İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml “Biz hələ bütün silahları işlətməmişik” hədəsini təzələdi

 

Ukraynanın uzağı 2 il vaxtı var; ekspert: “Qarşıda Putini ağır iqtisadi zərbələr gözləyir”

Rusiya Xerson şəhərindən çıxsa da, Ukraynada döyüşlərin dinamikası baxımından qeyri-müəyyənlik hələ qalır. Belə görünür ki, rus ordusu xeyli dərəcədə tükənib, əldən düşüb və böyük bir ərazini nəzarətdə saxlamaq iqtidarında deyil. Amma Rusiya rəsmiləri və KİV-ləri bunu tam etiraf etmirlər.

“Rusiya bütün ağıllı insanlara məlum olan səbəblərdən hələ ki, bütün silah arsenalından istifadə etməyib. Hər şeyin öz vaxtı var”.

Belə bir hədələyici statusu Rusiya Təhlükəsizlik Şurasının katibi, sabiq prezident Dmitri Medvedyev paylaşıb.

Yada salaq ki, bir neçə ay öncə Putin də oxşar sözü demişdi. “Biz hələ heç başlamamışıq...”.

Amma artıq Xersonu geri verməli oldular. Bəs Medvedyev nəyə işarə edir? Rusiyanın Ukraynaya qarşı istifadə üçün hansı arsenalı, silahı qalıb ki? Bəlkə Rusiyada ümumi səfərbərlik elan ediləcək? Yoxsa Putin sülh danışıqları bəhanəsilə müharibəni yaza kimi “dondurmağa” hazırlaşır?

Aydındır ki, Ukrayna və onun arxasında duran ABŞ üçün bu rus ordusunun təzədən toparlanması, yeni silah tədarükü və bölgəyə yeni qüvvələr cəlb eləmək baxımından fürsət anlamına gəlir. Rusiyaya bu şans tanınacaqmı? Bu arada ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces deyib ki, Xersonun azad edilməsi Ukrayna hərbçilərinə Krıma yaxınlaşan ruslara HİMARS ilə zərbə endirməyə imkan verəcək.

“Bu, işğalçıların müdafiəsini zəiflədəcək və işğal dairəsinin daha da azaldılmasına təsir göstərəcək. HİMARS tezliklə Xersondan atəş açacaq. Bu, Rusiyanın müdafiəsini zəiflədəcək, əks-hücumun ”sol qanadı" isə yanvaradək Mariupol və Melitopola çatacaq. Bundan sonra kampaniyanın həlledici mərhələsi başlayır - Krımın azad edilməsi...", - Hoces bildirib.

Siyasi strateq Mixail Şeytelman isə bildirib ki, Ukraynanın Rusiyanın başlatdığı müharibəni bitirmək üçün 2 il vaxtı var. “Dərhal hamımıza xəbərdarlıq edirəm ki, bu müharibəni ABŞ-ın dəstəyi baxımından bitirmək üçün iki ilimiz var. Administrasiya (ABŞ prezidenti - red.) dəyişərsə, burada həqiqətən yeni siyasi uyğunlaşma başlayacaq. Bizim üçün vacibdir ki, hazırkı idarəçiliklə hər şey bitsin”, - Şeytelman qeyd edib.

Azərbaycana qarşı sanksiya hədəsi boşa çıxdı

 Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi ekspert Rəhim Əhmədzadə Rusiyanın qış fəslini seyrçi mövqedə keçirəcəyini bildirdi: “Görünən odur ki, Rusiya Ukrayna müharibəsinə başladığı gündən etibarən istədiklərinə, daha doğrusu əldə etməyi hədəflədiyi məqsədlərinə nail ola bilmir. Əldə etdiklərini də yavaş-yavaş itirməyə başlayıb. Bütün bunlara baxmayaraq Rusiya tamamən tükəndi, bitti demək də mümkün deyil.  Lakin Rusiyanın ”bu hələ son deyil" cümləsini işlətməsini də ilk dəfədir eşitmirik. Müharibə gedişatında bir neçə dəfə ən yüksək dairələrdən “bu son deyil, Rusiyanı məcbur etməsinlər” kimi cümlələri bir neçə dəfə eşitmişik. Bir  məqamı da qeyd edim ki, Ben Hocesin dediyi HİMARS’la zərbə endirmək məsələsini iyun ayında Bayden dilləndirdikdən sonra Medvedevin “bu silahlar Rusiya torpaqlarına qarşı istifadə olunarsa, ordumuzun qərar qəbul olunduğu mərkəzləri vurmaqdan başqa yolu qalmayacaq” tipli açıqlamasını da gördük. Təbii ki, bu mərkəzlər Kiyevdə deyil demişdi.  Eyni zamanda Medvedev Ukraynadakı müharibənin dünyanı nüvə müharibəsinə sürüklədiyini də bildirmişdi. Yəni Rusiya son deyil deyərkən ən çox nüvə silahlarının altından xətt çəkir.

Bir neçə ay öncə Rusiyanın Kosmos Agentliyinin rəhbəri Dmitri Roqozin “Şeytan 2" olaraq da bilinən ”RS-28 Sarmat" raketlərinin görüntüsünü paylaşaraq  Rusiyanın çox yaxında 50 Sarmat raketinə sahib olacağını bildirmiş,  Rusiya ilə daha nəzakətli danışmağı tövsiyə edirəm demişdi.  Həmçinin Roqozin bildirmişdi ki, Rusiya ordusunun da “Şeytan 2" kimi xarakterizə etdiyi ”RS-28 Sarmat" raketləri payızda istifadə edəcək. Artıq payız bitir, qışa doğru addımlayırıq. Rusiya nə tam səfərbərlik qərarı verməyib, nə də bu qədər dilə gətirməsinə baxmayaraq nüvə silahından istifadənin hazırlığında deyil. Putin administrasiyası Avropanın qışı necə keçirəcəyini seyr etmək istəyir. Əgər qışda istədiklərini ala bilməsə yaza qədər bütün ordusunu yenidən mobilizasiya edərək yaz aylarında böyükmiqyaslı müharibəyə başlayacaq. Bu əməliyyatlar isə ümumi nəticəyə təsir edəcək.  İstədiklərinə yenə nail ola bilməsə, bu və ya digər şəkildə məsələnin danışıqlar masasında həll olunmasına can atacaq".

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

 Niyaməddin Orduxanlı 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Rusiya-SSRİ müqayisəsi etdi: “Rusiya dünyanın silah istehsal edən və ən çox nüvə başlığına sahib olan ölkəsidir. Rusiyanın nüvə silahı ilə bağlı müqayisə edim. 8 ölkənin nüvə silahını bir yerə cəmləşdirəndə Rusiyanın nüvə silahı qədər edir. Yəni 6000-ə yaxın tək Rusiyanın nüvə başlığı var. Həmçinin də uzaq hədəfləri vuran, 1000 km məsafəni məhv edən raket sistemlərinə sahibdir. İsgəndər raketləri mövcuddur və s. Rusiya Təhlükəsizlik Şurasının katibi, sabiq prezident Dmitri Medvedev Ukraynada gedən müharibə ilə bağlı verdiyi açıqlamasında ”Biz hələ heç başlamamışıq..." mesajı Rusiyanın daha ağır silahlardan, o cümlədən də nüvə başlığına malik olan raketlərindən istifadə edəcəyini işadə edirdi. Medvedev nəyə işarə edir? Rusiyanın Ukraynaya qarşı istifadə üçün hansı arsenalı, silahı qalıb ki tipli suallara cavab olaraq bildirirəm ki, Rusiya, yəni Putin İsəndər-400, İsgəndər-300 və ya kasetli bombalarında, Toçka U raket komplekslərindən hər zaman istifadə edə bilər. Həmçinin də nüvə başlığından istifadə edə bilər. Yəni, Putin Ukraynaya nüvə atar. Amerika bu gün Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəmir. Müharibənin bir günü Putin üçün milyonlarla dollara başa gəlir. Ağır sanksiyalar altında olan Rusiya üçün müharibənin uzun müddət davam etməsi çox böyük zərbə deməkdir. Amerika bu vəziyyətin davam olunmasında maraqlıdır. Rusiya təzəlikcə qismən səfərbərlik elan edib. Rəsmi məlumata görə 300 min şəxsi heyəti müharibəyə cəlb edib. Ancaq qeyri-rəsmi məlumata görə, bir milyon şəxs cəlb olunub. Əsgəri baxımından da Rusiyanın çətinliyi olmayacaq. Ukrayna ordusu tərəfindən Xersonun azad olunması, Ukrayna üçün böyük uğurdur. Ancaq müharibədə hər an vəziyyətin dəyişməsi istisna edilmir. ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces Xersonun azad edilməsini Ukrayna hərbçilərinə Krıma yaxınlaşan ruslara HİMARS ilə zərbə endirməyə imkan verəcək. Və ya Mixail Şeytelmanın “Ukraynanın Rusiyanın başlatdığı müharibəni bitirmək üçün 2 il vaxtı var” fikirləri qeyd etdiyim kimi, Ukrayna-Rusiya müharibəsinin hələ uzun müddət davam etməsi anlamına gəlir. ABŞ Rusiyaya demək istəyir ki, ən azından 2 il müharibəni davam etdirəcəyik. Yəni qarşıda Putini ağır iqtisadi zərbələr gözləyir. Amerika vaxtı ilə SSRİ-ni də müharibəyə cəlb etməklə dağıtdı...".

Ayağımız altındakı “ölüm tələləri” - Ərazimiz minalardan neçə ilə  təmizlənəcək?

 Şəhla Cəlilzadə 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiya üçün qırmızı xətt olan əraziyə diqqət çəkdi: “Medvedev noyabrın əvvəlində etdiyi paylaşımda bildirib ki, Rusiyanın ”xüsusi əməliyyat" nəticəsində ilhaq etdiyi torpaqlar Ukrayna tərəfindən geri alınarsa, yəni ukraynalılar ruslara qalib gələrsə, ən son anda Rusiya nüvə silahından istifadə edə bilər. Rusiyanın əslində NATO, yəni kollektiv Qərblə mübarizə apardığını qeyd edən siyasətçi hazırda buna ehtiyac olmadığını, Rusiyanın guya mülki şəxslərin həyatına maksimum ziyan vurmadan əməliyyatlara davam etdiyini vurğulayaraq, əslində Rusiyanın Ukraynada məğlub olma ehtimalının üzərindən xətt çəkir. Şeytelmanın bildirdiyi 2 il müddəti də məhz Qərbin Ukraynaya sonsuz dəstəyinin davam edəcəyi müddətə işarədir. Ukraynanın Rusiyaya qarşı güclü duruşunun, Xerson başda olmaqla bir sıra işğal edilmiş ərazilərini geri qaytara bilməsinin səbəbi də məhz Qərbin olduqca güclü dəstəyi, xüsusilə, bir ay öncə ABŞ-da qəbul edilmiş Ukraynaya yardım göndərilməsini daha da asanlaşdıran və artıran yeni Lend-Liz qanunudur. Bu qanun Parlamentin razılığına ehtiyac olmadan Prezidentin Ukraynaya hərbi yardım etmə səlahiyyətini təyin edir. 2024-cü ilin yanvar ayında ABŞ-da yeni prezident vəzifə başına gələcək. Bu, böyük ehtimalla Respublikaçıların nümayəndəsi olacaq. Artıq noyabrın 8-i bildiyimiz kimi respublikaçılar Parlamentdə üstünlüyü ələ aldılar. Onların nümayəndəsi, biz hakimiyyətə gəlsək Ukraynaya heç bir yardım göstərməyəcəyik deyə bəyanat verib. Qərbin sanksiyalarının təsiri bumeranq effekti ilə elə sadə Qərb vətəndaşlarının həyatına mənfi təsir göstərdiyi üçün, və digər siyasi səbəblərlə respublikaçılar belə bir bəyanat ilə çıxış edirlər. Beləliklə, qarşıdakı bir il ərzində, yəni 2023-cü ildə Ukraynalılar öz torpaqlarının nə qədər hissəsini azad edə bilsələr azad edəcəklər, qalan hissəsi isə uzun müddət Rusiya işğalında qalmağa məhkum olacaq. Təxmin edirəm ki, Medvedev Krımın tutulmasını Rusiyanın qırmızı xətti hesab edir. Əgər Krım Ukrayna tərəfindən geri alınarsa, Rusiya arsenalının ən sona saxladığı silahlarından istifadə edə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR