Onlayn ictimai-siyasi qəzet
Rusiya məsələnin müzakirəsini prezidentlər səviyyəsinə qaldırmaq istəyir; Moskvanın inadı nəticə verəcəkmi? - reaksiya
“Rossotrudniçestvo” ümid edir ki, Bakıdakı Rus Evi ilə bağlı vəziyyət Rusiya və Azərbaycan prezidentlərinin şəxsi görüşündə həllini tapacaq". Bunu “Rossotrudniçestvo”nun direktor müavini Pavel Şevçov deyib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo” Azərbaycan tərəfinin mövqeyini və bütövlükdə Rus Evi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün gündəlik iş aparır:
“Rossotrudniçestvo” Azərbaycanda dil proqramları, universitetlər arasında və beynəlxalq təşkilatlar vasitəsilə qarşılıqlı əlaqə sahəsində yaxşı temp qazanıb. Eyni “Rosmolodyoj” xətti ilə Azərbaycandan çoxlu sayda uşaq bizim “Yeni nəsil” proqramında iştirak etmək üçün gəlir. Bu trek fəal şəkildə inkişaf edir. Biz bunun son illərdə necə geniş vüsət aldığını gördük və bundan sonra da inkişaf edəcək".
Xatırladaq ki, mayın 9-da Moskvada Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putinin görüşü gözlənilir. Onu da deyək ki, Rusiyanın AZAL təyyarəsini vurmasından və iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra bu ilin fevralında Bakıdakı “Rus Evi”nin fəaliyyəti Azərbaycan qanunvericiliyinə uyğun olaraq dayandırılıb. Bu qurumun Rusiya kəşfiyyatına və digər qaranlıq məqsədlərə xidmət etdiyi barədə Azərbaycan mediasında gedən materiallardan sonra “Rossotrudniçestvo”un direktoru Yevgeni Primakov Azərbaycan KİV-lərini məhkəmə ilə hədələmişdi.
Qeyd edək ki, bundan öncə Azərbaycana səfər edən Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienkonun da Bakıda Rus Evinin bərpası məsələsini qaldırdığı barədə məlumat yayılmışdı. Rusiya XİN sözçüsü Mariya Zaxarova da dəfələrlə bu mövzuyla bağlı Kremlin narahatlığını ifadə edib.
Rusiya tərəfinin “Rus Evi”nin bərpasında bu qədər israr etməsi, bu təşkilatın doğrudan da sadəcə, rus mədəniyyəti, ədəbiyyatı və s. təbliğ edən humanitar missiya daşımadığını, daha çox siyasi maraqlara, imperiya maraqlarına və Azərbaycanda “yumşaq güc”ün saxlanmasına xidmət etdiyini təsdiqləyir. Ona görə də bu məsələnin prezidentlər səviyyəsində müzakirəsinə ümid bəslənir.
Rusiyanın “Rus Evi” israrı nəticə verəcəkmi?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Rusiya müxtəlif vasitələrlə regionda öz mövqeyini qoruyub saxlamağa çalışır: “Adətən regionlarda müəyyən münaqişələr təşkil etməklə regionda özünə ehtiyacı qoruyub saxlamaq taktikasını həmişə seçib. Həmçinin ölkələrin daxilində qarşıdurmalar yaratmaqla təsir imkanlarını əldə edirdi. Bütün bunları təsdiqləyən kifayət qədər faktlar var. Müxtəlif respublikaların daxilində Rusiya özünün qüvvələrini müxtəlif adlar altında yerləşdirir. ”Rus Evi" kimi adlar altında qurumlar yaradırlar və həmin qurumlarda kəşfiyyatçılarının fəaliyyətini təmin edirlər. Keçmiş SSRİ məkanında hər kəs bilirdi ki, bu “Evlər”in 1990-cı illərdən yaradılmasında məqsəd nədən ibarətdir. Rusiya bununla ölkələrdə özlərinin xüsusi mərkəzlərini yaradırdılar. Orada adamların ələ alınmasından tutmuş digər kəşfiyyat məlumatlarına qədər məsələlər haqda zaman-zaman xəbərlər yayılması da təsadüfi deyil. Bakıdakı “Rus Evi” də bu işlərdən xali deyildi".
Partiya sədri əlavə etdi ki, Azərbaycan dövləti qanunlarının tələb etdiyi addımı atdı və “Rus Evi” fəaliyyətini dayandırmaq qərarını verməli oldu: “İndi Rusiya sadaladığım imkanlardan müəyyən qədər məhrum olduğu üçün ”Rus Evi" məsələsindən əl çəkmək istəmir. Bütün gücləri ilə çalışırlar ki, “Rus Evi” bərpa olunsun. Hesab edirəm ki, Azərbaycan heç bir halda buna razılıq verməli deyil. Çünki bu cür mərkəzlərin burada fəaliyyəti Azərbaycanın maraqlarına cavab vermir. Onlar Azərbaycanı inandırmağa çalışırlar ki, guya “Rus Evi” heç də qanunlardan kənar bir fəlaiyyətlə məşğul olmur və sair. Təəssüf ki, Azərbaycanda proksi qüvvələr də Rusiyanın bu istəyinin reallaşdırılmasına çalışırlar. Rusiya proksi qüvvələrindən də istifadə edib Azərbaycanda rəy yaratmağa çalışırlar".
A.Nağı hesab edir ki, bununla dövlətimizin qərarına təsir göstərmək istəyirlər: “Güzəştə getmək olmaz. Çünki güzəştə getdinsə Rusiya növbəti addımını atır. ”Rus Evi" adlanan mərkəz Azərbaycanın maraqlarına cavab vermirsə, Azərbaycan nə üçün onun fəaliyyətə başlamasına razılıq verməlidir? Rusiyanın öz ərazisində bu tipli təşkilatların yaranmasına, fəaliyyətinə Rusiya icazə verərmi? Verməz. Onda nə üçün bizdən icazə verməyimizi gözləyirlər? Bu məntiqsizlikdir. Gözümüz görə-görə içimizdə hansısa ölkənin “Troya atlarının” yaradılmasına imkan verməməliyik".
A.Nağı onu da dedi ki, bu mövqeyimiz qətiyyən Rusiyaya qarşı olmaq kimi qəbul olunmamalıdır. Onun fikrincə, Rusiyanın adı çəkilən təşkilatı rəsmi şəkildə Azərbaycanda qeydiyyatdan keçərsə, qanunlarımıza hörmətlə yanaşaraq şəffaf fəaliyyət göstərərsə, onda fəaliyyətinə şərait yaratmaq olar.
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirdi ki, Azərbaycanda “Rus Evi”nın bağlanması bir neçə aspektdən Rusiyaya ciddi təsir edib. Onun sözlərinə görə, məhz buna görə onunla bağlı məsələni gündəmdən düşməyə qoymurlar: “Birincisi, Rusiya bu Mərkəz vasitəsilə özünün ideyalarını Azərbaycan cəmiyyətində yaymaq imkanlarından məhrum oldu. Beləliklə, Rusiyanın siyasi, ictimai və diplomatik sahədə hərəkətlərinə dəstək əldə etmək mexanizmini itirdi. İkincisi, bütün dünya gördü ki, Azərbaycan kimi kiçik bir ölkə iradə nümayiş etdirərək dünyanın super gücü olmaq iddiasında olan Rusiyaya qarşı ciddi bir qərar qəbul etdi. Həm də bu qərarın icrası təmin olundu. Bunu isə Rusiya rəsmiləri heç cür həzm edə bilmirlər. Çünki onlar öz iradələrini zorla qəbul etdirməyə öyrəniblər. Azərbaycan isə bu düşüncəni sındırdı. İndi Rusiyaya vəziyyətdən çıxmaq lazımdır. Ona görə də məsələni prezidentlər səviyyəsində qaldırıblar”.
M.Rəhimlinin zənnincə, bundan sonra “Rus Evi”nin fəaliyyəti bərpa olunsa belə bu, Azərbaycanın nüfuzuna və qələbəsinə kölgə sala bilməyəcək: “Əvvəla, cəmiyyətimiz və bütün dünya bildi ki, ruslar bu Mərkəz vasitəsilə ölkəmizdə nə işlə məşğul olurlar. Artıq Mərkəzə münasibətdə hər kəs diqqətlı olacaq. Onun fəaliyyəti ictimaiyyətin etimadsızlığı altında qurulacaq ki, bu da heç bir uğur qazanmayacağını deməyə əsas verir. İkincisi, həqiqi missiyası ifşa edilmiş bir Mərkəz qarşısına qoyduğu vəzifələrə çata bilməz”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ