar. İstintaq hərəkətləri bir gün davam edib. Bütün iştirakçılar dindirilib, Yurinin işlədiyi əlcəklər və işçilərin telefonları götürülüb. 9 oktyabr gecə isə istintaq hərəkətləri üçün hər kəs Simferopola aparılıb. Artyom Azatyan orada saxlanılıb...
Bütün bu faktlardan sonra ekspertlər daha çox bu qənaətə gəliblər ki, düşmən yenə də məkrli plana əl atıb. II Qarabağ savaşında və ondan sonrakı proseslərdə havadarı olduqları Rusiyadan istədikləri dəstəyi ala bilməyən ermənilər əslində bununla Kremlin Azərbaycanla münasibətlərini soyuqlaşdırmaq məqsədi güdüblər...

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlının bu yöndə fikirləri çox maraqlıdır: “Krım körpüsünün partladılması əməliyyatı detallarına qədər hazırlanmış plan olaraq görünür: yük maşınının seçilməsi, partlayıcı maddələrin yüklənməsi, avtomobilin yoxlanılmadan körpüyə çatması, yaxud hansısa formada yoxlanışdan keçməsi, qatarın gəldiyi anda partladılması və s. Detallara baxdıqda bu əməliyyatın uzun müddət hazırlandığını demək mümkündür. Mümkündür ki, bu əməliyyatın hazırlanmasında Ukrayna xüsusi xidmət orqanları Qərb ölkələrindən də müəyyən dəstək alıb. Hadisədə erməni ailəsi və ABŞ-da yaşayan azərbaycanlının da adının keçməsi bu haqda versiyaları önə çıxarır. Lakin yük maşınının sahibi olan azərbaycanlı Yusubovun videomüraciətindən məlum olur ki, avtomobili əmisi oğlu idarə edirmiş, buna görə onun əməliyyatdan məlumatlı olması ehtimalı azalır. Erməni ailəsinin isə bütün üzvlərinin olmasa da, ən azı birinin, xüsusilə yaxınlarda Krıma gələn və yükün qəbulu ilə bağlı atasından xahiş edən Artyomun iştirakının olması ehtimalı var. Yayılan məlumatlar bu versiya üzərində dayanmağa əsas verə bilər. Lakin fikrimcə, Ukrayna "taxıl işi"ndəki taktikadan istifadə edə bilər. Bu ilin iyulunda ukraynalı jurnalist şəbəkəsinin taxıl oğurluğu ilə bağlı araşdırması ortaya çıxdı. Bəllidir ki, bu araşdırmada xüsusi xidmət orqanlarının da payı var. Jurnalistlər Ukraynanın oğurlanan taxılının “Rostov erməniləri” tərəfindən həyata keçirildiyini öyrəndilər. Onlar taxılı daşıyan “Rutratranstorq” adlı şirkətin koordinatoru Artur Əzizyana zəng edir, “lojistik şirkət” adı ilə daşınma işində iştirak etmək istədiklərini deyirlər. Beləliklə, yüklərin necə və hansı yolla daşınmasına qədər bütün məlumatları əldə ediblər. Artur Əzizyanın həvəslə hər şeyi açıb-tökməsi daha çox pul qazanmaq niyyətindən irəli gəlirdi və bu hadisə fonunda yanaşdıqda mümkündür ki, Ukrayna xüsusi xidmət orqanları yükdaşıma şirkəti üzərindən planını həyata keçirib, şirkətlər də daha çox pul qazanmaq naminə yükün nə olduğuna fikir verməyiblər. Erməni ailəsi və azərbaycanlı Yusubovun birbaşa əlaqəsinin olduğunu düşünmürəm. Bu daha çox kəşfiyyatın “lojistik şirkət” adı ilə qurduğu plana bənzəyir".

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi: Vətənə xidmət hansısa  təşkilatın inhisarında ola bilməz

Ceyhun Məmmədov

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bu hadisə ilə əlaqədar hələ bir rəsmi açıqlamanın verilməməsinə toxundu: “Ukraynada bu barədə rəsmi bir açıqlama yoxdur. Rusiya tərəfin yaydığı heç bir məlumat da inandırıcı deyil.

Onların yaydığı məlumat hər zaman həqiqət yox, gələcəkdə əldə etmək istədikləri hədəflərə yönəlik xüsusi hazırlanmış "kəşfiyyat" məlumatlarıdır. Demək olar ki bu çox yerdə belədir. Ona görə də bugünkü gün bu barədə nəsə demək, analiz aparmaq çətindir, çünki həqiqətən də orada nə baş verdiyi tam məlum deyil. Məlum olan bir şey var ki, o da Putinin xarizmasına zərbədir. Amma kim bunu necə və daha hansı məqsədlərlə edib bilinmir. Ən azından Ukrayna tərəfi bu barədə rəsmi bir açıqlama verməyib, detalları paylaşmayıb. Bu son vaxtlar Rusiyanın müxtəlif vilayətlərində partlayışlar törədən, Ukrayna ilə müharibənin və Moskvada rejimini qatı əleyhdarları olan “Rusiyanın Azadlığı” legionu və digər aralarında yüksək vəzifəli rusiyalı hərbçilərin olduğu bildirilən partizanların işi də ola bilər. Bundan əlavə, müharibənin uzanması və Rusiya üçün uğursuz davam etməsi fonunda Rusiya ictimaiyyətində formalaşan rus ordusuna qarşı mənfi reaksiyanı dağıtmaq məqsədilə və diqqətləri Müdafiə Nazirliyində FSB-yə yönəltmək üçün ordu tərəfindən aparılan bir əməliyyat da ola bilər. Və bu əməliyyatdan sonra bütün Ukraynada mülki obyektlər rusların əllərində qalan son raketlərlə vuruldu. Uşaqların oyun meydançası, universitet binası, işə gedən adamlar... 17 dinc sakin həlak oldu. Və dünənə qədər ordu rəhbərliyini günahlandıran Kadırov dünən Kiyevdə dinc əhalinin bombalanmasından sonra öz “məmnuniyyətini” bildirib. Və onun kimi yüzlərlə insan “qələbə” sevinci yaşayıb. Bu bir anlamda can verən Rusiya ordusuna süni nəfəs verərək ordunun nüfuzunu qaldırma əməliyyatına da bənzəyir. Amma bunların heç biri Ukrayna xalqının və ukraynalıların haqlı mübarizəsinə dəstək verən müttəfiqlərinin birliyini poza bilməyəcək, əzmini qıra bilməyəcək! Biz bunu 2020-ci ildə Gəncə şəhəri bombalanarkən gördük, hiss elədik. Bu bizim qələbə istəyimizi artırdığı kimi, Ukrayna xalqının da qələbə əzmini artıracaq. Qələbə Ukraynanın olacaq".


Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR