İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə cavabsız qalan suallarımız: 4 və 9-cu bəndlər nə oldu...

Avropa paytaxtlarında keçirilən görüşlərdən narazılığını büruzə verən rəsmi Moskva Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə biganədir; Qarabağdakı qanunsuz silahlı dəstələrin çıxarılması və Naxçıvana yolun açılması barədə vədinə əməl etməyən rəsmi İrəvana təpki göstəriləcəkmi…

Keçən həftəsonunun Güney Qafqazla bağlı mühüm siyasi olaylarından biri də Praqada dördtərəfli Əliyev-Mişel-Makron-Paşinyan görüşündən bir gün sonra Sankt-Peterburqda reallaşan Əliyev-Putin-Paşinyan üçtərəfli təması oldu.

Xəbər verildiyi kimi, Rusiya XİN sözçüsü Mariya Zaxarova Praqa danışıqlarına, daha dəqiqi, Brüssel sülh formatına Moskvanın qısqanc reaksiyasını növbəti dəfə ortaya qoyub. Son sülh müzakirələrini dəyərləndirən rusiyalı tanınmış politoloq Sergey Markedonov isə daha konkret mövqe sərgiləyərək iddia edib ki, Qərb, konkretləşdirsək, ABŞ və Avropa Birliyi regionda təşəbbüsü ciddi şəkildə Rusiyadan almağa çalışır. Ortaya suallar çıxır: bu, belədirmi? Deyək ki, Qərb təşəbbüsü Moskvadan aldı, o halda nə edəcək ki? Yaxud Qərbin Rusiyadan fərqli olaraq, hansısa “bəd niyyəti”mi var? Məgər Qərbin də, Rusiyanın da məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq, müharibəni gündəmdən həmişəlik çıxarmaq deyil? Məsələnin digər tərəfinə də diqqət edək. Xüsusilə Praqa görüşündən sonra rəsmi Moskvanın davranışları narahatlıq doğurur. Əslində Rusiya XİN rəsmisi M.Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin çözülməsi ilə bağlı Praqada Avropa Şurası İttifaqı və Fransa prezidentinin iştirakı ilə keçirilən dörtərəfli görüşdən narahat və narazı olduğunu ilk andaca sezdirdi. Normalda Rusiya gərginliyin ortadan qaldırılmasına yönəlik bütün təşəbbüsləri dəstəkləməli idi, əgər gerçəkdən sülh tərəfdarıdırsa. Amma biz əksini müşahidə edirik. Üstündə Ukrayna boyda yük olan Rusiya ən kritik anlarda belə, Qarabağı, Azərbaycan-Ermənistan münasibətlərini “unutmur”. Erməni silahlıları hələ də Qarabağdadırsa, Zəngəzur dəhlizi indiyədək açılmayıbsa, Rusiya nədən narazıdır? Yəni əgər V.Putinin imzası duran 10 noyabr kapitulyasiya sənədinin ən mühüm bəndləri hələ də icra olunmamış qalırsa, rəsmi Moskvanın narazılığının məntiqi yoxdur... Narazılıq Ermənistandan olmalıdır, bunu da müşahidə etmirik. Söhbət xüsusən də 4-cü və 9-cü bəndlərin həllini tapmamasından gedir. Bir daha xatırladaq: “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasınınbaş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatının 4-cü bəndı: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır".

Sənədin imzalanmasının ikinci ildönümünün tamamına 1 ay qalıb, amma hələ də Qarabağda erməni terrorçuları sərbəst dolaşır, Rusiya sülhməramlılarının gözü qarşısında səngərlər qazır, hərbi texnikalardan istifadə edirlər. Üstəlik, erməni terrorçuları təkcə Laçın istiqamətində 1500-ə yaxın 2021-ci il Ermənistan istehsalı olan mina basdırıb. Rusiya sülhməramlılarının gözləri qarşısında! Hansı ki, rus hərbçilər həmin minaları elə Laçın dəhlizinin girişində aşkarlayıb, müsadirə etməli, terrorçuları Azərbaycana təhvil verməli idi. Bunlar olmadığı halda, Azərbaycan narazı qalmalıdır, Rusiya yox.

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev: “Həmin güclərin hər biri göstərməyə çalışır ki, Ermənistan məhz onun geosiyasi alətidir”

Birgə bəyannamənin 9-cu bəndini xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Bu bənd də kağız üzərində qalıb. Azərbaycan Prezidenti Praqada jurnalistlərə müsahibəsində deyib ki, o, hələ də Nikol Paşinyandan Naxçıvana avtomobil yolu üçün marşrutla bağlı sualına cavab ala bilməyib. “Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk”,- İlham Əliyev söyləyib. Preziden deyib ki, nəqliyyatla bağlı suallar ölkə rəhbərlərinin noyabrdakı Brüssel və XİN başçılarının görüşlərində qaldırılıb və bu ay Brüsseldə baş tutacaq delimitasiya üzrə görüşlərdə də səsləndiriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan isə görüşdən sonra öz Twitter hesabında yazıb ki, Praqada bütün regional kommunikasiyaların blokunun açılması ilə bağlı təklifini bir daha təkrarlayıb və absurd şəkildə Azərbaycanı günahlandırmağa cəhd göstərib. “Azərbaycan yenə də müsbət cavab vermədi. Bir daha deyirəm, Ermənistan suverenliyi və qanunvericiliyinə tam hörmətlə yanaşma şərti ilə bütün regional kommunikasiyaların blokunu açmağa hazırdır”, - Nikol Paşinyan bildirib.

Amma Paşinyan nəinki Zəngəzur dəhlizini açmağa, hətta Laçın ərazisindən çəkilən yeni yolun Ermənistanın ərazisindəki cəmi on km-lik hissəsinin belə tikintisində maraqlı olmadığını nümayiş etdirdi. Göründüyü kimi, üçtərəfli bəyannamənin müddəalarına əməl edilmir. Bu isə bir gün Azərbaycanın səbrinin tükənməsi ilə nəticələnə bilər, bu barədə dəfələrlə xəbərdarlıq edilib.

Ermənistanın öhdəliklərinə əməl etməməsi halında təzyiqlərlə üzləşməməsi isə növbəti təxribatları stimullaşdırır. Buyurun: oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bölgəyə sülhməramlı kontingentini yerləşdirərək stabilliyin təminatını öz üzərinə götürən Rusiyanın susqunluğu bu gedişlə gərginliyi tətikləyə bilər.

Hazırda isə Avropa təsisatları və paytaxtları da hansısa prosesə töhfə verməyə çalışırlar. Rusiya isə nə moderatorluğu ilə əldə olunan razılaşmaya əməl olunmasına səy göstərir, nə də digər təşəbbüslərə dəstək verir. Maraqlıdır, bəs Bakı və İrəvan arasında vasitəçi bolluğu xeyrimizədirmi? Yoxsa rəqabət vəziyyəti əleyhimizə işləyə bilər?

 Deputat Sahib Alıyevin fikrincə, bizim də, Ermənistanın da o xeyrinə olardı ki, iki ölkə arasında sülh anlaşmasının bağlanması ilə bağlı aparılan danışıqlar, əlaqələrin normallaşması ikitərəfli xarakter daşısın: “Azərbaycan bunu istəyir və buna hazırdır. Amma qarşı tərəf isə çox təəssüf ki, hazır deyil, olmayacaq da. Rusiyanın, digər güclərin danışıqlara moderatorluğu, vasitəçiliyinə müsbət yanaşmaması, bunu özünün maraqlarına təhdid sayması da birtərəfli deyil. Digər güclər də Rusiyanın vasitəçilik və moderatorluğuna eyni cür yanaşırlar”.

S.Alıyev hesab edir ki, bu yanaşma səbəbsiz deyil: “Əslində həmin güclərin hər biri bununla göstərməyə çalışırlar ki, Ermənistan məhz onun geosiyasi alətidir, yaxud da olmalıdır. Onların bir-birinə bu qısqanc yanaşmaları məhz Ermənistana olan dırnaqarası sevgilərindən, onu bölüşə bilməmələrindən irəli gəlir. Çox təəssüf ki, bu da regionda sülhün bərqərar olmasını uzadır və təşəbbüsü yenə də Azərbaycanın öz əlinə almasından başqa bizə ayrı yol buraxmır”.

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin  peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi - AZƏRTAC

Elçin Mirzəbəyli: “Qərbin cəhdlərinə Rusiya, Rusiyanın cəhdlərinə isə Qərb mane olacaq”

Siyasi şərhçi Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bizə vasitəçi yox, nəticə lazımdır: “Nəticə üçün isə Ermənistan 10 noyabr bəyanatının müddəalarına və digər razılaşmalara əməl etməli, delimitasiya prosesinin tez bir zamanda başa çatması, sülh müqaviləsinin imzalanmasını üçün qütblərarası uğursuz manevrlərinə son qoymalı, vasitəçiliyə can atanlar isə sülh prosesinə birmənalı dəstək verməli və yalnız beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməlidirlər. İndiki halda isə həm Rusiyanın, həm də Qərbin davranışlarında sülh üçün vasitəçilikdən daha çox rəqabət cəhdləri nəzərə çarpır”.

E.Mirzəbəyli qeyd etdi ki, Qərb mövcud vəziyyətdə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, Azərbaycan ərazilərindəki etnik ermənilər üzərindən uzunmüddətli oyun qurmaq, Rusiya isə həm Ermənistanı, həm də öz sülməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki erməniləri öz təsir dairəsində saxlamaq istəyir. Əslində Qərb də, Rusiya da çox yaxşı başa düşür ki, ayrılıqda bu qütblərdən birinin vasitəçilik cəhdləri üzərindən sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Qərbin cəhdlərinə Rusiya, Rusiyanın cəhdlərinə isə Qərb mane olacaq. Amma Ermənistanın son davranışları, xüsusilə də Avropa İttifaqı və Fransa müşahidəçilərini öz ərazisinə gəlməsinə razılıq verməsi Rusiyanın mövqelərində müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər”.

Analitikin sözlərinə görə, Moskvanın mövqelərinə təsir göstərə biləcək başqa bir mühüm faktor isə Krım körpüsünün partladılması izinin Ermənistandan başlamasıdır: “Düşünürəm ki, indiki halda Rusiyanın Ermənistana təzyiqlərinin artmasına zəmin yarada biləcək amillərin sayı kifayət qədərdir. Həm də bu təzyiqlər ilk növbədə Rusiyanın özünə lazımdır. Əks təqdirdə, Ermənistanda daha ciddi reallıqlarla qarşılaşa bilər. Əslində prosesdə Avropa İttifaqının ayrıca bir təsisat kimi iştirakını nəzərə almasaq, yeni oyunçu, yaxud "vasitəçi" yoxdur. Bu baxımdan, bolluqdan danışmaq doğru olmazdı. Kəmiyyət isə mövcud vəziyyətdə, ümumiyyətlə, keyfiyyət demək deyil. Oyunçuların sayının çoxluğu maraqların, yanaşmaların çoxluğundan xəbər verir".

Praqa görüşündən sonra Ermənistanda danışıqların pozulmasına yönəlik təxribatçı bəyanat və açıqlamaların eşidilməsi ondan xəbər verir ki, işarəni Moskvadan gözləyənlər növbəti dəfə prosesi pozmağı hədəfləyiblər. Üstəlik, eşidilən atəş səsləri də buna şübhə yeri qoymur...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR