Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Putinin Kəlbəcər və Laçını ermənilərə təklif etdikləri, ancaq onların bunu qəbul etmədikləri barədə dedikləri aydın səmada çaxan şimşək effekti doğursa da, əslində, bu yeni söhbət deyil.
Hələ Yeltsinin vaxtından Rusiya rəhbərliyi vaxtaşırı olaraq Ermənistanın Qarabağda işğal etdiyi 5 rayonu qaytarması barədə təşəbbüslər irəli sürürdü, ortaya mövzu atırdı.
Bu beş rayon Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı idi. Laçın və Kəlbəcər bu sıraya girmirdi.
Şuşa isə ermənilərin dədə-baba şəhəriymiş kimi, heç mübahisəli ərazi də sayılmırdı. Ermənilər də, ruslar da, fransızlar da, amerikalılar da bu məsələdə yekdil idilər ki, Şuşa ləğv olunmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati-ərazi vahidinə daxil olduğu üçün ermənilərin bu şəhərə sahib çıxması əsaslıdır.
Nə qədər acı olsa da, durum beləydi. Hələ Kəlbəcər və Laçını da ermənilərə peşkəş etmək istəyən Kreml yerdə qalan 5 rayonun Azərbaycana şərtlə, minnətlə qaytarmaq fikrindəydi. Bunun qarşılığında Azərbaycan Şuşa, Kəlbəcər və Laçın da daxil olmaqla Dağlıq Qarabağdan bütövlükdə və birdəfəlik imtina etməliydi.
Başqa sözlə, ermənilər işğal etdikləri ərazimizin bir hissəsini bizə satacaq, özlərinə əvvəlcə müstəqillik alacaq, sonra Dağlıq Qrabağı Ermənistana birləşdirərək ölkəni böyüdəcəkdilər, biz də şükür edəcəkdik ki, heç olmasa 5 rayonumuzu özümüzə qaytardılar.
Bu, fantastik bir layihə idi. Azərbaycanda heç bir siyasi partiya bu cür şərəfsiz torpaq alış-verişinə razı ola bilməzdi və göründüyü kimi, bu sövdə sona qədər də baş tutmadı.
İndi Putin deyir ki, həmin sövdələşmə ermənilərin mənfi səciyyəli maksimalizmi, “hamısı bizim” iddiası üzündən baş tutmayıb. Burası da var. Amma Azərbaycan dövləti 5 rayonu geri aldıqdan sonra da Laçın, Kəlbəcər və Şuşadan vaz keçməyəcək, o rayonların qaytarılmasını mərhələli şəkildə həll etmək istəyəcəkdi.
Başqa cür mümkün deyildi. Azərbaycan xalqı belə bir itkiyə təhəmmül edə bilməzdi.
Ancaq Rusiya düşünürdü ki, çətini Azərbaycanın 5 rayonu təhvil alması, razılaşmaya getməsidir, ondan sonra Şuşa, Laçın və Kəlbəcər, eləcə də bütün Dağlıq Qarabağ ən azı Kuril adalarının gününə düşəcək.
Necə ki, SSRİ/Rusiya II dünya müharibəsindən sonra Yaponiyaya məxsus Kuril adalarını özününküləşdirib və zaman-zaman bu məsələ aktuallaşanda konkret şəkildə “vermirəm, qurtardı, getdi” deyir, eləcə də ermənilər adı çəkilən 3 rayon barədə bizə eyni sözü deyəcəkdilər: “Vermirik, qan töküb almışıq, bizimdir”.
Onlar bu sözü işğal altında saxladıqları düzən rayonlarımız üçün də deyirdilər və münaqişəni xoşluqla, danışıqlarla tənzimləməyə qalsa, sona qədər də elə deyəcəkdilər.
Erməni liderlərin heç cür yola gəlmədiyi görüşlərdən biri
Fikir verdinizsə, Putinin “Laçını, Kəlbəcəri ermənilərə verirdik, razı olmadılar” və “Ermənistan Qarabağın üzərində Azərbaycanın suverenliyini özü tanıyıb” sözlərində bir sitəm, etiraz, qaxınc var.
Bu sitəmin təsfiri belədir: “Biz tələb etmirdik, ağlınız olaydı, Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydınız, ağlınız olaydı, bütün Dağlıq Qarabağı, eləcə də Laçın və Kəlbəcəri götürüb münaqişəni bitirəydiniz, günah özünüzdədir”.
Bu fikri bir həftə öncə RF XİN-in sözçüsü Mariya Zaxarova da demişdi. Bu da o deməkdir ki, Rusiyanın rəsmi kursu belədir. Bu dövlət ermənilərin düşdüyü duruma görə onların özünü, konkret olaraq baş nazir Paşinyanı günahlandırır, eyni zamanda ermənilərə mesaj verir ki, Moskva qəlbən sizin yanınızdadır, sadəcə, rəhbərləriniz düz yolda deyil.
Hazırda ermənilərin bir hissəsi bu mesajı almış kimi görünür. Amma hamısı onu da anlayır ki, yenidən Laçın, Şuşa və Kəlbəcərə sahib olmaları üçün Həkərinin suyu qədər qan axmalıdır.
Bir məsələ də var: Laçın və Kəlbəcərin ermənilərə “peşkəş” edilməsi ideyası hələ Köçəryan və Sarkisyanın prezidentliyi dövründə səslənib, amma onlar da razılaşmayıblar. İndi ruslar bu mənasız höcətliyi Paşinyanın etdiyini iddia edərək İrəvanı qarışdırmaq məqsədi güdürlər, amma fakt odur ki, Paşinyan bu layihə ilə razılaşsa, iddiaları, özünəvurğunluqları ərşə qalxmış ermənilər yığılıb onu aşırardılar.
İrəvanda növbəti 8 may eyforiyası (2020-ci ilə qədər)
2020-ci ildən əvvəlki vaxtlarda ermənilərin ambisiyasına, iştahına yaxın düşmək mümkün deyildi. Reallıq hissini tamamilə itirmiş bu toplum işğal etdikləri ərazini bütöv şəkildə de-yure olaraq özlərininki etsələr də, sakitləşəsi kimi görünmürdülər, bəlkə heç bir ay da çəkməcəkdi ki, Naxçıvana, Cavaxetiyaya cumacaqdılar.
44 günlük müharibə ermənilərin bir yarısına dünyanın coğrafi cəhətlərini, əsl müharibənin nə demək olduğunu başa saldı, amma bir yarısı hələ də 1992-93-cü illərin xiffətini çəkirlər, elə bilirlər, o vaxt möhtəşəm döyüşüblər, həmin döyüş ruhunu bərpa etsələr, yenidən bir şey edə bilərlər.
P.S. Belə açıqlamaları oxuyanda adam döyüşçülərimizin (şəhidlərin və qazilərin) necə fantastik bir iş bacardıqlarına bir daha əmin olur.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ