Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyanın tanınmış media simalarından biri, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixaıl Qusman vəzifəsindən azad edilib.
Müvafiq sərəncam Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin tərəfindən 24 iyul 2025-ci il tarixində imzalanıb. Rəsmi sənəddə vəzifədən azad edilmənin səbəbi göstərilməsə də, bu qərarın Şuşada keçirilən III Qlobal Media Forumunda Qusmanın iştirakı ilə birbaşa bağlı olduğu ehtimal olunur.
Qusman bu ilin iyul ayında Xankəndi və Şuşada keçirilən Qlibal Media Forumda iştirak etmiş, panellərdən birində çıxış etmiş və Prezident İlham Əliyevə birbaşa sual ünvanlamışdı. O, forum çərçivəsində Azərbaycanın informasiya siyasətinə, beynəlxalq medianın rolu və regionda kommunikasiya mühitinə dair mülahizələrini bölüşmüşdü. Lakin onun bu səfəri və forumda fəal iştirakı Rusiya daxilində, xüsusilə də bəzi siyasi dairələr və Z-bloggerlər tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.
Mixaıl Qusman Azərbaycan əsilli, Bakı doğumlu tanınmış simadır. O, uzun illərdir Rusiya mediasında yüksək mövqelərdə təmsil olunur və Azərbaycanın beynəlxalq media tədbirlərində, xüsusilə də Şuşada keçirilən forumlarda ardıcıl şəkildə iştirak edirdi. Son 4 ildə müxtəlif səviyyələrdə ölkəmizlə bağlı layihələrdə yer alıb, hər il Şuşa forumlarında çıxış edib.
Rusiyanın radikal informasiya mühitində Qusmanın Şuşa səfəri qəzəblə qarşılanıb. Ona qarşı “persona non grata” elan edilməsi, hətta Rusiya ərazisindən çıxarılması ilə bağlı çağırışlar səsləndirilib. Eyni təzyiqlər foruma qatılmış Sergey Markova da yönəldilib. Bu çağırışlar nəinki ictimai narazılıq kimi qalmaqda, artıq siyasi qərara çevrilməkdədir.
Mixaıl Qusmanın vəzifədən uzaqlaşdırılması, xüsusilə hazırkı gərgin Azərbaycan-Rusiya münasibətləri fonunda, sıradan bir kadr dəyişikliyi kimi deyil, açıq siyasi siqnal kimi qəbul olunur. Rusiya rəhbərliyi bu addımı ilə Azərbaycanla media və fikir müstəvisində fərqli baxış sərgiləyən şəxslərə xəbərdarlıq göndərmiş oldu. Şuşa səfəri Qusmanın karyerasına son qoyan səbəbə çevrildi.
Siyasi müşahidəçilər Mixail Qusmanın Azərbaycana göstərdiyi açıq simpatiyanın və rəsmi Bakı ilə yaxın münasibətlərinin Kreml tərəfindən xoş qarşılanmadığını düşünür. Hazırda Rusiya mediasında bu məsələ geniş müzakirə olunur.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ