Onlayn ictimai-siyasi qəzet
AXCP sədri Əli Kərimli son günlərdə yenidən "demokratiya" və "siyasi məhbus oyunu" oynamağa başlayıb. Xüsusilə, o, avqustun 8-də Amerika Prezidenti Donald Trampla azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannamədən sonra daha da fəallaşıb.
Tez-tez xarici media orqanlarına çıxış əldə edən AXCP lideri bu tarixi sənədə kölgə salmaq üçün bütün gücü ilə hərəkətə keçib. Onun bu addımları ciddi qınaq obyektinə tuş gəlib.
"Əli Kərimlinin son günlərdə açıqlamasında səsləndirdiyi fikirlər, xüsusilə də Azərbaycanın daxili siyasi mühitinə dair irəli sürdüyü iddialar, reallıqdan tamamilə uzaq, qərəzli və ictimai rəyə təsir göstərmək məqsədi daşıyan manipulyativ yanaşmadır".
Bu fikirləri Musavat.com-a Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı deyib.
O, daha sonra qeyd edib: "İlk növbədə qeyd etmək lazımdır ki, Vaşinqtonda Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən diplomatiyası nəticəsində imzalanmış Birgə Bəyannamə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində atılmış tarixi addımdır. Sözügedən bəyannamə Azərbaycanın milli maraqlarını, suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, regionun gələcək inkişafına real zəmin yaradır. Bu, dövlət başçımızın uğurlu xarici siyasət kursunun növbəti parlaq nəticəsidir.
Əli Kərimlinin Azərbaycanın guya “ən avtoritar rejimlərdən biri” olması barədə səsləndirdiyi fikirlər qərəzli siyasi təbliğat nümunəsidir. Azərbaycanda demokratik institutların möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişafı, azad və şəffaf seçki mühiti tam təmin olunub. “375 siyasi məhbus” kimi uydurma rəqəmlər isə heç bir hüquqi və faktiki əsasa malik olmayan, xaricdən sifarişlə səsləndirilən cəfəng sözlərdir.
Azərbaycanı zəif göstərmək və daxili sabitliyi sarsıtmaq cəhdləri heç vaxt baş tutmayacaq. Çünki Azərbaycan xalqı öz Prezidentinin milli maraqları qoruyan, ölkəni qlobal siyasi xəritədə gücləndirən siyasətini tam dəstəkləyir.
Əli Kərimli bilməlidir ki, Cənubi Qafqazın taleyini Azərbaycan xalqının iradəsi, müstəqil və güclü dövlətimiz müəyyən edir. Xarici mərkəzlərə arxalanaraq, öz dövlətini gözdən salmaq, milli uğurları kiçiltmək və siyasi dividend qazanmağa çalışmaq xalqımızın milli maraqlarına xəyanət, uydurma cəfəngiyyatdan başqa bir şey deyil.
Azərbaycanın sülh gündəliyini həyata keçirməsi, iqtisadi və siyasi nüfuzunun daha da artması, eləcə də beynəlxalq arenada etibarlı tərəfdaş mövqeyini möhkəmləndirməsi heç kimin iftira və qərəzli təbliğatı ilə kölgələnə bilməz".
Cavanşir ABBASLI
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ